Azərbaycanca

Zəngilan – “Böyük Ermənistan” xülyasının bir hissəsi kimi

28.10.2012 | 18:42

1351435360_zengilan-menzereMənə öyünməyə -Azərbaycanım,
Vəsf etməyə-Zəngilanım bəs eylər!

XX əsrin əvvəllərindən başlayaraq Qarabağın dağlıq hissəsinin Azərbaycandan qoparılması erməni millətçilərinin əməli və irticaçı fəaliyyət sahəsinə çevrildi. Hələ o vaxtlar havadarlarının köməyi ilə böyük potensiala sahib çıxan erməni təcavüz maşını Qarabağın dağlıq hissəsinə doğru istiqamətləndirildi. Lakin onda Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Qarabağın dağlıq hissəsinə istiqamətləndirilmiş erməni işğalının qarşısını ala bildi. Sovet hakimiyyəti illərində Zəngəzurdan fərqli olaraq Qarabağın dağlıq hissəsinin erməni işğalı altına düşməsinə imkan verilmədi. Əvəzində isə Moskvadakı bolşevik havadarlarının qayğısı və Azərbaycanın daxili işlərinə birbaşa müdaxiləsi nəticəsində Qarabağın dağlıq hissəsində muxtariyyət yaradıldı və əslində erməni separatçılığı üçün dondurulmuş bir təhlükənin bünövrəsi qoyuldu. XX əsrin 80-ci illərində Dağlıq Qarabağ daxilində və ətrafında seperatizmin güclənməsi də, əslində, həmin gizli potensialın hərəkətə getirilməsinin nəticəsi idi. Yəni Dağlıq Qarabağ münaqişəsi bir çox hallarda iddia edildiyi kimi, Qarabağın erməni əhalisinin milli-azadlıq, milli oyanış və s. hərəkatı deyil, erməni-daşnak millətçiliyinin Azərbaycana olan tarixi ərazi iddialarının və “Böyük Ermənistan” xülyasının yenidən gündəmə gətirilməsi idi.

