Azərbaycanca

Yanvarın qurbanı Yanvar…

18.01.2014 | 16:27

1390047829_111111111111O zaman hamı bir nəfər üçün, bir nəfər hamı üçün idi

 Uzaq mənzil, acı yol,

Yolu yol, əlacı yol!

Şəhidlərə bacı ol,
Ağla, qərənfil, ağla!
 

Bu gün 1990-cı ildə Bakıda baş vermiş dəhşətli 20 Yanvar faciəsindən 24 il ötür. İllər nə qədər hadisənin baş verdiyi gündən bizi uzağa aparsa da faciənin vurduğu ağrı-acı unudulmur. Vətən uğrunda qanlarını tökmüş şəhidlərimizin ruhu hələ də məzarda rahat uyuya bilmir.

Qanlı Yanvar faciəsinin qurbanlarından biri də Nəsirov Yanvar Şirəli oğludur. Məlumat üçün qeyd edək ki, Nəsirov Yanvar Şirəli oğlu 1957-ci il yanvarın 1-də Ağdam rayonunun Gülablı kəndində anadan olub. Elə yanvar ayında anadan olduğuna görə də ona valideynləri Yanvar adını vermişdilər. Amma hardan bilərdilər ki, yanvar ayında anadan olan Yanvar elə yanvar ayında da cavan yaşında həyatla vidalaşacaq. Yanvar Nəsirov ailəli idi. Canını Vətəninə fəda edən zaman onun yaş yarımlıq bir oğul övladı vardı.Yanvarın qurbanı Yanvar...

Yanvar Nəsirovun həyat yoldaşı Almara Nəsirova hazırda Bakı Dövlət Universitetində çalışır. Almara Nəsirova 20 Yanvar hadisələri zamanı yaşadığı faciəni “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına danışıb.

Almara Nəsirova Qanlı Yanvar faciəsindən əvvəl də ölkədə vəziyyətin gərgin olduğunu bildirib: “20 Yanvar hadisələrinin baş verməzdən əvvəl də Azərbaycanda vəziyyət gərgin idi. Bu gərginlik 1989-cu ildən başlamışdır. Bütün insanlar Azadlıq meydanına yığışırdı. Xalqın taleyinin necə olacağı hər kəsi narahat edirdi. Hər kəs nələrin baş verə biləcəyindən xəbərsiz idi. Heç kəsin baş verən hadisələrdən xəbəri yox idi”.

Atasına güllə dəydiyini övladım hiss etmişdi…

Almara xanım həmin faciəli günü bu cür xatırlayır: “Həmin gün Yanvar yenə də işdən gəldikdən sonra Azadlıq meydanına getdi. Bu, sanki bir vərdişə çevrilmişdi. Hamı Azadlıq Meydanına yığışırdı. Xalqın taleyi hər kəsi narahat edirdi. O zaman mənim övladım da körpə idi və axşam düşənə yaxın dayanmadan ağlayırdı. Mən uşağı sakitləşdirib yatızdırdım. Axşam qəfildən uşaq yuxudan ayılıb hönkürtü ilə ağlamağa başladı. Mən də uşağı sakitləşdirirdim ki, ağlamasın. Mən hadisə baş verəndən sonra bildim ki, uşaq ağlayan zamanda onun atasına güllə dəyib. Ona OLİMP mağazasının qarşsında güllə dəymişdi və yerə yıxılmışdı. O anda uşaq yuxudan ayılıb ağlamışdı, elə bil uşağa ayan olmuşdu ki, onun atasını vurublar (Hadisəni danışan zaman Almara xanım göz yaşlarını gizlədə bilmir. 24 illik müddət o gün yaşadığı ağrı-acını ona  unutdura bilməyib…) Həmin gün Yanvarla birlikdə avtobusla onlarla insan getmişdilər. Vəli adında qonşumuz vardı, o yığıb aparırdı onları. Hər axşam yığışıb gedirdilər. Həmin gün avtobus gedən müddətdə Yanvar avtobusa gecikib çox çətinliklə saxlatdırıb ki, mən də getmək istəyirəm. Ona bildiriblər ki, getmə körpə övladın var. Deyib ki, yox mən də getməliyəm, məni də aparın. Beləcə hamısı yığışıb getmişdilər”.

Almara xanım həmin gün Yanvardan çox nigaran qaldığını bildirib: “Onlar gedən müddətdə hadisələr hələ başlamamışdı. Onlar gündüzdən getmişdilər. Onunla birlikdə gedənlərin hamısı yavaş-yavaş qayıdıb gəlirdilər. Əlaqə saxlamaq üçün də heç bir əlaqə vasitəsi yox idi. O gün səhərə kimi narahatlıq içində onu gözlədik. Qardaşı səhərə kimi Yanvarı axtarırdı. Qohum əqrəba hamısı yığılıb gəlmişdi. O bilirdi ki, mən çox narahat insanam, harda olsaydı özünü mütləq çatdırardı. Mən artıq hiss edirdim ki, ona nəsə olub. Səhərə kimi bütün xəstəxanaları axtardıq tapa bilmədik. Sonra yenə də axtarışlarımız davam etdi və tapdıq. Güllə ürəyini dəlib keçmişdi. Biz istədik ki, o zaman Yanvarı anadan olduğu Ağdam rayonun Gülablı kəndində dəfn edək. Sonra dövlət nümayəndələri bildirdilər ki, bunlar Vətən uğrunda şəhid olublar və hamısı bir yerdə Dağüstü parkda dəfn olunacaqlar”.

