Azərbaycanca

Yaqub Mahmudov: “Kiyev şəhərində gizli yollarla xəritə hazırlatdırdıq” – EKSKLÜZİV

30.01.2015 | 16:39

 

aqAMEA-nın müxbir üzvü, Dövlət mükafatı laureatı, AMEA-nın Tarix İnstitutunun direktoru, Bakı Dövlət Universitetinin kafedra müdiri Yaqub Mahmudov ilə müsahibəni təqdim edir.

 

 

Yaqub müəllim, Azərbaycan Respublikası “Milli Atlas”ının nəşrini redaksiya heyətinin üzvü və bir tarixçi kimi nəcə qiymətləndirirsiniz?

 

 

 

– “Milli Atlas”ın nəşr olunaraq xalqa təqdim olunması milli dövlətçilik tariximizin çox mühüm hadisəsidir. Bu, ölkəmizin tarixində təkcə nəşriyyat işi sahəsində əldə olunmuş nailiyyət kimi qiymətləndirilməməlidir. “Milli Atlas” həm də xalqın tarixi keçmişinin, onun dövlət müstəqilliyinin dərin və mükəmməl elmi əsaslarla təsdiq olunaraq dünyaya təqdim olunmasıdır. Xalqın zəngin tarixini və dövlətin müstəqilliyini təsdiq edən ən qiymətli ilk mənbədir. Bu baxımdan müstəqil Azərbaycan dövlətinin “Milli Atlas”ının nəşr olunması gələcək nəsillərimizdən ötrü elmin bütün sahələrini əhatə edən çox qiymətli ilk mənbənin həyata vəsiqə alması deməkdir.

 

 

“Milli Atlas”ının nəşri, bütün yuxarıda göstərilənlərlə yanaşı, çox mühüm tarixi hadisədir. Bu qiymətli nəşr, hər şeydən əvvəl, Azərbaycan xalqının 5000 illik dövlətçilik tarixinin müstəqil dövlətimiz tərəfindən xəritəçilik sahəsində yenidən dirçəldilməsi deməkdir. Milli Atlas bu baxımdan, həm də böyük intibah hadisəsidir, daha doğrusu, Böyük Azərbaycan İntibahının böyük uğurudur.

 

 

“Milli Atlas”ın nəşrinin nə qədər böyük dövlətçilik hadisəsi olduğunu, mühüm tarixi əhəmiyyətə malik olduğunu dərk etmək üçün yaxın 200 illik tariximizin reallıqlarını göz önünə gətirmək kifayət edərdi. Tarixi reallıq bundan ibarətdir ki, Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri nəticəsində ikiyə bölünmüş Azərbaycanın, sonralar isə dəfələrlə bölüşdürülmüş Şimali Azərbaycanın tarixi, xüsusilə dövlətçilik tariximiz xəritəşünaslıq sahəsində də amansızcasına təhrif olunmuş və saxtalaşdırılmış, Azərbaycan siyasi varlığı, qədim və zəngin dövlətçilik tariximiz xəritələrdə də yox edilmişdir. Həm çar Rusiyasında, həm sovet-bolşevik hökmranlığı zamanı, həm də İranın mürtəce şahlıq rejimi dövründə Azərbaycan tarixinə dair xəritələrin, tarixi dövlətlərimizin xəritələrinin çap olunması yasaq olunmuşdu. Bu sahədə ayrı-ayrı ziyalılarımız tərəfindən edilən təşəbbüslər də sərt təqiblərlə qarşılanmış, istənilən nəticəni verməmişdi. Bu gün ölkəmizdə istifadə olunan Azərbaycan tarixi xəritələrinin nəşr olunması tarixi də bunu aydın sübut edir.

 

 

– Bu sahədə ilk təşəbbüs nə vaxt göstərilib?

