Azərbaycanca

Yuri Çingiz Mustafayevlə yaxın dost olub

12.02.2014 | 15:15

1392203308_p1020909Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsinə qalxan qəhrəman oğullarımızadan bir də Milli Qəhrəman Yuri Kovalyovdur.   Yuri Kovalyov 29 noyabr 1965-ci ildə Göyçay rayonunda anadan olmuşdur. 1972-ci ildə ailəsi ilə birgə Rusiyanın Krasnodar vilayətinə köçmüş, 5 ildən sonra Bakıya qayıtmışdır. 1981-ci ildə Bakı şəhərinin Nizami rayonunda yerləşən və onun adını daşıyan 229 saylı tam orta məktəbə daxil olmuşdur. 1983-1985-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir.

 

“Yurinin atası Azərbaycanlıdır…”  

 

Əslimiz elə buralıdır. Bizim nəsilimiz haradasa 400 il bundan əvvəl Azərbaycana gəlib. İlk olaraq Sabirabad rayonunda yaşayıblar. Elə mən də orada doğulmuşam. Atam rəhmətə gedəndən sonra anamgil Göyçay rayonuna gəliblər.   Yurigil iki qardaş idi. İkinci oğlumun adı Vitalikdi. Neftçi futbol komandasında qapıçı olub. İki ildir ki, trener işləyir. Yuri də Göyçayda anadan olub. Yuranın atası azərbaycanlı idi. Adı Orucdu, Göyçayda yaşayır. Yuri gizir idi. Əsgərlikdən gəldikdən sonra oxumuşdu.  

1392203595_p1020912Dənizçi olmaq arzusu ilə 1987-ci ildə Qara dəniz Donanmasında miçmanlar və praporşiklər məktəbinə daxil olub.   1990-cı ildə DİN xüsusi milis bölməsinə, XTMD “OMON” sıralarına daxil olur və tez-tez Qarabağa ezamiyyətə gedir. Ermənilər onun başına böyük məbləğdə pul qoymuşdular. 1991-ci il 3 oktyabrda digər omonçu dostları – Sergey Barinin, Andrey Kudenin, Aleksandr Abramov ilə birlikdə Ağdam ərazisində Xocavənddən növbəti tapşırıqdan qayıdanda içində olduqları “UAZ” markalı maşını ermənilər fasiləsiz olaraq, atəşə tuturlar. Yura həlak olur, Sergey isə ağır yaralanır. Ermənilər “UAZ”a yaxınlaşanda partlayış baş verir. Ölüm ayağında belə bir neçə düşməni məhv edirlər.   Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 5 iyun 1992-ci ildə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilib.   Biz də Yurini xatırlayıb, onun haqda bir yazı hazırlamaq qərarına gəldik. İlk olaraq, yolumuzu Yurinin oxuduğu və hal-hazırda onun adını daşıyan Nizami rayon 229 saylı  məktəbdən saldıq. Bizi məktəbin direktoru Fəridə xanım Bağırova qarşıladı. Otaqlardakı Yuriylə bağlı rəsmlərlə bizi tanış etdi. Onu da qeyd etdi ki, Yuri Kavalyov adı onlara çox əziz addır və onlar Yurini həmişə məktəb tədbirlərində yad edirlər. Sonra Yurinin ailəsi ilə görüşmək istədik və  telefon əlaqəsi saxlayıb anası Larisa xanımla görüşmək  üçün iş yerinə yollandıq. Onunla iş yerində görüşdük və bizi öz iş otağına dəvət etdi. Onu da deyim ki, Larisa xanım Nizami rayon rus icmasının sədri vəzifəsində çalışır. Söhbətimizə də elə lap əvvəllərdən başladıq. O günləri Larisa xanım belə xatırlayır…

 

1392203611_p1020903“Krasnadarda yaşaya bilmədik…”  

 

  1972-ci ildə Rusiyanın Krasnodar şəhərinə köçdük. Beş il orada yaşadıq, amma buna yaşamaq demək olardısa. Krasnodarda yaşamaq bizi çox sıxdı və biz geri qayıtdıq. Ümumiyyətlə, mən Azərbaycandan başqa heç yerdə yaşaya bilmirəm.    

 

“Yurinin hamı üçün ürəyi yanırdı…

 

”   Neçə dəfə ona deyirdim ki, Yuri belə olmaz. O da deyirdi ki, sən öyrətmisən də məni belə olmağı, indi niyə qəbul edə bilmirsən? N.Nərimanov metrosunun yanında qızı müdafiə etdiyi üçün onu bir neçə nəfər döymüşdü. Hətta polis şöbəsinə belə aparmışdılar. Sonradan biz bunlardan xəbər tutduq.  

 

“Ad günündə tanış oldu…”  

 

1392203619_p1020915Yuri əsgərlikdən təzə gəlmişdi. Həyat yoldaşı Tamara iş yoldaşımın qızıdır. Bizdə ad günü olanda tanış olmuşdular və sonra da evləndilər. İki qızları dünyaya gəldi. Yuliya və Regina. İndi Yuri artıq babadır, onun Cəmil adında bir nəvəsi də var.  