O zaman hamı bir nəfər üçün, bir nəfər hamı üçün idi…

Almara xanım həmin zamanlarda xalqın milli birliyinin indikindən daha möhkəm olduğunu deyir: “Kaş ki xalqın o zamankı birliyi indi olardı. O zaman hamı bir nəfər üçün, bir nəfər hamı üçün idi. İndi xalqımızda əvvəli birlik yoxdur.

Yanvar vətənpərvər insan idi, anaya, bacıya, vətənə can yandıran insan idi. Ürəyi vətən sevgisi ilə döyünürdü. Anadan olduğu kəndi çox sevirdi. Məzuniyyət vaxtı çatan kimi kəndə anasına baş çəkməyə gedirdi”.

Yanvarın qurbanı Yanvar...Yanvar nə üçün getdi?!

Almara xanıma belə bir sual ünvanladıq ki, bəlkə Yanvar bəy getməyəydi? Nə üçün getdi? Almara xanımın sualımıza bu cür cavab verdi: “Azərbaycan onun da vətəni idi. O da getməsə kim gedəcəkdi?! Amma qismət Allahındır. O zaman hər kəs vətən üçün canını verməyə hazır idi. Demək olar ki, kənarda qalan heç bir insan yox idi. Bu bizim vətənimizin başı üzərini almış qara buludlar idi. Hər kəs bu hadisələrlə maraqlanırdı.  Hər kəs hadisələrin sonunun necə bitəcəyini gözləyirdi. Onunda qəlbində vətən sevgisi olduğunda bu hadisələr onu da narahat etməyə bilməzdi”.

“Nə qədər ki Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayıb şəhidlərimzin ruhu rahat olmayacaq. Bu gün də şəhidlərimizin qanı yerdədir. Hər kəs bilir ki, bizim əsas düşmənimiz kimdir. Hamıya məlumdur ki, 20 Yanvar hadisələrinin arxasında kimlər dayanırdı” yaşlı gözləri, titrək səsi ilə Almara xanım bu sözləri ifadə edərək, sanki həmin günü yenidən yaşayırdı.

“Övladımda Vətən uğrunda canını fəda etməyə hazırdır”…

Almara xanım ailə başçısını vətən yolunda itirib və övladını təkbaşına, min bir əziyyətlə böyüdüb, boya-başa çatdırıb. Bütün çəkdiyi əzablara baxmayaraq, Almara xanım övladının vətəni üçün canını fəda etməyə hazır olduğunu bildirdi: “Mənim övladım da həmin vətənpərvər atanın övladıdır. O da atası kimi çox vətənpərvər insandır. O da atası kimi vətən yolunda canını fəda etməyə hazırdır. Mən vətən yolunda ailə başçımı itirsəm də heç vaxt övladımı  qeyri-vətənpərvərlik hissi ilə böyütməmişəm. Bunu heç vaxt edə bilməzdim. Mənim övladım da atası kimi vətənpərvərdir”.Yanvarın qurbanı Yanvar...

“ Qanlı 20 Yanvar faciəsi Azərbaycan xalqının vətənpərvərlik hissini, mübarizə əzmini boğa bilmədi. İllər keçsə də yenə də bu hiss ölmədi. Azərbaycan xalqı torpağına bağlı bir xalqdır. Dövlətimiz torpaqlarımızın qaytarılması ilə bağlı çox böyük siyasət yürüdür. Bu gün o torpaqlar üçün ürəyim parçalanır. Çünki o torpaqların hər nazını, nemətini görüb indi onun həsrəti ilə yaşamaq çox çətindir. Bu hissi yaşamayan insan bilə bilməz”.

 Ürək yanğısı ilə söylənilən bu sözlər Almara xanımın necə vətənpərvər bir Azərbaycan qadını olduğunu bir daha sübut edir.

Torpaqlarımızı geri qaytaracağımız gün şəhidlərimizin də qanını almış olacağıq!!!

Qərənfil – şəhid qanı,
Ağla, qərənfil, ağla!
Ağla, inlət meydanı,
Ağla, qərənfil, ağla!

 

 

Sevda Qurbanqızı

 

“KarabakhİNFO.com”

– See more at: http://karabakhinfo.com/sahidler/2444-yanvarn-qurban-yanvar.html#sthash.8Tt6Q9Pa.dpuf

18.01.2014 16:27

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*