Azərbaycanca

“Ruhum Qarabağ, cismim Xocavənddir”

02.10.2014 | 14:35

загруженоXocavənd rayonu Dağlıq Qarabağın mərkəzində yerləşir və demək olar ki, bölgənin bütün rayonları ilə həmsərhəddir. Belə bir ərazi əlbəttə ki, olduqca əlverişli coğrafi mövqeyə, strateji əhəmiyyətə malikdir. Ona görə də erməni separatçılar hər nə yolu ilə olursa olsun bu rayonu ələ keçirməyə çalışırdılar. Ermənilər 1991-ci ildə rayonun Tuğ, Salakətin, Xocavənd kəndlərini işğal etdilər. 1992-ci ilin yanvarında isə Axullu kəndi ermənilər tərəfindən zəbt olundu. Növbəti aysa Qaradağlı kəndində soyqırım törətdilər. Bu soyqırımı ikinci Xocalı da adlandırırlar. Kəndin hər 10 sakinindən biri şəhid oldu.

 

 

Rayon özünümüdafiə dəstələri nə qədər mübarizə aparsa da erməni qəsbkarları öz havadarlarının hesabına gündən-günə hücumlarını artırırdılar. Əhali rayonun qalan kəndlərində məskunlaşmışdı. Lakin nə qədər mübarizə aparılsa da 1992-ci ilin oktyabrın 2-də ermənilər Xocavənd rayonun bu kəndlərini də işğal etdilər. Bundan sonra rayon əhalisi respublikanın müxtəlif rayonlarında müvəqqəti olaraq məskunlaşıblar.

 

 

“Heç İsveçrə də Qarabağa çata bilməz”

 

 

Adil Huseynov-hekimRayonun işğal günlərini yerli əhali ağırı, acı ilə xatırlayır. Amma buna baxmayaraq onlar ruh yüksəkliyi ilə yaşayırlar. Öz doğma torpaqlarına qayıtmaq ümidi onlarda ölməyib. Bunu Xocavənd rayon sakini, hacı Adil Hüseynovla söhbətimizdə də tam aydın hiss etmək olurdu. A.Hüseynov həkim olsa da rayonun Muğanlı, Əmralı, Kuropatkin kəndlərinin müdafiəsində iştirak edib: “Ermənilər Xocavənd rayonunu hər gün atəşə tuturdular. Yerli əhali rayonun müdafiəsi üçün tam olaraq səfərbər olmuşdu. Bizim indiki icra başçısı o zaman komandir idi. Rayonun qalan kəndlərinin müdafiəsinə qalxdılar. Oktyabra kimi orada müharibə getdi”.

 

 

Həmsöhbətimiz deyir ki, ermənilərə ruslar kömək etməsəydi, onları Zəngəzura qədər qovub çıxardılar: “Ermənilər 1988-ci illərdə oradan qaçırdılar. Sadəcə ruslar onlara kömək etdilər. Rus əsgərləri əvvəllər gəlib bizim rayonun ətrafında çox sakitcə xidmətlərini aparırdılar. Guya bizi müdafiə edirdilər. 1991-ci illərin sonlarında bir də gördük ki, nə qoşun, nə tank var. Hamısı erməni tərəfinə keçmişdi”.

 

 

A.Hüseynov bu gün yurd yeri həsrəti ilə yaşadığını dedi: “Nə qədər burada (Sumqayıtda) yaşasaq da, dövlətimiz bizə yaxşı baxsa da ömür boyu öz rayonumuz, kəndlərimiz bizim yadımızdan çıxmır və çıxmayacaq da. Hamı yatanda üzü qiblə kimi Xocavənd istiqamətinə yatır. Körpə uşaqlar belə, xəyallarında o yerlər haqda danışır, baxmayaraq ki, burada dünyaya gəliblər”.

