Azərbaycanca

Zəngəzur və Qarabağın son qalası – Zəngilan

29.10.2013 | 17:45

1383053542_hhhhhFüsunkar təbiətə, zəngin təbii sərvətlərə malik bölgələrimizdən biri də hələ də işğal altında qalan Zəngilan rayonudur. 1993-cü ilin 29 oktyabrında rayonu bütün istiqamətlərdən mühasirəyə alan Ermənistan silahlı qüvvələri ikinci Xocalı soyqırımı törətmək arzusunda idilər. Lakin rayon əhalisinin əksəriyyəti son anda Araz çayını keçərək qırğından xilas oldu.  Çayı keçmək bəzilərinə  hətta canları bahasına başa gəldi…

          Zəngilana Qarabağın sonuncu qalası da deyirlər. Amma əslində Zəngilanı həm Qarabağın həm də vaxtilə sovet hakimiyyəti illərində Ermənistana güzəşt edilmiş Zəngəzur mahalının da son qalası hesab etməliyik. Çünki həmin vaxt Qubadlı, Zəngilan, Laçın rayonları Zəngəzur qəzasının tərkib hissələri idi. Zəngəzurun böyük bir hissəsi – Mehri, Qafan, Qarakilsə (Sisian), Gorus və s. ermənilərə güzəşt edilərkən, Laçın, Qubadlı və Zəngilan Azərbaycanda qalmışdı. Qarabağ rayonlarının ardıcıl işğalı və sıranın Zəngilana gəlib çatması fikrimizcə həm Qarabağın, həm də bizim qədim torpaqlarımız sayılan Zəngəzur mahalının yeganə “sağ qalmış” nişanəsinin itirilməsi idi.

      Zəngilərin yurdu

 

          Zəngilan toponimini incələdikdə maraqlı məqamlar üzə çıxır. Belə ki, oğuz-türk boylarından biri olan və tarixdə böyük dövlətlər yaratmış zəngi tayfalarının Azərbaycanla bağlılığı heç kəsə sirr deyil.  Adları əski mənbələrdə “sanqi” şəklində qeyd edilmiş zəngilər əsasən Qərbi Azərbaycanda İrəvan mahalı ərazisində yaşamışlar. Məsələn Zəngibasar bölgə adının ortaya çıxmasına səbəb olan Zəngi çayı da öz adını bu boydan götürmüşdür. Hətta bu bölgənin Zəngilər kəndi də bu soyun adını yaşadan toponimlərdəndir. Çoxsaylı oğuz tayfalarının məskunlaşdığı Zəngəzur mahalının adında da zəngi tayfasının adı günümüzə gəlib çıxmışdır. Güney Azərbaycanda Zəncan şəhərini də bu türk tayfasının tarix yazdığı bölglər siyahısına daxil etmək olar. Haqqında bəhs etdiyimiz Zəngilan rayonunun adıda bu qədim oğuz boyunun adından götürülmüş və Zəngialan (Zəngilərin aldığı yer) və Zəngilan şəklində müasir dövrümüzə gəlib çıxmışdır.

          Zəngilanda qalalar və abidələr mövcuddur ki, bunlarında tarixi qədim dövrlərə gedib çıxır. Arxeoloji qazıntılar zamanı qalalar, müşahidə məntəqələri,maddi-mədəniyyət nümunələri, qədim sikkələr və məişət qablarının tapılması bunu sübut edir. Burada “Şəhri Şərifan” və ya “Şəhri Xəlifan” adı ilə tanınan bir orta əsr şəhərinin xarabalıqları aşkar olunmuşdur.  Bundan əlavə Məmmədbəyli kəndində yerləşən eyniadlı türbə də dövrümüzə qədər gəlib çatmış abidələrdəndir. Orta əsrlərdə belə türbələr adətən feodal əyanların və  varlı şəxslərin, eyni zamanda tanınmış şəxslərin qəbri üzərində ucaldılırdı. Bu türbənin girişi üstündə olan və nəsx xətti ilə yazılmış bir kitabə vardır. Bu kitabədə deyilir ki, bu türbə 704-cü ildə Ramazan ayında (1305) Məhəmməd əl-xacənin qəbri üstündə tikilmişdir. Bunlardan əlavə XIV əsrə aid olan Hacallı dairəvi bürcünü, Yenikənd sərdabəsini, Zəngilan məscidini və Bartaz qız qalasını göstərmək olar ki, rayonun qədim yaşayış məntəqəsi olduğundan xəbər verir.

