Azərbaycanca

Yuxulardakı Zəngilan – XATİRƏLƏR

29.10.2014 | 15:03

besitcayZəngilan Azərbaycanın Ermənistan tərəfindən işğal olunan sonuncu rayonudur. Bura mühüm strateji əhəmiyyətə malikdir. Çünki bu rayon Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşir.

 

Ermənilər Qubadlı və Cəbrayıl rayonlarını işğal etdikdən sonra Zəngilan faktiki mühasirəyə düşüb. 1993-cü il oktyabrın sonunda Sığırt və Bartaz yüksəklikləri alınaraq Zəngilan tam işğal olunub. Bundan sonra minlərlə zəngilanlı ermənilərin mühasirəsində qalıb. Əhali məcbur olub Araz çayı boyunca İran sərhədinə toplaşıb. Lakin Araz çayını keçmək mümkün deyilmiş. O zaman Azərbaycan rəhbərliyi İran hökuməti ilə danışıqlar aparıb və Araz çayı üzərindəki bənddə suyu bağlayıblar. Yalnız bundan sonra əhali çayı keçib xilas olur. Hazırda Zəngilan sakinləri respublikanın müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşayır.

 

Ershad Ezimzade247779_100584360034216_5351266_nBiz “KarabakhİNFO.com” e-jurnalı olaraq bir neçə Zəngilan sakini ilə söhbət etdikdə, onların öz doğma torpaqlarına qayıtmaq ümidi ilə yaşadıqlarının şahidi olduq. Zəngilan ziyalısı, yazıçı-publisist Ərşad Əzimzadə doğma diyarının son günlər yuxusuna tez-tez girdiyini deyir: “Axırıncı dəfə onu necə görmüşdüm elə o cür də gəlir yuxuma, heç dəyişməyib. Onda sakitlik, əminamanlıq idi, qəddar ermənilərin beyninin qurdu hələ tərpənməmişdi. Doğulduğum Seyidlər kəndi, Günəş Xustub dağının arxasına çəkilib yerini rahatlayandan sonra, yorğanını çəkirdi başına, səhərəcən mışıl-mışıl yatırdı, Günəşdən də qabaq oyanırdı, əl-qolunu çırmayıb, başlayırdı iş görməyə. Hələ nahaq qan tökülməmişdi halal torpağımıza.
Yuxuma siftə Xustubun qarlı zirvəsi girir (uşaq vaxtı hər səhər gözümü açanda onu görürdüm), ardınca – Bəsit çayının sahili boyunca düzülən vüqarlı çinarlar cərgə-cərgə gəlir yuxuma, sonra da o biri yerlər… Hayana baxıram – gözəllik, paklıq, saflıq, zənginlik və vüqar dolur gözlərimə”.
“Sonacan vuruşdu vüqarlı Zəngilan”
Ə.Əzimzadənin fikrincə, elimin-obasının bu saflığı, gözəlliyi, zənginliyi və vüqarı hopub zəngilanlıların mənəviyyatına, xarakterinə: “Ona görə də bizim camaatın əqidəsi safdı, baxışları təmizdi, gözü-könlü toxdu, hamı vüqarlıdı, bir çinar əyilməzliyi var zəngilanlılardai, biz mala-pula, vəzifəyə əyilməmişik, bizi sağlam düşüncə idarə edib.
Ə.Əzimzadə doğulub boya-başa çatdığı, Zəngilanın indi xəstə xislətli ermənilərin tapdağı altında qalmasının dözülməz olduğunu vurğuladı: “ Nə qədər qan töküldü bu halal torpağa. Nə qədər saf igidlər şəhidlik zirvəsinə yüksəldi bu saf diyarda. Sonacan vuruşdu vüqarlı Zəngilan. Yüz faiz əminəm: şəhidlərimizin qanı yerdə qalmayacaq. Erməniyə havadarlıq edənlərin özləri bu gün öz başlarını itiriblər. Bu hələ başlanğıcdı. Ədalətsizlik əbədiyaşar deyil. Darıya dolmuş donuzlar öz xoşlarına çıxmasalar darıdan, dəyənəklər işə düşəcək, burunlarına döyə-döyə çıxardacağıq onları. Müzəffər ordumuz əzəli torpaqlarımızı yadların murdar nəfəsindən təmizləməyə elə indinin özündə də qadirdi, sabah isə o daha güclü olacaq!. Bu gün ən böyük arzum Xan Çinarın kölgəsində süfrə açmaq, igid şəhidlərimizi yad etmək, düşmən üzərində zəfər çalmış şanlı bahadırlarımızın şərəfinə sağlıq deməkdir. Amin!!!”.
“Zəngilanda gördüklərim ən xoş və kədərli xatirələrimdir”

