Azərbaycanca

“Yaxşı və Aşıq”

27.07.2013 | 10:16

1374907613_sari-asiq-1Sarı Aşıq XVII əsrdə yaşamış ustad aşıqlarımızdandır. Daha çox yüksək poetik formada yazılmış cinas qafiyələri bayatıları ilə məşhurdur. XVI əsrdə yaşaması haqqında da fikirlər mövcuddur. XIX əsrin təzkirəçisi Qaradağinin mülahizəsinə görə, şair əslən Qarabağın Zəngəzur mahalında, Həkəri çayının sahilində – Güləbird kəndində yaşamışdır. Təzkirədə adı çəkilən Güləbird kəndi indiki Laçın rayonunun ərazisindədir.

 
Bir sıra əsərlərdə Aşıq Qərib, Yetim, Qurbanəli, Abdulla, Nəbi adı ilə tanınan Sarı Aşığın əsl adı Sarı olmuş, Yaxşı adlı bir qıza aşiq olandan sonra “Aşiq” təxəllüsü ilə tanınmış, bayatı janrının ləlini, gövhərini, incilərini yaratmışdır.

 

Ən məşhur ustad aşıqlardan biri kimi, Sarı Aşıq haqqında da dastan vardır.

 

Arxeoloqlar 1927-ci ildə qəbri açaraq onun XVII əsrdə yaşadığını sübut etmişlər.

 

Sarı Aşığın həyatıyla bağlı xalq arasında “Yaxşı və Aşıq” dastanı məşhurdu.

 

Sarı Aşıq əsasən bayatılarıyla tanınır. O, “bayatı qoşmaq qadın işidir” deyənlərə meydan oxuyaraq yaradıcılığında bu janra üstünlük vermişdir.

Aşıq əsasən əxlaqi məsələlərə toxunan bu bayatılarında cinaslardan çox ustalıqla istifadə etmişdir.
Sarı Aşığın yaradıcılığı hələ bizə tam üzünü göstərməyib. Biz onun yaradıcılıq xəzinəsini istənilən qədər əldə edə bilməmişik. Son illərdə tək-tək əldə etdiyimiz bayatı nümunələri göstərir ki, biz Sarı Aşıqdan az şey bilirik.

 

Sarı Aşıq Azərbaycan poeziyasında bayatı zirvəsinin fatehidir.Sarı Aşıqdan söz açan ilk yazılı qaynaq isə Əndəlib Qaracadağinin “Təzkirəyi-Qaradaği” əsəridir.
Deyilənlərə görə, saf, pak bir eşq sahibi olduğu üçün Yaxşı öləndə onu uşaq qəbiristanlığında dəfn edirlər. Yaxşının məzarı önündə Sarı Aşıq diz çökür, məzarı başında pərvanələr kimi dolanır. Yaxşının ölümündən sonra Aşıq çox yaşamır.

 

 

 
Rəvayətə görə, Sarı Aşıq vəsiyyət edir ki, öləndə onu atına sarısınlar, at gedib harada dayansa, onu orada dəfn etsinlər. Belə də olur, at gedib dağın döşündə elə yerdə dayanır ki, Həkərinin sağ sahilində Sarı Aşığın məzarı, sol tərəfində Yaxşının məzarı üz-üzə dayanır.

“Yaxşı və Aşıq”
Tarixin daş yaddaşı zaman-zaman insanların yaddaşına köçür. Sarı Aşıq böyük bir xalqın ədəbiyyatında qüdrətli söz sərrafı, bayatı ustası kimi yaşayır. Ancaq yenə də yamanlar aşığın müqəddəs ruhunu rahat buraxmır. Sarı Aşığın məqbərəsi, sevgilisi Yaxşının qəbri düşmən əlində inləyir. Sarı Aşığın narahat ruhu bizi səsləyir:
Sarı Aşığın mürəbbə və təcnisləri, bayatıları, Sarı Aşıq haqda rəvayətlər bir kitabda toplanaraq nəşr olunub.