  Təbiətin füsunkar nümunəsi

 

          Ölkəmizin səfalı yurdlarından biri olan Zəngilan rayonu Araz çayı boyunca Kiçik Qafqaz dağlarının cənub tərəfində yerləşir. Sıldırımlı qayaları, laləli düzləri, meşələri rayonun təbii gözəllikləri hesab olunur.

          Oxçu və Bərgüşad çayları arasında olan Süsən dağı silsiləsi, cənub-şərqə doğru enərək Ağoyuq düzünü əmələ gətirir. Bura təbaşir çöküntülü suxurlardan ibarətdir. Oxçu çayının hər iki sahilində Karst mağaraları vardır. Rayonun şimal-şərq hissəsində Qarabağ silsiləsi yerləşir. Bu silsilə getdikcə alçalaraq Geyən çölünü əmələ gətirir. Rayonun ərazisində dağlıq hissələrdə sıx meşələr yayılmışdır. 1800-2000 metr hündürlükdə olan enli yarpaqlı meşələr getdikcə enərək subalp və alp çəmənliklərinə keçir. Rayonun ərazisi müalicə əhəmiyyətli bitkilərlə və bulaqlarla zəngindir. Ərazidə zəngin tikinti daşı, gil, mərmər və s. materiallar vardır.

          Zəngilan rayonunda 107 hektar sahəsi olan Bəsitçay Dövlət Təbiət qoruğu, 2,2 min hektar sahəsi olan Arazboyu yasaqlıq, 4 ədəd təbiət abidəsi, 10 min hektar xüsusi mühafizə olunan Araz palıdı meşəsi, 12864 hektar dövlət meşə fondu, 1200-dək büllur sulu təbii bulaqlar, 4 mənbədən ibarət olan, tərkibi “Yessentuki-4” suyuna uyğun gələn “Qotursu” mineral bulaqları, Seyidlər və Gəyəli kəndlərində turş su mineral bulağı var idi.Zəngəzur və Qarabağın son qalası  - Zəngilan

Rayоnun ərazisi cоğrafi mövqеyinə, iqlim və təbiətinə görə digər bölgələrdən     fərqlənir.

Bəsitçay  hövzəsində böyük bir ərazidə təbii Çinar mеşəsi var idi. Yüzilliklərdən kеçib gələn bu nadir çinarlıq dünyada ikinci, Avrоpada birinci yеri tutdu. Akadеmik Həsən Əliyеvin təşəbbüsü ilə nadir təbii mеşəliyi qоrumaq məqsədilə Azərbaycan SSR Nazirlər Sоvеtinin 04 iyul 1974-cü il tariхli qərarı ilə Bəsitçay Dövlət Qоruğu yaradılmışdır.

Bundan əlavə, zəngin flоra və faunaya malik Araz çayı hövzəsi Zəngilanın təbii sərvətləri sırasında özünə məхsus yеr tutur.  Uzunluğu təqribən 50 km оlan qоruğun еni Araz çayının aхınına uyğun оlaraq 50 mеtrdən 250 mеtrə qədər dəyişir. Burada müхtəlif ağaclar, çöl hеyvanları və quşları vardır. Ərazinin əsas tоrpağı gildir. Burada əsasən suya tələbatı çох оlan ağaclar bitir.

   Zəngilanın işğalı

 

 Aprelin 9-da erməni silahlı birləşmələri Qazançı, Seyidlər, Dərəli, Ağkənd, Pirveyis, Günqışlaq kəndlərinə daxil olaraq evlərə od vurdular. Rayonda ilk olaraq bu kəndlər ermənilərin işğalına məruz qaldılar. İki həftə sonra Qazançı və Dərəli kəndləri azad edilsə də, Seyidlər kəndi mühasirədə qaldı.

