Zəngilan Azərbaycanın işğal edilən sonuncu rayonudur. Bu gün – oktyabrın 29-da Zəngilanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin 20 ili tamam olur.
Qeyd edək ki, 1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon oldu. Qonşu Qubadlı və Cəbrayılın işğalı nəticəsində mühasirəyə düşən rayon əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə gördü. Əks təqdirdə ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı.
Məlumat üçün bildirək ki, Zəngilan inzibati rayon kimi 1930-cu ildə təşkil edilib. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikası, qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir. Zəngilan Azərbaycanın çox zəngin təbii sərvətə malik olan bölgələrindən biri olub. Həmçinin, bu torpaqda neçə – neçə alim, ziyalı dünyaya göz açıb.
Bu günkü müsahibimiz əslən Zəngilan rayonundan olan, bu torpaqda böyüyüb boya – başa çatan tarixçi, elmlər namizədi Nəsiman Yaqubludur.
– Zəngilan mənim üçün təbii ki, çox dəyərlidir. Çünki bu torpaq çox zəngin təbiətə malik olub.
Bu rayonun ərazisində olan təbii sərvətlər demək olar ki, çox məşhur idi. Xüsusən, orada olan Çinar meşəsinin gözəlliyi dillərə dastan idi. Çinar meşəsi Bəsitçay qoruğunun ərazisində yerləşirdi. Çinar meşəsi bu gün düşmən tapdağında olduğu üçün haray çəkir. Həmçinin, Zəngilandan Bəsit və Kərim çayının axması bu bölgəni çox zəngin məkana çevirmişdir.
İndi ermənilər həmin meşəni məhv etməklə məşğuldurlar. Hazırda isə 42 hektar Çinar meşəsi ermənilər tərəfindən vəhşicəsinə qırılıb. Amma azğın, mənfur düşmənlər bilməlidir ki, nə qədər ağacları qırsalar belə, onların kökləri çox dərin qatlara gedir və həmin kökləri yox edə bilməyəcəklər. Ümidvarıq və inanırıq ki, tezliklə torpaqlarımızı qaytara biləcəyik.
–Zəgilanı itirməklə biz nələri itirmişik?
Zəngilanı itirməklə biz nələri itirməmişik ki? Zəngilan tarixi mədəniyyətə malik bölgə idi. Zəngilanı itirməklə biz tariximizi itirmişik. Danılmaz faktdır ki, Zəngilan öz tarixi abidələri ilə məşhur olub. Burada XIV əsrə aid olan Məmmədbəyli türbəsini misal çəkə bilərəm. Türbə 1304-cü ildə ağ daşdan tikilib. Məmmədbəyli türbəsi Azərbaycan memarlığı üçün xarakterik olan səkkizguşəli türbələrin ən yaxşı nümunələrindən biri sayılır. Burada qədim abidələr var idi. Çox təəssüflər olsun ki, bu abidələr yetərincə öyrənilmədən, tədqiq edilmədən yağı düşmən tərəfindən zəbt olundu.
Eyni zamanda, bu bölgənin bir əhəmiyyəti də ondan ibarət idi ki, Zəngilan Güney Azərbaycanla həmsərhəd idi.
– Zəngilan sonuncu bölgəmizdir ki, ermənilər tərəfindən işğal olunub. Zəngilan düşmənə təslim olmamaq üçün bir aydan artıq vuruşub. Amma yenə də biz Zəngilanı itirdik…
Bilirsiz ki, Zəngilan dağlıq ərazidə yerləşirdi və düşmən bu torpağı işğal etməsi üçün ilk növbədə yüksəklikləri ələ keçirməli idi. Qubadlı da işğal olunandan sonra Zəngilanı qorumaq çətin idi. Bu torpağın işğal olunmaması üçün cavan və qolu güclü oğlanlarımız əllərindən gələni əsirgmədilər.
– Zəngilanla bağlı xatirələrinizi bizimlə bölüşə bilərsiniz?
Zəngilanla bağlı xatirələrim çoxdur. Hər gün o torpaqda yaşadığım anları xatırlayıram və kövrəlirəm. Xüsusən də, Zəngilanın təmiz havasını, gözəl təbiəti və mehriban insanları üçün çox darıxıram. Uşaqlığım bu ərazidə keçib. Zəngilanda doğulmuşam və orada böyüyüb başa çatmışam. Mənim bu gün tarixçi olmağımda Zəngilanın böyük rolu var.
Müsahibimiz onu da bildirdi ki, tək onun deyil, bütün zəngilanlıların tək istəyi doğma torpağa qayıtmaqdır. Bu istək 20 ildən çoxdur ürəyimizdə yaşayır. İnşallah torpaqlarımız yaxın zamanlarda geri qayıdar və biz dövlətimizin əldə etdiyi uğurları doğma torpaqlarımızda qeyd edərik.
Günel CƏLİL
“KarabakhİNFO.com”