Azərbaycanca

“Yaralı əsgərin anası həkimə dedi ki, oğlumu tərxis etməyin, sağalan kimi döyüşə qayıdacaq”

18.08.2014 | 16:30

felestin eliyev44İyul-avqust aylarında Ermənistan-Azərbaycan cəbhə xəttində müşahidə olunan hərəkətlilik, döyüş əməliyyatları bir sıra maraqlı nüansları üzə çıxardı. Bəlli oldu ki, bir sıra KİV-lərin, sosioloji sorğu və analitik mərkəzlərin iddia etdiyi kimi Azərbaycan gəncliyində döyüş ruhu ölməyib, Azərbaycan xalqının işğal olunmuş torpaqlara qayıtmaq istəyi güclüdür. Azərbaycan cəmiyyətində vətənpərvərlik hissləri, döyüş ruhu 20 il öncəki səviyyədə olmasa da, onu hər zaman qaldırmaq mümkündür.

 

 

Ağdam cəbhəsində ermənilərə qan uddurmuş Kötəl batalyonunun (şəhid komandir Ərşad Nadirovun taboru-müəll.) sabiq döyüşçüsü Fələstin Əliyev də belə düşünür. Əslən Masallı rayonundan olan, Silahlı Qüvvələrə Bakının Nizami rayonundan çağırılmış, zəngin döyüş yolu keçmiş F.Əliyev hesab edir ki, döyüş ruhunu qaldırmaq üçün bir ay kifayətdir: “Bir ay ərzində televiziyaların, mətbuatın köməyi ilə təbliğatı qurmaq mümkündür. Son hərbi əməliyyatlara qədər hamı elə bilirdi ki, azərbaycanlılar döyüşmək istəmir. Bu fikri erməni təbliğatı yayır, bizim bəzi başıboşlar da züy tuturdular. Bütün MDB, Türkiyə, hətta İranda elə bilirdilər ki, doğrudan da biz topraqlarımızı qoruya bilməmiş, bir ovuc erməninin qarşısından qaçmışıq.

 

 

Lakin son hadisələr düşmən təbliğatını darmadağın etdi. Bundan öncə Mübariz İbrahimov, Fərid Əhmədovun fərdi qəhrəmanlığı Azərbaycan cəmiyyətində, dünya ictimaiyyətində mövcud olan fikri aradan qaldırmışdır. Kəlbəcərə ata ocağını ziyarətə gedən Dilqəm Əsgərov və digər soydaşlarımızın göstədikləriu fədakarlıq dünya ictimaiyyətinə bir mesaj idi. Mübarizin, Fəridin, Dilqəmin fədakarlığı Azərbaycan cəmiyyətinin mənəvi hazırlığını, psixoloji durumunu nümayiş etdirdisə, son hərbi əməliyyatlar Azərbaycan ordusunun gücünü təsdiq etdi”. F.Əliyev deyir ki, 90-cı illərdə vətənpərvərlik təbliğatını gücləndirmək daha asan idi: “SSRİ dağılmışdı, düşmənlə üz-üzə qalmışdıq. Xalqlar dostluğu mifi dağılmış, həqiqətlər çılpaq şəkildə ortaya çıxmışdı. Məlum olmuşdu ki, uzun illər bizə dost, qardaş kimi təqdim olunan xalqlar bizim əzəli düşmənlərmiz imiş. “20 Yanvar” hadisəsi, Xocalı faciəsindən sonra artıq tam oyanmışdıq. Minlərlə gənc Cavanşir Quliyevin “Əsgər marşı”nın təsiri ilə hərbi xidmətə yollanırdı. Düzdü, birinci Qarabağ müharibəsində məğlub olduq, müəyyən ruh düşkünlüyü yarandı, ancaq haqq bizim tətəfimizdədir. Mən Çeçen müharibəsi ilə bağlı sənədli xronikaya baxıram. Orda əsir düşən rus əsgərləri deyir ki, biz döyüşmək istəmirik, çünki nədən ötrü döyüşdüyümüzü bilmirik. Ermənilər də belədir. Onlar işğalçı olduqlarını bilirlər. Ancaq biz öz torpaqlarımız uğrunda savaşırıq. Bizim üçün əsgəri döyüşə hazırlamaq daha asandır”.