Məhz bunun nəticəsidir ki, Zəngilan bu gün işğal altındadır və onun işğalından düz 19 il ötür. Qeyd edək ki, Zəngilan Dağlıq
Qarabağ tərkibinə daxil deyil. Zəngilan Dağlıq Qarabağ ətrafı rayon olması, həm də İran İslam Respublikası və Ermənistanla sərhəd olması ilə strateji əhəmiyyət qazanmışdır. Biləvasitə işğaldan sonra Ermənistanın İranla sərhəddi artmışdır.
Zəngilan inzibati rayonunun ərazisi 707 kv. km-dir. Rayonunun ərazisi şimaldan Qubadlı və Cəbrayıl, cənubdan və şərqdən İran İslam Respublikası, qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir.
Tarixə nəzər salsaq Zəngilanın müxtəlif illərdə müxtəlif inzibati bölgülərə aid olduğunu görərik. Zaman-zaman tarix Zəngilana gözəl damğalar da vurmuşdur. 1929-cu ildə ZSFSR-nin (Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası) qərarı ilə Zəngilan rayonunun Nüvədi, Toğud, Ernəzir kəndləri 1946-cı ildə isə 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb Ermənistan Respublikasına bağışlanılır. 1929-da və 1946-da bir pay alan Ermənistan 1993-cü il 29 oktyabrda bütünlükdə Zəngilanı işğal altına alınmışdır.
Erməni tarixçiləri Zəngilanın tarixən elə “Böyük Ermənistan”ın 12-ci əyaləti sayıldığını və adının Kovsakan olduğunu iddia edirlər. İşğaldan sonra isə ermənilər yenidən Zəngilanı Kovsakan adlandırırlar.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 1989-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən Zəngilan rayonunun əhalisi 31330 nəfər təşkil etmişdir və cəmi 124 erməni sakini qeydə alınmışdır. Təbii ki, elə burdan nəticə çıxır ki, 124 nəfər tarixən “Böyük Ermənistan”ın 12-ci əyalətində yaşamış soyun və kökün şahidi ola bilməzdi, nə də ermənilərin iddia etdikləri kimi Dağlıq Qarabağın “sərhəd toxunulmazlığı” üçün zəmanət rolunu oynaya bilməzdi.
Bu gün Ermənistan Respublikası və separatçı qurumları “Dağlıq Qarabağ”da qeyri-qanuni işlərlə məşğuldurlar. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilər heç bir dövlətin, beynəlxalq təşkilatın nəzarətində olmayan özünəməxsus kriminal mənbəyinə çevrilmişdi. Təbii ki, separatçı qurum üçün narkotik maddələrin becərilməsi və satışı üçün əlverişli şərait yaranmışdır. Bütün bunlar ABŞ Dövlət Departamentinin narkotik maddələr üzərində beynəlxalq nəzarət strategiyasına dair 2000-ci il mart tarixli hesabatında öz əksini tapmışdır. Çətənə kollarının yetişdirilməsi faktı AŞPA-nın (Avropa Şurası Parlament Assambleyası) Dağlıq Qarabağ üzrə məruzəsində də öz əksini tapmışdır. Əldə olunan pullar ilə isə separatçı qurumların silahlanmasına istifadə olunurdu. Təsadüfi deyil ki, elə AŞPA-nın sənədlərində də Zəngilan rayonunda Livanın “Həmas” qrupunun “Ziyəddin Əl – Gissan” hərbi qolu hal-hazırda fəaliyyətdə olduğu vurğulanır.
Əlavə olaraq çirkli pulların yuyulmasından tutma, Metsamor Atom Elektrik Stansiyasının radioaktiv maddələrinin basdırılmasına qədər itkin düşmüş azərbaycanlıları gəlir məqsədi ilə alver predmetinə çevirərək müxtəlif cinayətkar qruplaşmalarla işbirliyi qurduqları barədə təkzibedilməz faktlar mövcuddur. AŞPA-nın 9063 nömrəli sənədinə görə Ermənistan və işğal olunmuş Azərbaycan ərazilərində 783 nəfər hərbi əsir saxlanılır. Buna baxmayaraq, Ermənistan tərəfi bu faktın doğruluğunu qəbul etmir. Bu gün sənəd 9444- ə əsasən isə işğal edilmiş ərazidə 29 nüvə mərkəzi vardır. Bu sahədə radiasiya və nüvə tullantıları 80000 hektar kənd təsərrüfatı torpağını, 150000 hektar meşəni, 22000 hektar şəxsi sahələri və 2 yaşayış qəsəbəsini zəhərləmişdir.
Bütün bunlar Qafqazda sülhün və sabitliyin gələcəkdə yaradılması üçün ciddi maneəni və daha böyük fəlakətlərin baş verməsinin real təhlükəsini əks etdirir.
Separatçı qurum heç nəyə baxmayaraq bu gün Zəngilanda tikinti işləri aparır, rayona əlavə ailələr məskunlaşdırır.
“Dağlıq Qarabağ” hökumətinin hesabatına görə, 2001-ci ildə Dağlıq Qarabağın əhalisi 143 min nəfər təşkil edib. Halbuki, 1989-cu ilin siyahıya görə həmin ərazidə 90 min nəfərdən bir qədər çox erməni yaşamışdır. ABŞ-ın qaçqınlar üzrə Komitəsinin qaçqınların vəziyyəti ilə əlaqədar 2002-ci ilə dair ümumdünya icmalında Ermənistan üzrə məruzədə 1000-ə yaxın ailənin Ermənistandan Dağlıq Qarabağa köçürüldüyü bildirilib. Onu da nəzərə alaq ki, 2004-cü ilin ilk 6 ayı ərzində işğal olunmuş ərazilərə 120 erməni ailəsi köçürülmüşdür. Son illər isə erməni ailələrin Suriyadan köçü başlamışdır.
Ermənistan Respublikası 2001-ci ildən başlayaraq “Dağlıq Qarabağ” vətəndaşlarına həm qondarma qurumun, həm də Ermənistanın pasportlarını verməyə başlamışdır. Baxmayaraq ki, nə Ermənistan nə də hər hansı bir dövlət Beynəlxalq arenada “Dağlıq Qarabağ” müstəqilliyini tanımır. Bütün faktlar, analizlər, sənədlər “Dağlıq Qarabağ” müstəqilliyi uğrunda mübarizəyə yox, əslində “Böyük Ermənistan” xülyasına götürür. İngilis jurnalisti Tomas de Vall da öz araşdırmalarında belə bir qənaətə gəlmişdir ki, Dağlıq Qarabağ münaqişəsinin qızışdırılmasında daha çox kənardakı ermənilərin rolu olmuşdur.
Demək ki, bu gün dünya informasiya savaşının ətrafında fırlanır. Erməni Diasporası əlindən gələni edir ki, əsl məqsədlərini gizlətsinlər. Əslində məsələnin erməni xalqının azadlıq, milli oyanış hissləri ətrafında olmasını göstərməkdir əsl niyyətləri. Bunun üçün isə erməni diasporası aktiv fəaliyyətdədir. Hər nə qədər erməni diasporası fəaliyyətdə olsa da Azərbaycan müxtəlif təşkilatların verdiyi sənədlərlə haqlı mövqedə durduğunu bütün dünyaya nümayiş etdirir. Bu gün Zəngilanın işğalı ilə bağlı BMT – nin 884 nömrəli qətnaməsi bütünlükdə Azərbaycanın tutduğu mövqeyi dəstəkləməkdədir. Silahların susduğu bir dövrdə , diplomatiya aktiv iş görməlidir. Amma bununla yanaşı həm də hər bir azərbaycanlı xaricdə lobbiçiliklə aktiv fəaliyyət göstərməlidir ki, erməni lobbisinin qarşısını alınsın..
Bu günlərdə erməni saytları Zəngilanın işğalının yaxınlaşdığını bilərəkdən orda aparılan son quruculuq işləri haqqında müxtəlif rəsmlər yaymaqla məşğuldurlar. Bu əslində əks tərəfi qıcıqlandırma istiqamətində hesablanmış bir propoqandadır. Yadıma keçən əsrin əvvəlində Hacı Zeynəlabdinin başına gəlmiş əhvalat düşdü: “Bir nəfər gəlir hacıya şikayət edir ki, bəs erməni dığaları varlanıblar, şəhərin mərkəzini zəbt edib, imarətlər tikirlər, buna əncam çəkmək lazımdır. Hacı gülərək deyir ki, qoy tiksinlər. Onlar gedəcək, imarətləri isə bizə qalacaq.” Eyni halın bu dəfə Dağlıq Qarabağda təkrarlanacağı gün də elə uzaqda deyil!!!

Nəsrin Süleymanlı

28.10.2012 18:42

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*