Azərbaycanca

Yeri qazıb yalanı çıxaranlar

18.02.2013 | 17:31

1361193546_img_1225loqoQarabağ işğal olunandan sonra ermənilər bu işğala haqq qazandırmaq üçün müxtəlif vasitələrə əl atırlar. Bu bölgənin min illər yaşı olan tarixi abidələri ya dağıdılır və izləri silinir, ya da erməniləşdirilir. Ermənilərin indiyədək Qarabağda azərbaycanlılara və alban tarixinə aid olan minlərlə abidəni erməniləşdirmələri artıq adi hala çevrilib.

Həmçinin Qarabağda “qədim erməni yaşayış məskənləri tapmaq” üçün qurama arxeoloji qazıntılar aparılır. Ermənilərin iddialarının nə dərəcədə əsaslı olduğunu Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri namizədi Təvəkkül Əliyevlə aydınlaşdırmağa çalışdıq. Qeyd edək ki, T.Əliyev 1989-cu ilə qədər Gəncə-Qazax arxeoloji ekspedisiyasının tərkibində fəaliyyət göstərib. Qarabağ arxeoloji ekspedisiyasının üçüncü dəstəsinə rəhbərlik edib. Cəbrayılda, Zəngilanda arxeoloji qazıntılar aparıb.

 

–         Təvəkkül müəllim, ermənilərin Qarabağı işğal etdikdən sonra burada qazıntı işlərinə başlaması nə vaxta təsadüf edir?

 

–         2005-ci ildən başlayaraq Ermənistanın Arxeologiya və Etnoqrafiya İnstitutu Dağlıq Qarabağa ekspedisiya göndərir. Dağlıq Qarabağda ermənilərin apardığı axtarışlara Hamlet Petrosyan adlı bir nəfər başçılıq edir. Yay aylarında cəmi 10-15 gün Qarabağda olan Petrosyan “sensassion” kəşflər haqqında dünyaya car çəkir. Sponsorlarının etimadını qazanmaq üçün gördüyü işlərin əhəmiyyətini şişirdir. Ermənilər “Arutunryan ailəsi” (ABŞ), “Şuşa” fondu, “Qan Poqosyan və oğlanları” fondu və digər zəngin sponsorlardan maliyə dəstəyi alırlar. Petrosyan qeyd edir ki, Sovet dövründə erməni alimlərinə Qarabağ ərazisində təhqiqat aparmağa icazə verilməyib. Guya o, Ərsakm xaçkarları (haça şəkilli daşları) ilə bağlı dissertasiya mövzusu götürmək istəsə də, elmi rəhbəri akademik Babken Arakelyan onu fikrindən çəkindirib ki, bu yolla elmi karyera əldə edə bilməyəcəksən, çünki azərbaycanlılar səni Qarabağa buraxmayacaqlar. Babken Arakelyanın həyatda olmadığı üçün onun adından çox şey danışmaq olar.

 

–         Həqiqətənmi sovet dövründə ermənilərin Qarabağda tədqiqat aparmasına maneələr olub və bunun hər hansı sübutu varmı?

 

–         Kökündən yanlış iddiadır. Sovet dövründə Qarabağda işləyən ekspedisiyaların bəzilərinə ya birbaşa ermənilər rəhbərlik edib, ya da fəal iştirakçı olublar. Kuşnaryova adlı erməni tədqiqatçı 1950-ci illərdə, Ofeliya Daneryan isə 60-80-ci illərdə Qarabağ, Xankəndi və Şuşada aparılan qazıntılarda fəal iştirak ediblər. Sübut olaraq hər iki tədqiqatçının abidələrlə bağlı SSRİ məkanında çoxlu məqalə və kitabları çap edilib. Ermənilərin daha bir iddiası budur ki, bu vaxta qədər Qarabağ öyrənilməyib. Amma bu vaxta qədər ən çox öyrənilən sahə Qarabağ olub. Qarabağda alman arxeoloqlar Resler, Qummel, rus arxeoloqları İvanovski, Meşşaninov, Iyessen, azərbaycanlı arxeoloqlar Cəfərzadə, İdeal Nərimanov, Göyüşov, Cəfərov kimi tədqiqatçılarla yanaşı, XX əsrin 20-30-cu illərində Ter-Avetisyan, 40-cı illərində Taşçyan, 50-60-cı illərində Kuşnareva, 70-80-ci illərində Danielyan Dağlıq Qarabağda ardıcıl arxeoloji qazıntı işləri aparıb, ekspedisiya və dəstə rəhbərləri olublar. Bu, ermənilərin iddialarının əsassız olduğuna sübutdur. Dağlıq Qarabağın vilayət mərkəzi olan Xankəndində fəaliyyət göstərən mədəniyyət şöbəsinin müdiri və bütün əməkdaşları erməni əsilli vətəndaşlar idi. Onlar özləri vilayətin ərazisindəki tarixi-memarlıq abidələri haqqında məlumat toplayır və qeydiyyata alması üçün Azərbaycanın Mədəniyyət Nazirliyinə göndərirdilər. Bunu Azərbaycan SSR Nazirlər Sovetinin qərarları ilə (2 aprel 1968-ci il tarixli 140 saylı qərar) təsdiq edilən və dövlət tərəfindən mühafizə olunan mədəniyyət abidələrinin siyahılarından da görmək olar.

