Azərbaycanca

Zəngilanda nəyimiz qaldı?!.

27.10.2012 | 10:03

1351317220_zengilanZəngilan rayonu 1930-cu ildə təşkil olunmuşdur. Rayonun ümumi sahəsi 707 kv. km, əhalisi isə 35.351 nəfərdir. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 1 qəsəbə, 81 kənd var idi. Mərkəzi Zəngilan şəhəridir. 

XX əsrin sonu Azərbaycan xalqının tarixinə faciələrlə dolu bir dövr kimi yazıldı. Ölkədə ictimai – siyasi vəziyyət, daxili çəkişmələr, bir – birinə xəyanət edən silahlı birləşmələrin bəd əməlləri torpaqlarımızın itirilməsi ilə nəticələndi. Zəngilan da digər rayonlarımız kimi xəyanətin qurbanı oldu. Təqvimimizdə daha bir qara günün sayı artdı – 29 Oktyabr.

 Zəngilan müharibə alovunun qasırğasını 1990-cı ildən başlayaraq daha tez – tez hiss etməyə başladı. Ermənilər dəmir yolunu bağlayır, qatarları saxlayır, adamları girov götürürdülər. 1992-ci ilin əvvəllərindən isə rayonun sərhəd kəndləri döyüş zonasına çevrildi. Yerli əhali gizlədib saxladıqları ov tüfəngləri ilə torpaqlarımızı qoruyurdular. Ermənilər isə xarici havadarların köməyi ilə mükəmməl silahlanmışdılar.  

Zəngilanın işğalı artıq 1992-ci ildə faktiki olaraq reallaşmışdı. Hərbi işdən az – çox  başı çıxan adam bu reallığı açıq – aydın görürdü. Tam aydınlıq olsun deyə, işğala aparan bu yolda xronoloji ardıcıllığa qısa nəzər salaq:

1992 – ci ilin yanvar ayının sonunda  ermənilərin Zəngilana mütəşəkkil hücumları başlayır. Fevralın 1 – də Günqışlaq, Qazançı, Dərəli və Veynəli kəndinə basqın edirlər. Artıq döyüşlər intensiv xarakter almışdı. Aprelin 9 – da erməni silahlı birləşmələri Qazançı, Seyidlər, Dərəli Ağkənd, Pirveyis, Günqışlaq kəndlərinə soxulur. Evlərə od burub yandırırlar. Beləliklə, bu kəndlər ermənilərin nəzarəti altına düşür.

Bundan sonra ermənilərin növbəti hücumu iyunun 29 – da oldu.  Çox ağır və qanlı döyüşlər 2 saat çəkdi. Artıq iyulun 6 –da düşmən rayon mərkəzini atəşə tutur. Bütün yayı Zəngilanın kəndləri və rayon mərkəzi düşmən atəşinə məruz qalır. Bir müddət fasilə verdikdən sonra oktyabrın 20 – də ermənilərin döyüş təyyarələri rayon mərkəzini bombalayır. Belə şəraitdə Bakıda hələ də siyasi hərc – mərclik hökm sürürdü. Dekabrın 10 – da  bir çox kəndlər ermənilər tərəfindən işğal olunur. Beləliklə, 1992 – ci ilin sonuna Zəngilanın 13 yaşayış məntəqəsi, bir çox strateji yüksəklikləri düşmənin əlinə keçmişdi. Bununla da rayonun işğalının əsası qoyulur. Baş verən hadisələrə baxmayaraq hökumət heç nə etmir, heç bir tədbir görmürdü. Vəziyyət isə getdikcə çətinləşirdi.

1993 – cü ildə isə döyüşlər ara vermirdi. Yaz fəslində ermənilərin hücumları daha da intensivləşir. Martın 2 – də Aşağı Göyəli və Canbir kəndləri işğal olunur. 2 gün sonra Şayıflı və ətraf kəndlərə düşmən hücumları genişlənir. Rayon mərkəzi isə intensiv atəş altında idi. Belə bir şəraitdə çətinliklərə baxmayaraq, əhali təslim olmur, düşmən hücumlarını mərdliklə dəf edirdi. İyulun 19 – da  Qızıldaş qəsəbəsi döyüş meydanına çevrilmişdi. Avqustun 25 – də erməni hərbi birləşmələri genişmiqyaslı hücuma keçərək daha 5 kilometr irəlilədilər. Rayon mərkəzinin mühasirəyə düşmək təhlükəsi daha da artmışdı. Oktyabrın sonuna yaxın rayon tam mühasirəyə düşdü. Oktyabrın 25 – 26- da Sığırt və Bartaz yüksəklikləri işğal olunmuşdur. Bununla da Zəngilanın mühasirəsi başa çatdırıldı.  29 Oktyabr 1993 – cü ildə Zəngilan işgal olundu.

Rayon işğal olunduqda, təxminən 34 min əhali İran sərhədinə – Araz çayının kənarına toplaşır. Gur sulu Araz çayını isə keçmək mümkün deyildi. Xalqımızın xilaskarı, ulu öndərimiz Heydər Əliyev bu dəfə də xalqın köməyinə gəldi. O, İran höküməti ilə danışıqlar ararır və Araz çayı üzərindəki bənddə suyu bağlayırlar. Yalnız bundan sonra əhali çayı keçib xilas olur. Buna görə də zəngilanlılar Heydər Əliyevə daim minnətdardılar. O, olmasaydı, yəqin ki, camaat ya qırılmalı, ya əsir düşməli, ya da Arazın sularına qərq olmalıydı.

Zəngilanda nəyimiz qaldı ?

Dünyada II, Avropada I nadir çinar meşələri; 

Torpaq üzərində olan bütün var-dövlət;

67 məktəb, 56 kitabxana, 34 klub, 9 mədəniyyət evi, 7 xəstəxana, 6 iri dəmir yol stansiyası, 2 şərab zavodu, konserv zavodu, dəmir yol deposu və s…

 

Hazırda Zəngilan rayonunun məcburi köçkünləri Bakıda və respublikamızın 43 rayonunda müvəqqəti məskunlaşmışdır. Zəngilan rayonunda erməni təcavüzü nəticəsində Milli Ordunun 33 nəfər döyüşçüsü qəhrəmancasına həlak olmuş, 7 nəfər polis işçisi itkin düşmuşdür. Zəngilan 200 nəfərdən çox şəhid vermiş, 12800 uşaq zərər çəkmiş, 395 uşaq yetim qalmışdır, 127 nəfər isə müharibə əlilidir.

 

 Hazırladı: Eldar   Orucov

 

KarabakhİNFO.com

 

 

27.10.2012 10:03

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*