Azərbaycanca

“Zəngilan zəngilanlılar üçün daha əzizdir”

29.10.2014 | 11:30

DSC_0295Zəngilana Qarabağın sonuncu qalası da deyirlər. Füsunkar təbiətə, zəngin sərvətlərə malik bölgələrimizdən biri də 21 bundan əvvəl işğal olunmuş Zəngilan rayonudur. 1993-cü il oktyabrın 29-da rayonu bütün istiqamətlərdən mühasirəyə alan Ermənistan Silahlı Qüvvələri ikinci Xocalı soyqırımı törətmək arzusunda idilər. Lakin rayon əhalisinin əksəriyyəti son anda Araz çayını keçərək qırğından xilas oldu. Çayı keçmək bəzilərinə hətta canları bahasına başa gəldi…

 

 

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Zəngilanın işğalı və zəngilanlıların Zəngilan həsrəti barədə “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalına müsahibə verdi.

 

 

– Ramiz müəllim, Zəngilanın işğalı barədə nə deyə bilərsiniz?

 

 

Rayon işğal olunmazdan əvvəl düşmən tərəfindən bir neçə gün mühasirədə saxlanıldı. Oktyabrın 29-u səhər vaxtı rayonda xəbər yayıldı ki, bəs ermənilər Cəbrayıl və Qubadlı rayonunu işğal ediblər. Həmin rayonların tamamilə işğal olunması nəticəsində şəhərlə təmas kəsildi və rayon əhalisi Araz çayının sahilinə yığışdı. O dövrdə İran hərbçiləri icazə vermirdi ki, azərbaycanlılar sərhədi keçsin. Həmin çətin məqamlarda ulu öndər Heydər Əliyev İran İslam Respublikası ilə danışıqlar apardı və ümumi razılıq əldə olundu ki, zəngilanlılar Araz çayı vasitəsilə İrana keçsin. Həmçinin onu da deyim ki, Araz çayını maşınla belə keçmək qeyri-mümkün idi. Heydər Əliyevin səyi nəticəsində Araz çayının suyu təxminən 50 faiz çəkildi. Araz çayının suyu çəkiləndən sonra əhali çayın o biri üzünə keçdi. 1-2 gün zəngilanlılar İranda qaldıqdan sonra doğma vətənimizə gəldik. İlk günlər rayon camaatı bölgələrdə olan qohumlarının yanına getdi. Daha sonra dövlət zəngilanlılar üçün şərait yaratdı. Hazırda rayon əhalisi Masazır qəsəbəsində məskunlaşıb. Bu qəsəbədə Zəngilan Rayon İcra hakimiyyəti, Zəngilan rayon Mədəniyyət və Turizm şöbəsi, rayonun Şəhər nümayəndəliyi və digər qurumlar yerləşibdir.

 

 

– Zəngilandan ayrı düşmək zəngilanlılara necə təsir edir?

 

 

Hər bir zəngilanlı gecə-gündüz doğma yurdunu düşünür, Zəngilana geri qayıtmaq arzusu ilə yaşayır. Yaşayış üçün hər bir şərait yaradılsa da amma ata-baba yurdunun yerini heç bir yer əvəz etmir. Zəngilan zəngilanlılar üçün daha əzizdir. Rayon camaatı öz torpaqlarına geri qayıtmaq istəyi ilə yaşayır. Biz əminik ki, ölkə başçısı İlham Əliyevin apardığı siyasət nəticəsində torpaqlarımız geri alınacaq və 42 min nəfər Zəngilan əhalisi öz doğma torpaqlarına qayıdacaqdır.

 

 

– Zəngilanın işğalı zamanı rayona təxminən nə qədər ziyan dəydi?

 

 

İşğal nəticəsində Zəngilana 4,5 milyard dollar ziyan dəyibdir. İşğal nəticəsində rayonda 142 ticarət, 49 iaşə obyekti, 58 səhiyyə, 128 mədəniyyət, 123 təhsil, 80 rabitə obyekti, 2 çörək, 2 şərab, 1 konserv, kərpic və 1 çınqıl zavodu, o cümlədən toxuculuq sexləri də ermənilər tərəfindən məhv edildi.
Onu da deyim ki, Zəngilan işğal olunması nəticəsində 233 nəfər şəhid oldu. Zəngilanın 143 Qarabağ müharibəsi əlili, 2 Milli Qəhrəmanı var.

 

 

– Hazırda zəngilanlılarda ruh yüksəkliyi necədir?

 

 

Zəngilalılar torpaqların azad olunması istiqamətində mübarizəyə hazırdılar. Ali Baş Komandanı əmrini gözləyirik.

 

 

Günel Cəlil
“KarabakhİNFO.com”

 

 

29.10.2014 11:30

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*