Azərbaycanca

Zəngilanda nə qədər Suriya ermənisi məskunlaşdırılıb?

29.10.2013 | 10:47

1383028280_zengilanSuriyada məlum olaylar başlayandan sonra vətəndaş müharibəsi məngənəsində boğulan ölkədən kütləvi köçlər sürətlənməyə başladı. Təbii ki, ən çox axın qonşu, sərhəd ölkələrinə olduğundan, hətta bəzi dövlətlər öz ölkəsində demoqrafik vəziyyətin gərginləşməməsi naminə sərhədlərini Suriyanın üzünə qapatdı. Suriyadan köç edənlər arasında oranın vətəndaşı olan ermənilər və Ermənistanın vəziyyətdən sui-istifadə edərək atdığı addımlar diqqətdən kənarda qala bilməzdi. Təsadüfi deyil ki, həmin ərəfədə Daşnaksütyun Partiyasının işğal olunmuş Azərbaycan ərazisi olan Dağlıq Qarabağdakı ofisində Suriya ermənilərinin problemləri ilə bağlı xüsusi komitə yaradılmışdı. Toplantıda Suriya ermənilərinin Dağlıq Qarabağa köçürülməsi məsələsi müzakirə olunmuşdu. Ermənilərin işğal etdikləri Qubadlı, Zəngilan və Laçın rayonunun bir hissəsində yaratdıqları “Kaşataq” adlı qondarma rayonun rəhbəri Suren Xaçatryan, Suriya ermənilərindən bu əraziyə köçmək barədə müraciət aldığını səsləndirmişdi. Hətta, o, artıq 1 ailəni yerləşdirmək üçün razılığa gəldiklərini və daha 5 ailəni qəbul etməyə hazır olduqlarını bildirmişdi. S.Xaçatryan hadisələr hələ başlamamışdan əvvəl Suriyadan 7 ailənin gəldiyini və 5 ailənin burada qaldığını dilə gətirmişdi. Təbii ki, bütün bunlar Suriyada hələ vətəndaş müharibəsi yenicə alovlanan bir zamanda olmuşdu.

 

Ermənistan rəhbərliyinin hazırlıqları

 

Ən önəmlisi isə Ermənistanın Suriyadakı vəziyyətdən istifadə edərək atdığı addımlar idi. Həmin dövrdə Ermənistan Polisi pasport və viza idarəsinin daha çox suriyalı ermənilərin Ermənistan vətəndaşlığı almaq istədiyini açıqlaması da vəziyyətin nə qədər ciddi olduğundan xəbər verirdi. Ötən il iyulun 26-da Ermənistan hökumətinin ölkəyə köçmək istəyən Suriya erməniləri üçün vətəndaşlıq alma prosedurunu sadələşdirməsi də rəhbərliyin hazırlğının göstəricisi hesab oluna bilər. Belə ki, diaspor naziri Qranuş Akopyan bildirmişdi ki, hazırda xarici vətəndaşlara Ermənistan pasportu Ermənistan Polisinin Viza və Pasport İdarəsindən verilir. Artıq həmin tarixdən etibarən ayrı-ayrı hallarda Ermənistanın xaricdəki diplomatik nümayəndəliklərindən və konsulluq idarələrindən pasport verilməsi nəzərdə tutulmağa başladı. Nazir həmçinin qeyd etmişdi ki, Suriyada baş verən son hadisələrlə əlaqədar minlərlə Suriya və Livan ermənisi vətəndaşlıq almaq xahişi ilə Ermənistan hakimiyyətinə müraciət ediblər. Polisin məlumatına görə, 2010-cu ildə Ermənistan vətəndaşlığı almaq üçün 422 Suriya vətəndaşı müraciət edibsə, 2011-ci ildə onların sayı 3 minə çatıb, cari ilin birinci rübündə isə 1500-dən çox suriyalı müraciət edib. Onların əksəriyyəti Suriyada yaşayan ermənilərdir. Ermənistan Polisi viza və pasport idarəsinin əcnəbilərin qeydiyyata alınması şöbəsinin rəisi Artur Sahakyan isə bildirir ki, son üç il ərzində 300 suriyalı erməniyə Ermənistanda yaşamaq vəsiqəsi verilib. Təbii ki, bu məskunlaşmaların əksəriyyəti Azərbaycanın işğal olunmuş torpaqlarında həyata keçirilir. Çünki Suriyada kənd təsərrüfatı ilə məşğul olan ermənilər, həmin peşələrini davam etdirməsi üçün ən uyğun torpaqlar işğal altında saxladıqları Dağlıq Qarabağ və ətraf rayonlardır. Ermənistan rəhbərliyi onlara ev tikmək və təsərrüfat sahələrini qurub inkişaf etdirməsi üçün ayırdığı kreditlər də həmin hazırlığın tərkib hissəsi hesab oluna bilər.

 

Zəngilanda nə qədər Suriya ermənisi məskunlaşdırılıb?Azərbaycanın etirazı

 

Təsadüfi deyil ki, həmin dövrdə Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev açıqlamasında Ermənistanın erməni əsilli Suriya vətəndaşlarının Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirmək məqsədli əməllərindən narahat olduğunu bildirmişdi: “Suriya böhranı müxtəlif təsirlərə malikdir və onun nəticələri digər regionlarda və ölkələrdə özünü biruzə verir. Biz bəzi kateqoriyadan olan Suriya vətəndaşlarının münaqişədən əziyyət çəkən ərazilərdə, hətta işğal olunmuş ərazilərdə məskunlaşmağa həvəsləndirilməsi üçün məqsədyönlü cəhdlərin olduğu barədə xəbərlər almaqda davam edirik”.

