Azərbaycanca

Yanmış Qarabağ…

15.05.2012 | 10:28

1337062732_nezir_memmed_11Nəzirməmməd Zöhrablı

Uzun müddət torpaqlarımızı işğal altında saxlayan ermənilər deyəsən, yeni sevdaya düşüblər. İndi əsarətdə olan şəhər və kəndlərimizin külünü göyə sovurmaqla məşğuldurlar. Özü də problemi həll etmək iqtidarında olan və bu missiyanı öz üzərinə götürən super güclərin gözlərinin qarşısında.

 

 

Biz isə “Qarabağ tonqalları”nı soyuqqanlıqla müşahidə edən həmin super güclərdən mərhəmət hissləri gözləməkdə davam edirik. Amma insafən onları bu soyuqqanlı müşahidəçiliyə görə qınamağın özü də məsələyə tam obyektiv yanaşma kimi qəbul edilməməlidir. Axı Qarabağda yandırılıb məhv edilən onların deyil, bizim tarixi-mədəni abidələrimizdir.

 

Ötən gün məlumat verildi ki, ermənilər bu yanğınları elə-belə, çalınıb-yığılmadığından quruyan biçənəkləri zərərsizləşdirmək məqsədilə törətmirlər. Ermənilər şüurlu şəkildə bizim tarixi-memarlıq nümunələrimizə divan tuturlar. Baxmayaraq ki, türklər tarixdə yaratdıqları çoxsaylı  imperiyaları dövründə heç bir xalqın müvafiq abidələrini, arxivlərini məhv etməmişdilər. Çünki bu addımın vəhşilik olduğunu türk əsgərinə anlatmaq, onun yadına salmaq, ona öyrətmək artıq bir iş idi. Türk əsgərinin ruhuna və qanına bu vəhşilik əməlləri ilə əkslik, ziddiyyət təşkil edən bir tendensiya hakim kəsilmişdi. Onda qəhrəmanlıq da var idi, mərhəmət də, tarixə, mədəniyyətə, insana, qocaya, körpəyə, qadına hörmət hissi də…

 

Ermənilər kəndlərimizi yandırırlar. Bu kəndlər babalarımızın bizə əmanətidir. Ermənilər əmanətlərimizi yandırırlar. Qalalarımızı yandırırlar. Əsrlərlə düşmən qarşısında sipər olan qalalarımızı. Qəbristanlıqlarımızı yandırırlar. Qeyrətli babalarımızın uyuduğu məzarlıqlarımızı… Hərəsinin arxasında bir tarixi gerçəklik, əbədiyaşar missiya var bu daş kitabələrin.

 

Bu daş kitabələrin harayına, çığırtısına səs verən yoxdur. Amma bu harayı seyr edənlərimizin sayı milyonlarladır. Beynəlxalq təşkilatlarda keçirilən seminarlara dikilib onların nəzər-diqqəti. Bu seminarlardan gözləyirlər Qarabağı. Həmin seminarlara ermənilər də qatılır. Yurd yerlərimizə divan tutan ermənilər. Onlar da Qarabağı seminarlar vasitəsilə alacaqlarına ümidlidirlər. Ancaq bu istək bizim istəyimizdən kəskin şəkildə fərqlənir. Daha doğrusu, onların istəyinin bu seminar-treninqlər vasitəsilə baş tutması daha real və ağlabatan görünür. Çünki onlar almaq deyəndə yalnız hüquqi baxımdan rəsmiləşdirməyi nəzərdə tuturlar. Bunu dəfələrlə beynəlxalq səviyyəli tədbirlərdə bəyan ediblər. Biz hələ də nədənsə, ümidimizi itirmirik. Bilmirəm, bu ümidsizlik bəlkə də qorxaqlığımızdan irəli gəlir. Amma deyirlər ki, Qarabağ torpaqlarında uyuyan, indi məzarı üstündə tonqal qalanan babalarımız belə qorxaq olmamışdılar…

 

Verilən informasiyalar içində diqqəti çəkən bir məqam da var. Rəsmilərimiz ermənilərin odlara qaladığı yurd yerlərimizdəki yanğınların işğal altında olmayan ərazilərimizə də adlayacağından ehtiyatlanırlar. Hətta bunun qarşısını almaq üçün keşikçi dəstələri də təşkil ediblər. Bəs işğal altında yandrılanlar?! Görəsən, cəbhə xəttindən o tayda yanan doğrudanmı artıq Vətən deyil?!.

 

 

15.05.2012 10:28

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*