 

 

– Azərbaycanın tarix xəritələrinin nəşr olunması üçün ilk təşəbbüs ötən əsrin 60-cı illərinin sonunda edilmişdi. O zaman “Azərbaycan Sovet Ensiklopediyası”nın nəşrinə başlanılması ilə bütün dövrlər və sahələr üzrə, o cümlədən tarix sahəsində çoxsaylı xəritələrin nəşr olunması zərurəti yarandı. Xüsusilə, tarix sahəsində xəritələrin nəşri həm Azərbaycan SSR-in öz daxilində, həm də Moskvada çox ciddi maneələrlə, daha doğrusu, sözün əsl mənasında, süngü ilə qarşılandı. O zaman bizim öz xəritə fabrikimiz yox idi.

 

 

Zaqafqaziyanın və SSRİ-nin bütün xəritə fabrikləri erməni millətçilərinin inhisarında idi. Həmin dövrdə biz ilk Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru Rəsul Rzanın prinsipial mövqeyi sayəsində ilk tarix xəritələrimizi Ukraynanın paytaxtı Kiyev şəhərində nəşr etdirib ölkəyə gətirə bildik. Lakin Moskva və İrəvanla sıx əlaqə saxlayan öz dönüklərimiz xəritələrin çapına, onların həm də Azərbaycan Sovet Ensiklopediyasına daxil olmasına imkan vermədilər. 1972-ci ildə biz müvafiq orqanlardan icazə almadan, demək olar, gizli yolla Kiyev şəhərində kütləvi tirajla nəşr etdirdiyimiz xəritələri “Azərbaycan SSR Xəritələri” adı ilə broşür halında nəşr etdirdik. Və dərhal ağır təqiblərə məruz qaldıq, broşürları satışdan da çıxartdılar. Lakin ulu öndər Heydər Əliyevin sayəsində gözlənilən sərt cəzalardan yaxa qurtara bildik.

 

 

Məhz dahi Heydər Əliyev hələ ötən əsrin 60-70-ci illərində bizim ilk «Azərbaycan tarixi» atlası yaratmaq təşəbbüşlərimizi müdafiə etdi, bizi o dövrün real təqiblərindən xilas etdi. Məhz ulu öndərin rəhbərliyi altında müstəqillik dövründə son 200 illik tariximizin yenidən yazılması, dövlətçilik tariximizin yenidən dirçəldilməsi sahəsində böyük uğurlar qazanıldı.

 

 

– Yaqub müəllim, “Milli Atlas”a nəçə xəritə daxil edilib?

 

 

– Ulu öndərin əsasını qoyduğu Tariximizin Dirçəliş Konsepsiyasını uğurla davam etdirən və yaradıcılıqla inkişaf etdirən prezident İlham Əliyev bütün itirilmiş tarixi torpaqlarımızın, o cümlədən Zəngəzurun, İrəvan xanlığı tarixinin yenidən yazılmasını, bütün bu torpaqlarımızın tarixinin dərsliklərimizə daxil edilməsini, ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi və xalqımıza qarşı törədilmiş soyqırımları tarixinin daha dərindən araşdırılmasını tarixçilər qarşısına mühüm vəzifə olaraq qoymuşdur. Məhz ölkə başçısının göstərdiyi dövlət qayğısı sayəsində 2007-ci ildə Azərbaycan tarixində ilk dəfə olaraq Tarix İnstitutu (Tİ) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) ilə birlikdə “Azərbaycan Tarixi Atlası”nı nəşr etdirmişdir.

 

 

Azərbaycan dövlətinin başçısı İlham Əliyevin sərəncamı və birbaşa qayğısı ilə nəşr olunan “Milli Atlas”ına Azərbaycan tarixinə dair 70 xəritə daxil edilmişdir.