 

 

O bildirdi ki, dünyanın heç bir yerini Qarabağa dəyişməz: “Heç İsveçrə də Qarabağa çata bilməz. Gecə-gündüz arzumuz budur ki, öz elimizə, obamıza qayıdaq. Biz burada müvəqqəti qeydiyyatdayıq. Ali Baş Komandanın əmrini gözləyirik. Piyada da olsa Xocavəndə gedərik”.

 

 

“Qarabağda bizim uşaqlığımız, gəncliyimiz qalıb”

 

 

Merkez HuseynovXocavənd rayon Əmirallar kəndi tam orta məktəbinin direktoru Mərkəz Hüseynov da özünümüdafiə dəstələrində ermənilər qarşı döyüşüb. O bildirdi ki, oktyabrın 2-də ermənilər tərəfindən kütləvi hücumlar olub: “Ermənilərin silahı bizimkindən qat-qat çox idi. Biz silahla bir o qədər təmin olunmamışdıq. Ov tüfənglərinin çoxunu da əlimizdən almışdılar. Sonda bir az köməklik etdilər, ancaq artıq gec idi. Ermənilər bütün iriçaplı silahlardan atəş açaraq qalan kəndləri də işğal etmişdilər. Oktyabrın 3-də biz Xocavənd rayonunu tərk etdik”.

 

 

O, mütləq Xocavəndə qayıdacaqlarını bildirdi: “Övladlarımızın o günü görməsi üçün mən canımı fəda etməyə hazıram. Bu məsələ bizim dövrümüzdə həll olunub bitməlidir, gələcək nəsillərə qalmamalıdır. Biz Qarabağ fikri ilə yatıb, Qarabağ fikri ilə də oyanırıq. Qarabağda bizim uşaqlığımız, gəncliyimiz qalıb. İnsanın doğulduğu məkanın quruluşuna görə bədən quruluşu formalaşır. Bizim bədənimizin quruluşu da orada qalıb”.

 

 

“Xocavəndə qayıdıb orada ölmək istəyirəm”

 

 

MehiyyeddinCeferovXocavənd rayon Ağsaqqallar Şurasının üzvü Məhiyyəddin Cəfərov erməni terorrçularının xocavəndlilərə divan tutduğunu bildirdi: “Uşaq, qoca, qadın demədən hamısını gülləbaran etdilər. Xocavəndin işğalı çox acınacaqlı bir gün kimi xatirəmdə qalıb”.

 

 

O dedi ki, döyüşkən, mərd oğullarımız vardı, amma silah və üstlərində duracaq lider yox idi.

 

 

Rayon ağsaqqalı Xocavəndin gözəl təbiəti, təmiz havası, meşələrinin heç zaman yadından çıxmadığını bildirdi: “Mən o torpağa qayıdıb oranı görüb, orada ölmək istəyirəm. İnşallah, cənab Prezidentimizin səyi nəticəsində öz torpaqlarımıza qayıdacağıq. Mən bir xocavəndli kimi buna inanıram”.

 

 

Novruz HuseynovTəqaüdçü Novruz Hüseynov da Xocavəndin işğalının canlı şahididir: “Qaradağlı soyqırımını öz gözlərimlə görmüşəm. 2 aya yaxın erməni əsirliyində qalmışam. Ona görə də bu işğalı xatırlamaya bilmərəm”.
O, ata-babalarının, yaxın qohumlarının qəbirlərinin düşmən tapdağı altında qalmasından əzab çəkdiyini dedi: “Kaş, o torpaqda olub, onların qəbrini ziyarət edə biləydim. Mən Xocavəndə qayıtmaq ümidi ilə yaşayıram. İnşallah, güclü ordumuzun sayəsində yaxın bir vaxtda öz torpaqlarımızı mənfur düşmənlərdən azad edəcəyik”.

