Azərbaycanca

“Yaşlı qadınlar doğma torpaqlarını tərk etmədilər”

23.07.2014 | 05:58

10559284_606865859426901_251902242_nBöyük sənətkarlardan biri deyib ki, hər dəfə Ağdama baxanda elə bilirəm ki, torpaq ağlayır. Amma əlimi uzadıb o torpağın göz yaşını silməkdə acizəm. Nə qədər acı olsa da bu həqiqətdir. Ağdam torpağının göz yaşı nə zaman quruyacaq?  Torpağı ağladan yağı tapdağında olması, doğma insanların nəfəsinə, ayaq səslərinə həsrət qalmasıdır…

 

Bu gün Azərbaycanın Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 21 il ötür. Ağdam rayonu 1993–cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal edilib.

 

 

Ağdam işğalı ilə bağlı Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Ağa Zeynalov  “KarbakhİNFO.com” beynəlxalq elekton jurnalına müsahibə verdi. Məlumat üçün qeyd edək ki, Ağa Zeynalov əslən Ağdam rayonundandır. Bu rayonda doğulub və hazırda burada yaşayır.

 

 

-Ağa müəllim, Ağdamın bir hissəsi hazırda işğal altındadır. Ağdamı görməyən yeni nəsil üçün bu rayonu necə təsvir edərsiz?

 

 

-Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır.Ağdam rayonu Azərbaycanın qədim, füsunkar torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Ağdam olduqca gözəl diyardır. Təəssüflər  olsun o gözəl diyar indi erməni tapdağı altında əzilir. Ağdamda olan ictimai yerlər Azərbaycanın heç bir bölgəsində olmayıb. Bu bölgədə “Dostluq” kinoteatrı, analoqu olmayan çay evləri məhz Ağdamda olub.  Ağdamda bütün dünyada yeganə olan Çörək muzeyi var idi. Bu muzeydə qədim dövrlər və orta əsrlərə aid unikal eksponatlar toplanmışdır. Eksponatlar arasında daşlaşmış qədim taxıl nümunələri, nadir dənli bitki növləri, taxılçılığın inkişafına aid çoxsaylı qiymətli kitablar, əlyazmalar və başqa materiallar, qədim əkinçilik alətləri –  xış, adi və dişli oraq, taxıl döyən vərdənə, əl dəyirmanı və başqa alətlər var idi.

 

 

Ağdam əvəz olunmaz bir yurd idi. Ağdamın torpağında böyüyən, oranın havasını udan çoxlu sayda ziyalılar, elm xadimləri, mədəniyyət nümayəndələri olub. Onlardan kimya elmi üzrə mütəxəssis Xudu Məmmədov, kibernatika sahəsi üzrə tanınmış elm xadimi Rafiq Əliyev və digər elm xadimlərini Ağdam torpağı yetişdirib.
Mədəniyyət sahəsində də çoxlu sayda ağdamlı olub. Onlardan Sara Qədimova, tarzən Qurban Pirimov, Şahmalı Kürdoğlu, Arif Babayev, gitaraçı Rəmiş, Aygün Bayramova və digərlərini də misal göstərmək olar.
-Bəllidir ki, Ağdamın tarixi çox qədimdir…

 

 

10517096_606865862760234_244386847_n-“Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Tanınmış arxeoloq İdeal Nərimanovun Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir) yaşayıb. Ağdam  Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olub. 80-cı illərin ortalarında rayonun Sarıçoban kəndi yaxınlığında son Tunc və Dəmir dövrünə aid (e.ə. XIX-XIII əsrləri əhatə edir) möhtəşəm kurqan tarixi cəhətdən çox qiymətli bir abidədir. Kurqanda aşkar edilən e.ə. XII-XIII əsrlərə aid maddi tapıntılar bu abidənin varlı bir insanın qəbri olduğundan xəbər verir.

 

 

-Ağdamın işğal olunan gününü xatırlamaq təbii ki, çox çətindir. Yaranızı təzələmək mənim üçün də ağırdır. O günün yaşantıları sizə necə təsir edib? 

 

 

 

-O günü mən unuda bilmirəm. Həmin gün mən Ağdamın Qaradağlı kəndində idim. Qaradağlı kəndi rayonun sonuncu kəndlərindən biridir.1993-cü il iyulun 23-ü səhər-səhər məhlənin oğlanları kəndin ortasına yığışmışdır. Kənddə su və işıq yox idi. İyulun 23-ü səhər-səhər kəndin Əhəddi deyilən ərazisində axan çaydan su gətirməyə getmişdik. Qayıdanda gördük ki, bir neçə nəfər qaça-qaça gedirlər. Biz onlardan nə baş verdiyini soruşanda onlar bizə “Ağdam işğal olundu deyə” bildirdilər. O ifadəni eşidəndə dünya başıma yıxıldı.  Kənd ağsaqqalları qadın və uşaqların əsir düşməməsi üçün onları vertolyata mindirib göndərirdilər. Yaşlı qadınlar doğma evlərini tərk etmədilər. Onlar döyüşən əsgərlər üçün çörək bişirirdilər.

 

 

-Sizcə, Ağdam uğrunda sonadək mübarizə aparıldımı?

 

 

-Statistik rəqəmlərə nəzər salsaq görərik ki, Ağdamın igid oğlanlaı torpağın işğal olunmaması üçün necə lazımdısa elə də mübarizə aparıblar. Ağdam döyüşü zamanı 6000-ə yaxın şəhid olub. Ağdamın 16 milli qəhrəmanı var. Rövşən Əkbərovun qəhrəmanlığı hər kəsə məlumdur.

 

 

-Ağdamın işğalı zamanı rayona nə qədər ziyan dəyib?

 
Məlumat üçün bildirim ki, Ağdam rayonunun 77,4 faiz torpağı erməni işğalçıları tərəfindən zəbt olunub. 82 kənd və  1 qəsəbə hazırda işğal altındadır. 34 600 fərdi yaşayış evi, 27 sənaye obyekti, 29 kənd təsərrüfatı, 5 maldarlıq kompleksi, 19 672 hektar əkin sahəsi, 57 rabitə, 114 təhsil, 123 səhiyyə, 108 mədəniyyət obyekti, 4 muzey, 66 arxeloji abidə və 16 məscid darmadağın olunub. Ümumilikdə Ağdam işğal olunan zaman rayona 17 milyard manat maddi ziyan dəyib.

 

 

İşğal olunmayan ərazilərdə yaşayan insanlar, ermənilər tərəfindən işğal olunan torpağa baxarkən hansı hissləri keçirir ?

 
Hər səhər əsirlikdə olan ərazilərimizə baxırıq. İnsanlar istehza ilə həmin ərazilərə baxırlar. Bəzən olur ki, ağdamlılar mənə yaxınlaşıb deyirlər ki, biz öz yurdumuza getmək , orada ölmək istəyirik.

 

 

O gözəl diyara baxdıqca ermənilərə qarşı olan nifrətimiz daha da artır. Ağdam əhalisi istənilən zaman  torpaq uğrunda canını verməyə hazırdır.

 

 

Günel Cəlil

 

 

“KarbakhİNFO.com”

23.07.2014 05:58

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*