Məlumat üçün qeyd edək ki, 1885-ci il sentyabrın 18-də Şuşa qəzasına bağlı Ağcabədi kəndində anadan olmuş Üzeyir Hacıbəyov ilk təhsilini Şuşadakı ikisinifli rus-türk məktəbində alıb. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəyovun musiqi tərbiyəsinə müstəsna təsir göstərib. 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alan Hacıbəyov burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəyib, skripka və baritonda çalmağı öyrənib, xalq mahnı nümunələrini nota köçürüb.
Üzeyir Hacıbəyovun 1908-ci il yanvarın 15-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulub. Hacıbəyov operanın librettosunu Füzulinin eyni adlı poeması əsasında yazıb.
Hacıbəyov 1909-1915-ci illərdə bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşudbanu” (1912), “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin “Şahnamə” əsərinin motivləri əsasında yazıb. O, “Leyli və Məcnun”dakı üslub xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da davam etdirib.
Xalq dastanı əsasında bəstələdiyi “Əsli və Kərəm” operasında Hacıbəyov muğamatla bərabər aşıq musiqisindən də istifadə edib.
Üzeyir Hacıbəyov Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Onun “Ər və Arvad” (1909, ilk tamaşası: 1910), “O Olmasın, bu Olsun” (1910, ilk tamaşası: 1911), “Arşın mal alan” (1913) musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri əksini tapıb. Hacıbəyov 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya gedib, həmin il burada filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq konservatoriyasında oxuyub. Peterburq dövrü Hacıbəyovun yaradıcılığında mühüm rol oynayıb. O, “Arşın mal alan” musiqili komediyasını məhz burada yaradıb.
Xüsusi olaraq bildirək ki, bəstəkar Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul olunmuş və Azərbaycan yenidən müstəqilliyə qoşulduqdan sonra yenidən rəsmi status verilən Azərbaycan dövlət himninin müəllifidir. Üzeyir Hacıbəyovun “Sənsiz”, “Sevgili canan” romansları, “Çırpınırdı Qara dəniz” mahnısı, “Aşıqsayağı” kamera-instrumental əsəri, “Qaytağı” xoreoqrafik miniaturü və yüzlərlə digər əsərləri bu gün də musiqisevərlər tərəfindən sevə-sevə dinlənilir.
Dahi bəstəkarın anadan olması münasibətilə Azərbaycanda hər il müxtəlif silsilə tədbirlər keçirilir. Elə bu gün də ölkənin bütün bölgələrində dahi bəstəkarın anadan olması münasibətilə tədbirlər təşkil olunub. Onun doğum günü münasibətilə musiqisevərlər bir araya toplaşır, dahi bəstəkarın bəstələdiyi musiqilər ifa olunur. Sonda musiqisevərlər əvəzolunmaz bəstakarın məzarını ziyarət etmək üçün Fəxri Xiyabana gedəcəklər.
Xalq artisti Mənsum İbrahimov “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına açıqlamasında qeyd etdi ki, o, dahi bəstəkar Üzeyir Hacıbəyovun müəllifi olduğu “Leyli Məcnun” operasında Məcnun rolunu canlandırdığı üçün özünü xoşbəxt sanır. “Mən çox xoşbəxtəm ki, belə bir tarixi şəxsiyyətin müəllifi olduğu əsərləri ifa edirəm. İnanmayıram ki, bir də Azərbaycan tarixində Üzeyir bəy kimi ikinci şəxs olsun. Üzeyir Hacıbəyov əvəzolunmaz sənətkardır. Həyatda olmasa da o, bizlər üçün daim yaşayacaqdır”.
M.İbrahimov onu da qeyd etdi ki, bu gün Azərbaycan Musiqi Konservatoriyası dahi bəstəkarın adını daşıyır. Həmin universitetdə təhsil alan tələbələr Üzeyir ruhundan qidalanaraq daha da peşəkar olmağa çalışırlar. Bu gün Konservatoriyada Üzeyir bəy üçün anım mərasimi təşkil olunacaq.
Günel Cəlil
“KarabakhİNFO.com”