 

 

 
“Azərbaycanın rəşadətli ordusu öz qüvvəsini Ermənistana göstərəcək”

 
Murad QuliyevMilli güləş üzrə SSRİ İdman ustası Murad Quliyev isə bildirdi ki, Xocavənd rayonunu ermənilər xaricdən gətirilmiş muzdlu yaraqlıların köməyi nəticəsində işğal ediblər. Onun sözlərinə görə, lazımı kömək olsaymış Xocavənd işğal olunmayacaqdı.

 

 

Xocavənddə dünyaya göz açan və ömrünün 32 ilini orada keçirən həmsöhbətimiz doğma yurdunun daima həsrətindədir: “Orada xatırlananı yazmaqla qurtarmaz. Oranın suyu, havası, əsrarəngiz gözəlliyi, füsunkar təbiətini unutmaqmı olar?”.

 

 

Hazırda 56 yaşı olan M.Quliyev bütün xocavəndlilərin döyüşmək həsrəti ilə yaşadığını vurğuladı: “İstənilən vaxt müharibə əmri verilərsə, təbii ki, oraları tanıyan və hər kolun dibinə də bələd olan bir insan kimi doğma torpaqlarımızı azad etmək üçün canımızı, qanımızı verməyə hazırıq. Ümidimi heç vaxt itirmirəm. Yaxın vaxtlarda Azərbaycanın rəşadətli ordusu öz qüvvəsini Ermənistana göstərəcək. Mən buna inanıram və mənim kimi bütün insanlar da Allahın köməyi ilə haqq və ədalət savaşında bayrağımızın Xankəndində dalğalanmağı ümidini qırmayıblar”.

 

 

“Ruhum Qarabağ, cismim Xocavənddir”

 

 

Anar IbrahimovSalakətin kənd orta məktəbinin tarixi müəllimi Anar İbrahimovun 1992-ci ildə 9 yaşı olub. A.İbrahimov dedi ki, yaşının az olmasına baxmayaraq o qorxulu, qadalı-bəlalı tarix hələ də gözlərinin önündədir: “Kəndimiz (Əmirallar) Ermənistanın Martuni rayonu ilə yaxın bir mövqedə yerləşirdi. Kəndimiz mütəmadi olaraq silah və sursatla təchiz edilmiş erməni və rus quldur birləşmələrinin hücumuna məruz qalırdı. Kənd əhalisi kəndi müdafiə etmək üçün yerli özünümüdafiə dəstələri yaratdılar. Yaradılmış dəstələr primitiv silahlarla müdafiə olunurdular. Bu çətin günlərdə kəndimiz 12 şəhid verdi. Ümumilikdə rayon əhalisi son damla qanınadək mübarizə aparıb 145 şəhid verdi. XX əsrin ən dəhşətli faciələrindən birini bizim rayonumuz yaşadı. Qaradağlı soyqırımında kənd 91 şəhid verdi. Qaradağlı faciəsi Xocalı faciəsinə gedən yol demək idi”.

 

 

A.İbrahimov bildirdi ki, Xocavəndin hər daşı, hər qayası möhtəşəm bir tarixdir. “Buna misal olaraq daş dövrünün alt paleolit və orta paleolit (mustye) mərhələlərinə aid olan Azıx və Tağlar qədim yaşayış (mağaralarını) məskənlərini qeyd etsək kifayət edər”, deyə o əlavə etdi.
Ürəyinin vətən eşqi ilə döyündüyünü deyən həmsöhbətimiz Qarabağa qayıtmaq ümidinin əsla ölməyəcəyini dedi: “Bu ümid o zaman ölər ki, mənim cismim ölsün. Hər zaman ürəyim Qarabağım, o cümlədən Xocavəndimlə döyünür. Bu hisləri və sevgini dərs dediyim Salakətin kənd tam orta məktəbinin şagirdlərinə də aşılayıram. Ruhum Qarabağ, cismim Xocavənddir”.

 

 

Fuad Hüseynzadə
“KarabakhİNFO.com”

 

 

02.10.2014 14:35

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*