Onun sözlərinə görə, bu kimi əməllər beynəlxalq humanitar hüququ və beynəlxalq insan haqlarını pozur: “Sözsüz ki, mən Ermənistanın erməni əsilli Suriya vətəndaşlarının Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirmək məqsədli əməllərini nəzərdə tuturam. Beynəlxalq ictimaiyyət diqqətini Suriya böhranından çıxış yolları axtarmağa yönəltdiyi bir vaxtda, sözügedən ölkənin xalqının üzləşdiyi əzabdan başqa regionda sülh səylərini və vəziyyəti çətinləşdirmək üçün istifadə olunur. Şübhəsiz ki, Suriyadan olan qaçqınların ehtiyaclarını evlərinə qayıtmaq arzusu ilə yaşayan yüz minlərlə azərbaycanlı məcburi köçkünün hesabına aradan qaldırmaq cəhdləri qanunsuzdur və heç bir şərtlə qəbuledilən və dözülən deyil”.

 

Suriya erməniləri harada məskunlaşdırılır?

 

Qeyd edək ki, əslində Qarabağda hələ Suriya hadisələri başlamamışdan əvvəl müəyyən sayda Suriyadan gələn ermənilər məskunlaşdırılmışdı. Hələ üç il əvvəl ATƏT-in Minsk Qrupu müşahidəçilərinin apardığı monitorinq də bu faktı üzə çıxarmışdı. Ötən ilin oktyabr ayında ATƏT-in Minsk Qrupunun müşahidəçiləri bu ərazilərdə ekoloji durum, tarixi və mədəni irsin vəziyyəti, habelə buradakı yaşayış məntəqələrinin ermənilərlə məskunlaşdırıldığı barədə məlumat toplamışdılar.

 

BBC-nin İrəvan müxbiri Aleksey Manvelyan Zəngilanda Yaxın Şərqdən və Ermənistandan gələn ermənilərin məskunlaşdığını xəbər vermişdi. Məlumatda qeyd olunurdu ki, əsas etibari ilə də Zəngilanda Yaxın Şərqdən, Suriyadan və Ermənistandan gələn ermənilərin məskunlaşdığı faktı üzə çıxmışdı. Ümumiyyətlə, Dağlıq Qarabağa və digər işğal olunan rayonlara ermənilərin köçürülməsi barədə dəfələrlə məlumatlar yayılıb. Ermənistan hökuməti hətta erməni ailələrini həmin bölgəyə köçürmək üçün müxtəlif yalançı vədlər verir, bütün məkrli vasitələrə əl atır.

 

Zəngilanda məskunlaşan erməni ailələri bildirir ki, onları bura köçürən Ermənistan hökuməti yardım göstəriləcəyinə dair söz verib. Yaxın Şərqdən bu bölgəyə aldadılaraq köçürülən ermənilər yardımı ala bilməsələr də, Zəngilanın münbit torpaqları, əlverişli iqlimi onları razı salıb. “Azadlıq” radiosunun Zəngilanda apardığı çəkilişlərlərdən, hələ 2011-ci ildə ermənilərin orada məskunlaşdığı aydın olur. Az sayda və çox pis şəraitdə yaşasalar belə, ermənilər açıqlamasında iqlimdən çox böyük razılıqla danışırlar. Suriyada iqlimin çox soyuq olduğunu, buna baxmayaraq orada da, Zəngilanda da kənd təsərrüfatı ilə məşğul olduqlarını deyirlər. Müşahidələr zamanı diqqətimizi çəkən daha bir məqam isə, məskunlaşan ermənilərin ailə tərkibi idi. Ayrı-ayrı üç erməni ailəsinin üzvləri açıqlamalarında ən azı beş uşağa sahib olduqlarını bildirirlər və onların işsizliyindən şikayətlənirlər. Amma onları razı salan sadəcə bir məqam var: Azərbaycan torpaqlarının münbitliyi, iqlimin kənd təsərrüfatının bütün sahələri ilə məşğul olmağa yaratdığı imkanlar. Hətta bir erməni açıqlamasında deyir ki, torpaqlar o qədər münbitdir ki, nə əkirsən, bitir.

 

2013-cü ildə erməni mətbuatının yazdığına görə, 200-ə yaxın ailə Zəngilanda məskunlaşdırılıb. “Yerkramas” saytının məlumatına görə köçürülən ermənilər üçün ev tikintisi və kənd təsərrüfatına kreditlər ayrılıb. Saytın yazdığına görə, onların çoxu erməni dilini bilmir və ərəbcə danışır. Erməni dilini öyrənmək üçün yerli məktəblərdə dərnəklər təşkil olunub. Buna baxmayaraq, ermənilər işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda məskunlaşmaqdan o qədər də məmnun deyillər. Çünki həmin torpaqların Azərbaycana məxsus olduğunu yaxşı bilirlər. Ermənistan ermənisinin yaşamaq istəmədiyi torpaqlarda, onların məskunlaşdırılmasını, Azərbaycana qarşı istifadə predmeti olduğunu gözəl anlayırlar.

 

 

 

Seymur Həsənli

 

“KarabakhİNFO.com”

 

 

29.10.2013 10:47

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*