 

 

“Gül dəftəri” adlanan kitabı şair İlham Qəhrəman tərtib edib. “Gül dəftəri”ndə Sarı Aşığın müxtəlif mənbələrdən götürülmüş 1000-ə yaxın bayatısı, 8 şeiri, 14 tapmaca-bağlaması, haqqında bir sıra rəvayətlər yer alıb. Tərtibçi istifadə etdiyi qaynaqlara tənqidi yanaşıb, çoxsaylı deyim və sözlərə, dini-mifoloji məfhumlara, xüsusi adlara aydınlıq gətirməyə, cinasları anlaşıqlı şəkildə təqdim etməyə çalışıb.“Yaxşı və Aşıq”

Aşıq, vətən yaxşıdı,
Köynək kətan yaxşıdı.
Qəriblik cənnət olsa,
Yenə vətən yaxşıdır.

 

 

Gəlmədin

 

Vədə verib mənə, gəlləm demişdin,

Gözüm qaldı intizarda, gəlmədin.

Sənsiz mənim ağlamaqdı munisim,

Mənsur kimi qaldım darda, gəlmədin.

 

Əlif qəddim əydi hicran məlalı,

Necə xəlq eyləmiş qaşın hilalı,

Saldı məni qəmə zülfün xəyalı,

Məni qoydun eşq barda gəlmədin.

 

Mən elə Aşiqəm, ey vədə xilaf,

Nizəni ahundan çərx olar şikar,

Belə olar ay bimürvət, nainsaf,

Getdi əldən ixtiyar da gəlmədin.

 

 

 

Laçın rayonu Sarı Aşıq xatirə muzeyi

Sarı Aşıq xatirə muzeyi 1989-cu ildə Laçın rayonu Güləbird kəndində yaranmışdır. Muzeyin ərazisi təxminən 1 hektarı əhatə etmişdir. Ətrafında xeyli sayda ağaclar əkilib. Muzeyin daxilində yerləşdirilmiş iri dəmir stendlərdə Sarı Aşığa məxsus bayatılardan nümunələr yazılmışdır. Onun əvvəlki qəbri üzərində Sarı Aşığın büstü ilə yanaşı, bayatılarında yer alan Yaxşının da büstü qoyulmuşdur. Bu ərazidə Böyük Gümbəz deyilən abidənin yaxınlığında yerləşən Sarı Aşığın qəbri sonralar düzəldilərək muzeyə çevrilib. Bu muzeydə Sarı Aşığa məxsus eksponatlar yer alıb. Bu eksponatlar içərisində Sarı Aşığın bayatılarının yer aldığı kitablar, şəkillər yer alıb. Muzeyin 9 nəfərdən ibarət işçi kollektivi olub.Laçın rayonu ermənilər tərəfindən işğal edilməzdən əvvəl muzeydən yalnız kitablar və şəkillər çıxarılıb. 1995-ci ildən muzey Abşeron rayonu Pirəküşkül qəsəbəsində kiçik otaqda fəaliyyətini davam etdrir.

“Yaxşı və Aşıq”

Muzey rəhbərliyinin verdiyi məlumata görə, Laçın rayonu işğal edildikdən sonra Sarı Aşıq xatirə muzeyi ermənilər tərəfindən yerlə-yeksan edilib. Dağıdılmış muzeyin video görüntüləri müxtəlif dövrlərdə ermənilər tərəfindən internet vasitəsilə yayımlanıb. Sarı Aşıq Azərbaycan folklorunun bayatı janrında yazan şair olub. Tarixi mənbələrdə XVI əsrin sonları XVII əsrin əvvəllərində Zəngəzur mahalında, indiki Laçın rayonunun Güləbird kəndi ərazisində yaşayıb, yaratmışdır. Özu Cənubu Azərbaycanın Qaradağ mahalından doğulub və sonradan Zəngəzur mahalına gəlib. Böyük söz sərrafı kimi dünyada tanınan simalardandır. Öz bayatıları ilə türk dünyasında sayılıb seçilən sənətkarlardandır. Sarı Aşığın bayatılarının hər bir kəlməsində böyük hikmətlər yer alıb. Onun sevdiyi Yaxşı, Maqsudlu bəylərindən olan Yaman bəyin bacısı olub. Sarı Aşıq Yaxşını dəlicəsinə sevmiş, lakin onlara bu xoşbəxtlik qismət olmamışdır və bunu öz bayatılarında təsvir etmişdir.

 

 

Ramil Cəbrayılov

“KarabakhİNFO.com”

27.07.2013 10:16

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*