 

 “İstədim çağırış vərəqəsini ondan gizlədəm…

 

”   Qarabağ müharibəsi başlayanda Yuriyə də çağırış vərəqəsi gəlmişdi. İstədim gizlədim. Amma sonra fikirləşdim ki, bilsə evi dağıdacaq. Çünki onun xasiyyətini bilirdim. Yuri evə gələndən sonra çağırış vərəqəsini ona təqdim etdim və o bunu çox böyük sevinc hissiylə qəbul elədi. Elə ilk olaraq, Ağdam istiqamətində döyüşlərə başladı. Amma çox qorxurdum. Tez-tez evə zəng edib hər şeyin yaxşı olduğunu deyəndə, bir az ürəyim sakitləşirdi. Yuri Çingiz Mustafayevlə yaxın dost olub. Müharibədə çox vaxtı bir yerdə olublar.  

 

“Vertolyotdan düşüb qışqırdı…”  

 

Bir dəfə onu görmək üçün Gəncə şəhərinə getdim. Dedilər ki, indi gələcək. Yuri vertolyotdan düşən kimi məni görüb qışqırdı ki: -Ana, niyə gəlmisən? Sonra gəldi görüşdük. Məni bağrına basdı (ağlayır). Dedi ki: – Bağışla ki, bu sözü sənə dedim. Dedim ki, Yuri bəsdi bu qədər döyüşdün. Gedək evə artıq uşaqlara baxa bilmirəm. Hər şey mənim üstümə düşür. Dedi ki, tezliklə qayıdacam, ana, narahat olma.  

 

  “İkinci dəfə ailəsini yanına apardım…”  

 

1392203723_p1020905Yurini evə gətirmək heç cür mümkün deyildi. Ona görə də, 1991-ci ilin yayı onun yanına həyat yoldaşı və iki körpə qızıyla getdik. Çaykəndə getdik və bizi Yuriylə görüşdürdülər. Yuri yol boyu döyüş yerlərini mənə göstərdikcə ürəyim titrəyirdi. Bu dəfə onu evə gətirə bildik. Komandiri icazə verdi ki, Yuri bizimlə evə gəlsin. Bir neçə gün evdə qaldı və sonra  geri qayıtdı.  

 

  “Dedi ki, mən insanların tikələrini yerdən yığmaqdan gəlirəm…”  

 

Bir neçə vaxtdan sonra gördük ki, qapı döyülür. Qapını açdıq ki, Yuri gəlib. Üstündən bir neçə silahda asmışdı. Doğrusu, biz qorxduq. Mən yenə buna dedim ki, bəsdir də, oğul, qayıt evə. Bunu demişdim ki, Yuri öz otaqlarına daxil olub, otaqda nə var hamısını dağıdıb-tökdü. İstədim yaxınlaşam, qışqırdı ki, yaxınlaşmayın mənə. Oturub ağladı (ağlayır). Sonra dedi ki, mən insanların tikələrini yerdən yığmaqdan gəlirəm. Elə həmən gün maşını minib Zabrat qəsəbəsinə getdi və dedi ki, silah aparmaq üçün gəlmişəm. Zabratdan maşınına silah doldurub yola düşdü.  

 

“Onlardan biri cavab verdi ki, Yuri yoxdur”  

 

1392203705_p1020900Oktyabrın 1-də elə bil mənə nəsə olmuşdu. Yuri dilimdən düşmürdü və hara çatırdım öz-özümə danışırdım. Ayın 2-də  axşam evə gəldim. Divanda oturub donub qalmışdım. Boğazımdan heç nə keçmirdi. Tamara neçə dəfə dedi ki, heç olmasa çay iç, onu da istəmədim. Ayın 3-ü tezdən gördüm ki, qapı döyülür və bu Yuri deyil. Çünki, onun özünəməxsus qapı döyməyi var idi, o gələndə bilirdik ki, Yuridi. Qapını açdıq və gördüm ki, Yurinin bir neçə döyüşçü yoldaşı qapıda durub. Mən onlardan soruşdum ki, Yuri haradadır? Onlar susdular. İkinci dəfə soruşdum ki, Yuri haradadır?! Onlardan biri cavab verdi ki, Yuri yoxdur (ağlayır).   Yurini dəfn edəndə o qədər adam var idi ki, iynə atsaydın yerə düşməzdi. Yurini birinci Nizami rayonunda qəbristanlıqda dənf elədik. Altı ay sonra bizə Cəlal adında bir adam gəldi və bu təklifi irəli sürdü ki, Yuri “Şəhidlər Xiyabanı”nda dəfn olunmalıdı. Bütün hamısını O elədi, sağ olsun!   Yuridən sonra mən də intihar etmək istədim. Fikirləşirdim ki, özümü körpüdən atam. Kiçik oğlum Vitalik dedi ki, ana, sən də öləndən sonra biz neyləyəcəyik? Sonra fikirləşdim ki, düz deyir uşaqları yerbəyer etmək lazımdır. Ümummilli lider Heydər Əliyevlə görüşdüm. Yurinin ailəsinə ev lazım olduğunu dedim. O da göstəriş verdi və üç günə Yurinin ailəsinə ev verdilər. Hər şeyə görə təşəkkür edirəm. Söz yox ki, Yuri şəhid oldu. Amma bu gün onun haqqında hamı danışır və bizim ailəyə xüsusi hörmət edirlər. Siz də sağ olun bizimlə görüşdünüz.   Sonda biz də şəhidimizin anasına Allahdan səbr diləyib, oradan ayrıldıq.      

 

 

  Vasif Əlihüseyn  

“KarabakhİNFO.com” 

12.02.2014 15:15

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*