 

 

“Milli Atlas”ının tarix xəritələri bizim qədim dövlətçilik ənənələrimizi olduqca parlaq şəkildə sübut edir. Atlasa ən qədim dövrlərdən başlayaraq dünyanın müxtəlif ölkələrində nəşr olunmuş və Azərbaycan varlığını, bizim ən qədim torpaqlarımızı, ərazimizi, dövlətlərimizin sərhədlərini əks etdirən 15 xəritə daxil edilmişdir. Atlasa daxil edilmiş bütün xəritələrdə ən qədim tarixi dövrlərdən bu günümüzədək bütün Azərbaycan dövlətləri, bu dövlətlərin əhatə etdiyi ərazilər, tarixi sərhədlərimiz öz dolğun əksini tapmışdır. Bu baxımdan “Milli Atlas”ın tarix xəritələri ayrı-ayrı tarixi dövrlərdə tarixi keçmişimizlə bağlı yol verilmiş və xüsusi məqsədlərlə həyata keçirilmiş bütün saxtalaşdırmaları, təhrifləri rədd edir, bugünkü və gələcək nəsillərə real tarixi həqiqəti təqdim edir.

 

 

 

– Bu xəritələrdə Ermənistan barədə də hər hansı bir məlumat varmı?

 

 

– “Milli Atlas”, o cümlədən həmin atlasa daxil edilmiş Azərbaycan tarixi xəritələri sübut edir ki, müasir Ermənistan Respublikası adlanan dövlət Azərbaycan torpağında yaradılmışdır. 1918-ci ilin 29 mayınadək Cənubi Qafqazda erməni dövləti olmamışdır. Ermənilər Azərbaycan torpaqlarına çar Rusiyası tərəfindən XIX yüzilliyin əvvəllərində köçürülüb gətirilmişlər. “Milli Atlas”a daxil edilmiş “Azərbaycan xanlıqları (XVIII əsrin II yarısı)”, “Qarabağ xanlığı (XVIII əsrin II yarısı)”, “İrəvan xanlığı (XVIII əsrin II yarısı)”, “Naxçıvan xanlığı (XVIII əsrin II yarısı)”, “Şimali Azərbaycanın Rusiya imperayası tərəfindən işğalının başlanması (1801-1813-cü illər)”, “Şimali Azərbaycanın Rusiya imperiyası tərəfindən işğalının başa çatdırılması (1826-1828-ci illər)”, “İrəvan quberniyası (XIX əsrin II yarısı- XX əsrin əvvəlləri)”, “Şimali Azərbaycanın inzibati-ərazi bölgüsü (XIX əsrin II yarısı- XX əsrin əvvəlləri)”, “Yelizavetpol quberniyası (XIX əsrin II yarısı- XX əsrin əvvəlləri)” və o cümlədən qədim, antik, orta əsrlər və yeni dövrlərdə dünyanın bir çox ölkələrinin alimləri tərəfindən tərtib olunmuş və atlasa daxil edilmiş 15 xəritə də bütün tarixi reallıqları əks etdirir. Bu baxımdan “Milli Atlas”ı tarixi həqiqəti bərpa edir, ermənilərin guya Cənubi Qafqazın “aborigen əhalisi” olmaları barədəki saxtakarlıqları, uydurmaları rədd edir, bu istiqamətdə dünya xəritəşünaslığında elmi həqiqəti bərpa edir.

 

 

“Milli Atlas”ın 57-ci və 60-cı səhifələrində verilmiş «Azərbaycanlılara qarşı ermənilərin törətdikləri soyqırımlar (1918-1929-ci illər)”, “Ermənistanda etnik təmizləmə və Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü (1948-1953, 1988-1993-cü illər)”, “Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan Respublikasının əraziləri (1988-1993-cü illər)” adlı xəritələr ermənilərin Azərbaycanda və Şərqi Anadoluda müsəlman əhaliyə qarşı həyata keçirdikləri soyqırımlarına həsr olunmaqla sərsəm “Böyük Ermənistan” uydurmasının əsl mahiyyətini və çirkin niyyətini sübut edir. Bu baxımdan “Milli Atlas”ımız müharibə şəraitində olduğumuz müasir mərhələdə, həm də, ölkəmizin erməni təcavüzkarlarına qarşı informasiya müharibəsində çox gərəkli və güclü mübarizə silahıdır.