 

 

загруженноеFilologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü Zəngilansızlığını bu cür ifadə etdi: “İllər sürətlə keçir. 21 il bundan əvvələ boylananda bunu daha tez görmək olar. Deyirlər, yaşa dolduqcaa insanı daha çox ömrün uşaqlıq çağı özünə çəkir. Uşaqlıq illərimin mələk qanadları Zəngilan adı gələndə yaddaşımı titrədir. Zəngilanda uşaqlıq illərimi keçirtdim. Yaddaşa boylananda həmin illər mənə Zəngilandan çox həzin xatirələr aşılayır.
Zəngilan dedikdə gözümün önündə itirdiyim torpağım canlanır. Evimiz, məhləmiz, qonşularımız, xatirələrim… Uşaqlıq illərimin hamısı kino lenti kimi göz önümə gəlir. Yadlaşmayan bir ünvan canlanır. Həmin ünvan mənim üçün Zəngilandır. O ünvana qayıtmaq istəyirəm. Təsəlli vermək məqama və zamana bağlıdır. Zəngilan həsrəti kütləvi həsrətdir. Təsəllimi ümidlərimə bağlayıram. Düşünürəm ki, bu həsrət bitər. İstəmirəm hicranın yolları ömür qədər olsun.
Yollar bizi bir gün Zəngilana götürsə, mən o torpağı qarış-qarşış gəzərəm. 21 il bundan öncə uşaqlıq illərimin yadigarı olan torpağımıza gənc ziyalı kimi dönmək istəyirəm. Zəngilanın o qədər gözəl, füsunkar təbiəti var ki! Həmin təbiəti, meşələri gəzmək illərin arzusudur qəlbimdə. Bax, bu arzumu yerinə yetirərdim. Bu vüsala qovuşmaq , Zəngilana qayıtmaq istəyirəm. İllərdir belə bir ünvanın axtarışındayam”.
Novruz MemmedzadeMüharibə veteranı Novruz Məmmədzadə deyir ki, bugünkü kimi tam hazırlıqlı ordu olsaydı Zəngilanın işğalının qarşısını almaq olardı: “Sözün əsl mənasında işğal günləri Zəngilanın başınının üstünü qara buludlar almışdı. Göy üzü qara buludla örtülmüşdü. Səngərlərdən şəhid xəbərləri gəlirdi. İnsanlar məcburən illərlə yaşadıqları dədə-baba yerlərini, ocaqlarını tərk edirdilər. Çox dəhşətli mənzərə idi. Araz çayı sahilində 21 ilə qədər uzun çəkəcək məcburi köçkünlüyümüzün ilk günləri başladı. Qarşı tərəfdə isə artıq işğal olunmuş Zəngilan var idi”.
O, Zəngilanı hər gün xatırladığını bildirdi: “Zəngilanda gördüklərimi unutmamışam. Bunlar ən xoş və kədərli xatirələrimdir. Heç vaxt ümidimi itirmədim. Əminəm ki, Zəngilana qayıdacağıq”.

 

 

Fuad Hüseynzadə
“KarabakhİNFO.com”

 

 

29.10.2014 15:03

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*