 

 

Felstin eliyevQarabağ qazisi hesab edir ki, cəmiyyət də müharibəyə hazır olmalıdır: “Müharibəni tək dövlət apara bilməz. Xalq müharibəyə hazır olmalıdır. Bilinməlidir ki, düşmən ərazilərimizi zorla alıb, biz onu qaytarmağa borcluyuq. Və müharibədə itkilər olacaq. Bilirsiniz, bəzən insanlar, xüsusən gənclərə döyüş asan gəlir. Elə də olmaz. Qorxmazlıq, cəsarət yaxşı xüsusiyyətdir. Ancaq əsgər psixoloji cəhətdən müharibənin hər üzünə hazırlanmalıdır. Eləcə də valideynlər hazır olmalıdır”. Fələstin Əliyev deyir ki, döyüş əməliyyatları zamanı qorxu təbii hissdir. Əsgər qorxunu boğmağı bacarmalıdır: “Cəmiyyətdə fərariyə, əsgərliyə getməyənə münasibət birmənalı olsa, heç kim ordudan qaçmağa cürət etməz. Bizim vaxtımızda da döyüş əməlliyyatları zamanı, düşmən hücum edən zaman qorxu vardı. 20-22 yaşımız vardı, gənc idik, müharibənin odunu-alovunu görməmişdik. Amma yavaş-yavaş öyrəndik. O zaman bir qınaq vardı, döyüşdən qaçmağı heç ağlımıza gətirmirdik. O zaman sərhədlər indiki kimi deyildi, qaçıb Rusiyaya getmək imkanı vardı. Ancaq biz nəinki ordudan qaçmağı ağlımıza gətirir, döyüşdən qalmağı belə ar bilirdik. Düşünürdük, dost-yoldaş döyüşə gedirsə, mən də getməliyəm. Qaçsam, qonşular nə deyər, ata-anam camaatın üzünə necə baxar”. Qarabağ qazisi deyir ki, birinci Qarabağ müharibəsi zamanı əsgərlər, valideynlər itkiyə hazır idilər: “Bakıda hospitalda bir hadisənin şahidi oldum. Bizim tabordan Rövşən adlı əsgərin qohumu vardı, cavan oğlan idi-Mahir adında. Yaralanmışdı, hospitala aparmışdıalr. Biz də məzuniyyətdəydik, onun yanına gəlmişdik. O əsgərin anasının sözləri yadımdan çıxmaz. Bir oğlu isə bir müddət qabaq şəhid olmuşdu. Həkim yaralıya baxıb dedi ki, müalicədən sonra tərxis oluna bilər. Anası qəti etiraz etdi ki, sağalan kimi qayıdacaq döyüşə! Dedi ki, müharibə qurtardımı ki, oğlum tərxis oluna! O hələ gedib atamın, anamın qəbrini azad eləməlidir!”. Bax, bu cür analarla uda bilərik müharibəni”.

 

 

F.Əliyev deyir ki, vətənpərvərlik tərbiyəsində nümunə başlıca amilldir: “Mübariz İbrahimov amilinə görə, Biləsuvarda gənclərdə döyüş ruhu daha yüksəkdir. Eşitdiyimə görə, bu hadisələr zamanı yüzlərlə gənc müraciət edib ki, onları döyüşə aparsınlar. Biz yeniyetmə olanda Məhəddin Allahverdiyev güləş üzrə dünya çempionu olmuşdu. Buna görə də gənclərin əksəriyyəti gedib güləşə yazılmışdı. Belə nümunələr lazımdır.

 

 

Sosial şəbəkələrdə zərərli təbliğat gedir. İtkiləri şişirdirlər, dövləti, milləti suçlayırlar. Bu təbliğat çox zərərlidir! Vətən dardadır, düşmən hücum edib, gedib döyüşməlisən, sənə nə kim gedir, kim getmir?”. Son hərbi əməliyyatlardan sonra ermənilər keçmiş döyüşçüləri səfərbər ediblər. Qarabağ qazisi hesab edir ki, keçmiş döyüşçülər də Azərbaycan ordusuna lazım ola bilər: “Azərbaycan Silahlı Qüvvələri son 200 ildə xeyli güclənib. Ordumuzu sərhədlərimizi müdafiə etməyə, düşməni geri oturtmağa qadirdir. Silahlı Qüvvələrimizə peşəkar hərbçilər rəhbərlik edir. Peşəkar hissələr var. Ancaq keçmiş döyüşçülərin təcrübəsinə ehtiyac var. Onlar ən azı gənc əsgərlərə mənəvi dayaq ola bilər”.

 

 

Elman Cəfərli
“KarabakhİNFO.com”

 

 

18.08.2014 16:30

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*