 

Yeri qazıb yalanı çıxaranlar–         Ermənilər daha çox hansı dövrə aid abidələrin erməniləşdirilməsinə çalışırlar?

 

–         Onlar daha çox Qafqaz Albaniyasına aid xristian abidələrini erməniləşdirməyə səy göstərirlər. Petrosyanın məntiqinə görə, harada xaçkar varsa, orada erməni yaşayış məskəni olub. Görünür, onun Qobustanda mezolit və tunc dövrlərinə aid xaç işarəli daşlardan xəbəri yoxdur. Petrosyan Ermənistan əhalisini və Qarabağın sadəlövh erməni sakinlərinin milli ruhunu daim tarıma çəkir. Şuşa və onun ətrafında ilk dəfə olaraq tunc dövrünə aid kurqanlar aşkar edilib. Sadəlövh erməni camaatı haradan bilsin ki, hələ 117 il bundan əvvəl Şuşa real məktəbinin müəllimi, milliyyətcə alman olan Emil Resler həmin abidələrdə tədqiqatlar aparıb, əsərlər yazıb.

 

–         Etiraf edək ki, Qarabağın işğal olunması ermənilərin torpaq iddialarını genişləndirmələri üçün onlara kifayət qədər şans verdi. Çünki onlar hazırda Azərbaycana aid tarixi abidələrdə müəyyən dəyişikliklər etməklə istədiklərinə nail olurlar.

 

–         Düzdür, bu qeyd etdiyiniz kimi olsa da, ermənilərin əksəriyyəti bunu inkar edir. Keçmiş Hadrut rayonunun Bünyadlı kəndi ərazisindəki orta əsr türk qəbiristanlığındakı qəbirlərin baş daşları sındırılıb, buradakı gümbəzvari türbənin üzərindəki ərəb qrafikalı yazı daş zərbələri ilə zədələyib erməni əlifbasından bir neçə hərf həkk ediblər. Vandallar bu gün də Qarabağın tarix və memarlıq abidələrinin üzərinə xaç işarələri çəkməklə məşğuldular. Azərbaycanın işğal olunmuş rayonlarının diyarşünaslıq muzeylərindən, eləcə də azərbaycanlı evlərindən qarət etdikləri minlərlə qədim xalçanı “erməni xalqının sənət əsəri” adı ilə xarici ölkələrdə satır, Qarabağın yüzlərlə alban xristian abidələrinin üzərinə “erməni” möhürü vururlar, Xocalıdakı müsəlman qəbirstanlığnı və XVI əsrə aid məqbərəni dağıdıb daşlarını Qarqar çayına tökürlər. Qarabağın əzəli Azərbaycan torpaqları olduğunu üzdəniraq erməni alimləri bilməsə də, burada yaşayan erməni camaatı çox gözəl bilir. Əslində bu yalan məlumatları yaymaqda maraqlı olan erməni lobbisidir. Məsələn, ermənilər Şuşa ətrafında kurqan abidələri tapdıqlarını deyirlər. Bu, XIX əsrdən bəlli idi və ermənilər tərəfindən həyata keçirilib. Erməni lobbisi bu işə böyük miqdarda vəsait qoyur. İstəyirlər ki, elmə yeni qondarma iddialar daxil etsinlər. Onların bir günlük işinə 1000 dollar verirdilər. Məqsəd bir qrup xarici alimin də buraya gələrək səs-küy və süni görüntü yaratmasıdır.

Bununla belə, bir çox elmi mənbələrdə ermənilər özləri də Qarabağın Azərbaycanın tarixi torpaqları olduğunu qeyd edirlər.Məsələn, Kuşnaryovanın elmi məqalələrində belə sitatlara çox rast gəlmək olar.Kuşnaryova Mil düzündəki kurqanlarda, Qarqarçayın qırağında qazıntı apararkən apardığı araşdırmaların sonunda “Hər il yaz gələndə heyvandarlıqla məşğul olan ailələr, Mildən, Muğandan Qarabağın dağlarına qalxırlar.5-6 ay yaşayır, sonra düzənlərə enirlər” yazırdı.Elə təkcə bu fakt bizim dağlıq və aran hissəmizin ayrılmaz olduğunu sübut edir.