          Dekabrın 10-da Seyidlər kəndi yenidən ermənilər tərəfindən işğal olunur. Beləliklə, 1992-ci ilin sonuna Zəngilanın 13 yaşayış məntəqəsi, bir çox strateji yüksəklikləri düşmənin əlinə keçir. Bununla da rayonun işğalının əsası qoyulur. Kiçik qruplarla mübarizə aparan və rayonun könüllülərindən təşkil olunmuş özünümüdafiə dəstələri düşmənin ağır texnika və çoxsaylı canlı qüvvəsinə qarşı mərdliklə vuruşdular. Lakin qüvvələr qeyri-bərabər idi. Ermənistan demək olar ki, bütün hərbi gücünü bu rayonun işğalına sərf etmişdi. Hərbi təyyarlər belə bu hücumda iştirak edir və rayonun mərkəzini bombalayırdılar. Ciddi müqаvimətə bахmаyаrаq, vəziyyət daha da çətinləşirdi. Çünкi düşmən döyüşə əlаvə qüvvələr cəlb еdir, təzyiqi аrtırırdı. Dörd gün ərzində əsаsən Mеhri, Qаfаn, Gоrus ərаzilərindən аrаmsız hücumа кеçməкlə qüvvələrimizi bu istiqаmətə cəlb еdən düşmən bеşinci gün – окtyаbrın 27-də səhər Cəbrаyıl-Qubаdlı istiqаmətindən cəbhəni yаrdı.

 Üç istiqamətdə hücuma keçən ermənilər rayonu mühasirəyə aldılar. Mehri istiqamətində hərəkət edən düşmən yüksəklikləri ələ keçirib, Vejnəli və Ağbənd kəndlərini işğal etdilər. Qafan istiqamətində hərəkət edib Bürünlü, Şayıflı, Göyəli kəndlərini tutub rayon mərkəzinə gedən yola çıxdılar. Qubadlının işğal edilmiş ərazilərindən hərəkət edib Saldaş, Çərəli, Mollalı, Qiyaslı, Ulaşlı, Əbilcə, Qarakişi, Tinli, Xocahan, Ağbis kəndləri və Ağbis yüksəkliklərini ələ keçirdilər. Sığırt və Bartaz yüksəklikləri tutulduqdan sonra faktiki olaraq Zəngilan işğal olundu.

 Həmin vaxt təxminən 34 min əhali İran İslam Respublikasının  sərhəddinə – Araz çayı kənarına toplaşmışdı.  Araz çayını isə keçmək mümkün deyildi. Yalnız o zaman dövlət başçısı Heydər Əliyevin birbaşa müdaxiləsindən sonra İran hökuməti ilə danışıqlar aparılır və Araz çayı üzərindəki bənddə suyu bağlayırlar. Yalnız bundan sonra əhali çayı keçib İran vasitəsilə Azərbaycanın müxtəlif regionlarına pənah gətirirlər.  İndi zəngilanlılar paytaxt Bakı da daxil olmaqla respublikanın müxtəlif bölgələrinə səpələnmiş və məcburi köçkün həyatı yaşamaqda davam edirlər.

 Zəngəzur və Qarabağın son qalası  - ZəngilanBeləliklə 1988-ci ildə başlayan və 1994-cü ilə qədər davam edən erməni təcavüzü və Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsi nəticəsində 20% torpağımız işğal edildi. Minlərlə soydaşımız şəhid oldu. Dövlətimizə milyardlarla manat ziyan dəydi. Regional infrastruktur tamamilə dağıdıldı. Bütün bunlar yalnız bir şeyə görə edildi.Böyük Ermənistan xülyası naminə. Doğrudur, BMT-Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan torpaqlarını qeyd-şərtsiz qaytarması barədə bir sıra qətnamələri olsa da, düşmən dövlət bu günə qədər dünyanın ən böyük təşkilatının işğala dair bu qərarlarını faktiki olaraq nəzərə almır. Bu azmış kimi, işğal olunmuş rayonlarımıza, o cümlədən, Zəngilan rayonuna son vaxtlar birbaşa Ermənistan dövlətinin dəstəyi ilə Suriyadan və Ermənistanın digər rayonlarından kütləvi şəkildə erməni əhalinin köçürülməsi həyata keçirilmişdir. Tarixi və hüquqi cəhətdən Azərbaycanın ayrılmaz tərkib hissəsi olması heç bir mübahisə doğurmayan Zəngilan və bütövlükdə digər işğal olunmuş rayonlar bu gün erməni talançılığının və qəsbkarlığının qurbanı olmuşdur. Dünyanın böyük qurumları və dövlətləri isə hələ də ermənilərin bu özbaşınalıqlarına dözümlü yanaşmaqda davam edirlər.

Anar TURAN  

                               

“KarabakhİNFO.com”

29.10.2013 17:45

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*