All posts by Rashad Suleymanov

Azərbaycanlı hərbçilər amerikalı həmkarları ilə birgə planlar quracaq

07.04.2015 | 10:33

defense_ministry_mudafie_nazirliyi

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, aprelin 7-də Bakı şəhərində Azərbaycan-ABŞ ikitərəfli hərbi əlaqələrin razılaşdırılması konfransı, aprelin 8-dən iyunun 10-dək ABŞ-ın San Antonio şəhərində ABŞ Quru Qoşunları Kollecində “Komanda və Qərargah” kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

 

Trend.az

Ermənistan silahlı qüvvələri sutka ərzində atəşkəs rejimini ümumilikdə 57 dəfə pozub

07.04.2015 | 10:31

14283839533487264767_750x500

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 57 dəfə pozub.

Ermənistanın İcevan rayonunun Paravakar, Berd rayonunun Ayqepar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Ordusunun Ağstafa rayonunun Köhnəqışlaq, Tovuz rayonunun Əlibəyli kəndlərində və Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri atəşə tutulub.

Azərbaycan Respublikasının Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Ağdam rayonunun Şıxlar, Şuraabad, Cəvahirli, Kəngərli, Şirvanlı, Sarıcalı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

http://azertag.az/xeber/844112

Uorlik: “Ümid edirik ki, tərəflər qarşıdan regionda beynəlxalq tədbirlər zamanı atəşkəs rejiminə hörmətlə yanaşacaqlar”

07.04.2015 | 10:29

publika.az1401257736ceyms

“Prezidentlərin müzakirə çərçivəsini müəyyənləşdirmək və regiona növbəti səfərimizin tarixini təyin etmək üçün hər iki xarici işlər naziri ilə görüş imkanlarını araşdırırıq”

 

“Biz ümid edirik ki, tərəflər qarşıdan gələn bayramlar, anma mərasimləri və regionda beynəlxalq tədbirlər zamanı atəşkəs rejiminə hörmətlə yanaşacaqlar”.

 

Bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik APA-ya açıqlamasında deyib.

 

Diplomat bildirib ki, hər iki ölkə prezidenti təmas xəttində və ya Ermənistan-Azərbaycan sərhədində hərbi əməliyyatlara başlamayacaqları ilə bağlı onları əmin edib: “Hələ ki, bizim bu öhdəliyi yoxlamaq və ya nəzarət etmək üçün vasitələrimiz yoxdur, lakin stabillik danışıqlar üçün daha müsbət dinamika yarada bilər. Biz prezidentlərin növbəti görüşünün bu ilin sonuna kimi keçirilməsini gözləyirik. Prezidentlərin müzakirə çərçivəsini müəyyənləşdirmək və regiona növbəti səfərimizin tarixini təyin etmək üçün hər iki xarici işlər naziri ilə görüş imkanlarını araşdırırıq”.

 

Apa.az

 

Argentina mətbuatında erməni təxribatı aradan qaldırılıb

07.04.2015 | 10:27

trend_mid_azerbaijan_main

Argentina Milli Xəbərlər Agentliyi Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə birmənalı hörmətini ifadə edib.

Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 18-23 mart tarixlərində Ermənistanda keçirilmiş beynəlxalq mediaforumun bəzi iştirakçılarının Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri təşkil olunub. Həmin iştirakçılar arasında Telam – Argentina Milli Xəbərlər Agentliyinin jurnalisti Maria Laura Karpineta (Carpineta) da olub və qanunsuz səfərdən sonra argentinalı jurnalistin Telamın internet saytında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı erməni tərəfinin mövqeyini əks etdirən məqaləsi yerləşdirilib.

Məsələ ilə bağlı Azərbaycanın Argentinadakı Səfirliyi Telam agentliyinin rəhbərliyi ilə əlaqə saxlayıb. Səfirlik tərəfindən jurnalistin Azərbaycanın işğal olunmuş ərazilərinə icazəsiz səfər etdiyi, bununla Azərbaycanın müvafiq qanunlarını pozduğu və buna görə də Azərbaycanda “arzuolunmaz şəxslərin siyahısı”na daxil ediləcəyi bildirildi, habelə yazının agentliyin rəsmi internet saytında yerləşdirilməsinin qəbuledilməz olduğu diqqətə çatdırıldı. Həmçinin Səfirlik tərəfindən Telam agentliyinə Ermənistanın Azərbaycana qarşı işğalı ilə bağlı ətraflı məlumat da təqdim olundu.

Bundan dərhal sonra aidiyyəti məqalə Telam agentliyinin rəsmi səhifəsindən çıxarıldı. Eyni zamanda, agentliyin rəhbərliyi tərəfindən Azərbaycan Səfirliyinə rəsmi üzrxahlıq məktubu da göndərildi.

Məktubda Telamın rəhbərliyi təəssüfləndiyini bildirib ki, agentliyin internet saytında yerləşdirilmiş aidiyyəti üzrə məqalədə BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrində qeyd olunduğu kimi Dağlıq Qarabağın Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisi olması və Ermənistan tərəfindən işğal olunması fikri aydın şəkildə əks olunmayıb. Məktubda qeyd olunub ki, sonradan aparılmış araşdırma nəticəsində məsələ ilə bağlı bir sıra səhvlərə və qeyri-dəqiqliklərə yol verildiyi aşkarlanıb və bu səbəbdən də məqalə agentliyin internet saytından çıxarılıb. Telam rəhbərliyi baş vermiş insidentə görə ən səmimi üzrxahlığını bildirdi və bu kimi anlaşılmazlıqların gələcəkdə təkrarlanmaması üçün müvafiq iş aparılacağına əmin etdi. Məktubun sonunda Argentina Milli Xəbərlər Agentliyinin rəhbərliyi Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə birmənalı hörmətini ifadə edib.

 

Trend.az