 

–         Təvəkkül müəllim, son vaxtlar daha çox Azıx mağarası ətrafında yalan məlumat yayan ermənilər sizcə nəyəsə nail ola biləcəklərmi? Nəzərə alsaq ki, sözügedən abidə artıq illər öncə tədqiq olunmuş sayılır.

 

–         Onlar iddia etmək istəyirlər ki, Azıx mağarası yoxdur. Halbuki Azıx mağarası da tarixə möhtəşəm tarixi abidə kimi daxil olub. Ermənilər XII-XIV əsrlərə aid xristian abidələrini bərpa edib bunu erməni abidəsi kimi təqdim edirlər. Artıq dünya elmi onların dediklərinə karikatura kimi yanaşır. Bir müddət əvvəl isə erməni “tədqiqatçıları” Azıx mağarasını da yeni aşkar olunmuş bir abidə kimi təqdim etməyə çalışdılar. Azıxda qazıntılar 1960-cı ildə görkəmli Azərbaycan alimi Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya tərəfindən başlanıb, 25 ilə qədər davam edib. 2008-ci ilin iyununda Azıxdan Qafqazın ilk sakinlərindən olan azıxantropa məxsus çənə qalığının tapılmasının 40 ili tamam oldu. Alimlərimizin Azıxda apardıqları qazıntıların nəticələri artıq dünya elmində əsaslı yer tutub. Azıx tapıntıları 1981 -1982-ci illərdə Parisin “İnsan” muzeyində təşkil olunmuş “Avropanın ilk sakinləri” adlı sərgidə nümayiş etdirilib. Beynəlxalq “İNTAS – 2000″ adlı proqram çərçivəsində Avropa ölkələrindən olan 32 paleolitşünas alim Azıx düşərgəsindən tapılan mədəniyyət qalıqlarını tədqiq etdikdən sonra Azərbaycan alimlərinin əldə etdikləri nəticələrlə razılaşdıqlarını bildiriblər.

 

–         Hazırda Dağlıq Qarabağda yerləşən Nərgiztəpə ərazisində tədqiqat aparırısınız. Səhv etmirəmsə, bura Qarabağa aid olan və hazırda tədqiq olunan yeganə ərazidir. Erməni ordusunun mövqelərinə yaxın ərazi olduğu üçün işiniz yəqin ki, çətinliksiz ötüşmür…

 

Yeri qazıb yalanı çıxaranlar–          Dağlıq Qarabağ ərazisində yerləşən qədim yaşayış məskənlərindən biriNərgiztəpə Xocavənd rayonunun ərazisində o qədər də böyük olmayan bir ərazini (təxminən 1 hektardan çox) əhatə edir. Onu da xatırladım ki, bu tarixi məkan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın nəzarətində olan hissəsində yerləşir. Qarabağ, xüsusən də onun dağlıq hissəsində yerləşən istənilən tarixi abidə, qədim insan məskəni kimi, Nərgiztəpə də böyük tarixi-arxeoloji əhəmiyyətə malikdir.Aparılmış araşdırmalar zamanı buradan bir çox qədim mədiniyyət nümunələri aşkar olunub. Nərgiztəpə erməni ordusunun mövqelərinə kifayət qədər yaxın bir ərazidə yerləşir. Bu qonşuluq tarixi məkanı təhlükə altında qoyur, belə ki, ermənilərin işğal olunmuş Azərbaycan ərazilərində xüsusilə də yay aylarında törətdiyi yanğınlar, bizim nəzarətimizdə olan əraziyə də keçərək buralara ziyan vurmaqdadır. 2006 – cı ildə ermənilər tərəfindən törədilmiş bu yanğınlardan biri Nərgiztəpə ərazisinə də keçmişdi və buradakı qədim qəbirlər bu yanğından zədələnmişdi.Ermənilərin işğal olunmuş ərazilərimizdə aktiv “arxeoloji təhqiqatlar və axtarışlarla” məşğul olduğunu nəzərə alsaq, Nərgiztəpədə hər tərəfli arxeoloji təhqiqatların aparılmasına nə dərəcədə böyük ehtiyacın olmasını görə bilərik.Nərgiztəpənin tarixi əhəmiyyəti ilə yanaşı həm də böyük siyasi-ideoloji əhəmiyyəti var. Onu deyə bilərəm ki, əhalimizin böyük hissəsi keçmiş Qarabağın bu hissəsinin Azərbaycan ordusunun nəzarətində olduğunu bilmir.

 

Naibə Qurbanova

KarabakhİNFO.com

 

18.02.2013 17:31

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*