 

 

– Yaqub müəllim, atlasa daxil edilmiş digər xəritələr barədə…

 

 

– “Milli Atlas” bütövlükdə Azərbaycan elminin, Milli Elmlər Akademiyasının böyük uğurudur. Atlasa daxil edilmiş “Xəzər dənizi”, “Geoloji quruluş və yer təkinin ehtiyatları”, “Səth suları və hidroloji şəraitlər”, “Relyef və geomorfologiya”, “İqlim və aqroiqlim ehtiyatları”, “Torpaq və torpaq ehtiyatları”, “Bitki örtüyü”, “Sənaye”, “Əhali”, “Landşaftlar”, “Kənd təsərrüfatı”, “Heyvanlar aləmi”, “Sosial mühit”, “Təhsil, mədəniyyət, idman” və “Turizm” bölmələrinə dair xəritələr AMEA-nın elmi-tədqiqat institutlarında aparılan gərgin elmi araşdırmaların, elmi-təşkilati işin çox dəyərli nəticəsi və böyük nailiyyətidir. Atlas müasir mərhələdə Azərbaycanın dövlət sərhədlərini, inzibati-ərazi bölgüsünü, təbii-iqtisadi sərvətlərini əks etdirən olduqca qiymətli faktlarla zəngin olan çox qiymətli ilk mənbədir.

 

 

“Milli Atlas”ı müasir Azərbaycan kartoqrafiyasının böyük nailiyyətidir. Atlasın ərsəyə gəlməsi üçün DTXK-də olduqca gərgin iş aparılmışdır. Bu çətin və şərəfli dövlət işini uğurla başa çatdırmaq üçün DTXK, demək olar ki, ölkənin bütün elmi və dövlət strukturlarının potensialını səfərbərliyə ala bilmişdir. Xüsusilə, tarix xəritələri üzərində işləyərkən Tİ alimləri ilə DTXK-nın mütəxəssisləri arasında işgüzar əməkdaşlıq mühiti yaranmışdır. Həm Tİ-də, həm də DTXK-də çoxsaylı müzakirələr keçirilmiş, akademik Qərib Məmmədovun təşəbbüsü və köməkliyi ilə tarixçilər lazımi kartoqrafiya materialları ilə təmin olunmuşdur.

 

 

“Milli Atlas” sübut edir ki, yaxın keçmişdə xəritə fabriki olmayan, bu sahədə SSRİ-nin ermənilərin inhisarında olan xəritə fabriklərindən tam asılı vəziyyətdə olan Azərbaycanda – müstəqil Azərbaycan Respublikasında xəritəşünaslıq nə qədər yüksək inkişaf etmiş, qabaqcıl elm-peşə sahəsinə yüksəlmişdir. Bu gün Azərbaycanımızın “Milli Atlas”ı kimi çox mürəkkəb nəşri yüksək poliqrafik səviyyədə ərsəyə gətirmək bacarığına malik olan xəritəşünasları var, öz xəritə fabrikimiz var.

 

 

“Milli Atlas”ının işıq üzü görməsi ölkəmizin həyatında, dövlətçilik tarixində çox əlamətdar hadisədir. Bu, Azərbaycan elminin, başda Akademiyamızın prezidenti akademik Akif Əlizadə olmaqla akademiya elminin böyük nailiyyətidir. Bu nəşrin ərsəyə gəlməsində, müstəqil dövlətimizin “Milli Atlas”ının xalqımıza təqdim olunmasında xidməti olanların hamısını, xüsusilə, akademik Qərib Məmmədov başda olmaqla DTXK-nın əməkdaşlarını və əlbəttə, bu işdə böyük əməyi olan tarixçilərimizi təbrik edirəm.

 

 

 

 

 

Lətif ŞAMXAL
“KarabakhİNFO.com”

 

 

30.01.2015 16:39

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*