Azərbaycanca

Zaur Qəriboğlu: “Azərbaycanda Qarabağla bağlı saytların maliyyə dəstəyi çox aşağıdır”

18.07.2014 | 13:23

Zaur Gariboghlu“Azərbaycan mətbuatında Qarabağ mövzusunun qabardılmamasına səbəb milli birliyin olmamasıdır”. Bunu Modern.az saytına açıqlamasında Karabakhinfo.com saytının baş redaktoru Zaur Qəriboğlu deyib. Ermənistan mətbuatında Qarabağ mövzusuna daha çox diqqət verilməsinə münasibət bildirən baş redaktor bunun müxtəlif səbələri olduğunu vurğulayıb: “Azərbaycan mediasında Qarabağ mövzusuna etinasızlığa əsas səbəblərdən biri milli marağın az olmasıdır. Digər tərəfdən, saytların fəaliyyət göstərməsi üçün maliyyə dəstəyi də yoxdur. Biz iki il bundan əvvəl bu saytı deputat, AVCİYA-nin prezidenti Elxan Süleymanovun maliyyə dəstəyi ilə yaratdıq. Bir az sonra Ermənistanda belə sayt yarandı və orada yazılmışdı ki, “KarabakhİNFO.com” Prezident Administrasiyasının dəstəyi ilə fəaliyyət göstərir. Hətta erməni saytları bizi “Azərbyacanın propaqandası” adlandırır. Guya ki, biz dövlətdən maliyyələşirik. Amma biz dövlətdən maliyyələşmirik”.

 

Z.Qəriboğlu deyir ki, bizdə Qarabağla bağlı olan saytlar planlı fəaliyyət göstərmir:

 

“Bəlkə də problemlər planlı fəaliyyət göstərilməməsindən yaranır. Bu yaxınlarda bizim 1905.az saytının təşəbbüsü ilə redaksiyamızda Qarabağla bağlı bütün saytların toplantısını keçirdik. O zaman belə razılığa gəldik ki, bu görüşləri tez-tez təşkil edək, bu saytların fəaliyyətini daha da genişləndirək. Çünki saytların çoxu elə-belə fəaliyyət göstərir. Onları qınamaq da olmaz, maliyyə dəstəkləri və fəaliyyət göstərmək üçün şəraitləri yoxdur. Qarabağla bağlı barmaqla sayılacaq qədər saytın maliyyə dəstəyi, şəraiti var, onlardan da biri bizik”.

 

Baş redaktor təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə media qurumları ilə əlaqə qurmağa çalışdıqlarını da qeyd edib: “Xarici media qurumları ilə də əlaqələrimiz olur. Hətta bir neçə xarici ölkədə həmin ölkələrin vətəndaşları var, bizimlə qonorar sistemi ilə əməkdaşlıq edirlər. Gürcüstan, Türkiyə və Fransa bu ölkələr sırasına daxildir”.

 

Qarabağla bağlı təbliğatın daha da genişləndirməsinin, milli vətənpərvərlik ruhunun artırılmasının vacib olduğunu vurğulayan Zaur Qəriboğlu bunun üçün birlik lazım olduğunu bildirir: “Çox təəssüflər olsun ki, bizdə, xüsusilə də gənclər arasında milli-vətənpərvərlik ruhu qalmayıb. Bəzi gənclərimiz avropalı olduğunu iddia edir, amma xəritədə Avropanı göstərə bilmir. Bizdə milli-vətənpərvərlik çox zəifdir. Millətə anlatmalıyıq ki, Qarabağ hamının məsələsidir. “Mən şəkiliyəm, bakılıyam, gəncəliyəm, Qarabağ mənə aid deyil” deyib kənara çəkilmək olmaz. Bu hamımızın məsələsidir. Biz dəfələrlə Azərbaycanda media qurumlarına müraciət etmişik ki, gəlin bir yerdə fəaliyyət göstərək. Amma hələ də heç bir səs-soraq yoxdur. Ona görə yoxdur ki, birdən hardasa bizim saytın adı gedər, ona İP gələr, reklamı artar. Milli məsələdə belə şeylər düşünmək ayıbdır”.

 

Z.Qəriboğlu son zamanlar Ermənistanda girov düşən azərbaycanlılar barədə xəbərlərin milli-vətənpərvərlik hislərini nisbətən qabartdığını düşünür.

 

“KarabakhİNFO.com”

18.07.2014 13:23

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*