Hazırda erməni işğalı altında qalan Sərsəng su anbarı təhlükəli vəziyyətdədir. Bu su anbarının doğurduğu nəticə və risklərin beynəlxalq hüquqi aspektlərinin qiymətləndirilməsi vacib amildir. Elə məhz bu məsələlərlə bağlı “KarabakhİNFO.com” İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun (BİQ) koordinatoru, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun baş elmi işçisi, siyasi elmlər doktoru Ramiz Sevdimalıyevlə müsahibəni təqdim edir.
– Ramiz müəllim, Ermənistan Sərsəng su anbarını təhlükəli vəziyyətə saldığına görə beynəlxalq hüquq baxımdan hansı məsuliyyəti daşıyır?
– Sərsəng su anbarının bu gün Azərbaycan xalqı üçün yaradacağı fəsad və təhlükələr haqda danışarkən, biz gərək əvvəlcə onun bu vəziyyətə düşməsinin beynəlxalq hüquqi əsaslarını öyrənək və onun beynəlxalq hüquqi-siyasi təhlilini verək. Bu baxımdan birinci onu qeyd etmək lazımdır ki, Sərsəng su anbarını bölgədə gedən proseslərdən ayrı hadisə kimi qələmə vermək olmaz. Sərsəng su anbarı işğal altında qalan ərazilərdədir. İşğalçı dövlət də Ermənistandır. Ermənistanın da işğalçı dövlət olmasını sübut edən çoxsaylı dəlillər var. Bəli, Sərsəng su anbarının belə bir qəzalı vəziyyətə çatmasının, ya məqsədyönlü, ya texniki baxımsızlıq, ya imkansızlıq baxımdan, istənilən halda məsuliyyətini Ermənistan daşıyır. Çünki Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində işğalçı rejim formalaşdırıb. Beynəlxalq hüquqi müstəvidə Ermənistanın tək Azərbaycan yox, dünya birliyi qarşısında beynəlxalq hüquqi məsuliyyəti gündəmə gəlir. Bu çox vacib məqamdır.
İkinci qeyd olunmalıdır ki, hər bir dövlətin təhlükəsizliyindən danışarkən mütləq şəkildə həmin dövlətin ərazisində olan strateji obyektlərin təhlükəsizliyi məsələsi gündəmə gəlməlidir. Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən işğal olunub və işğal altında qalan ərazilərdə Azərbaycanın bir sıra strateji obyektləri qalıb. Onlardan bir də Sərsəng su anbarıdır. Ona görə Sərsəng su anbarının kimin nəzarətində olması çox önəm kəsb edir. Hazırda Sərsəng su anbarına işğalçı dövlət nəzarət edir. Məsələnin özəlliyi burasındadır ki, Sərsəng su anbarı hündürlükdə yerləşir. Ermənistanın imkansızlığından irəli gələrək bu su anbarı texniki baxımsızlıq vəziyyətindədir. Su anbarında qəzanın başvermə ehtimalı günbəgün artır və bu real bir təhdidə çevrilir. Bu qəza ya texniki nasazlıq, ya təbii fəlakət, ya da təxribat nəticəsində ola bilər.
Sərsəng su anbarı yeni təhlükə mənbəyinə çevrilməkdədir. İşğalçı dövlət bu strateji obyekt vasitəsiylə manipulyasiya edib Azərbaycanı təhdid altında saxlamaq istəyir. Bu, dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır və birmənalı şəkildə bunun qarşısı alınmalıdır.
-Onun törədəcəyi fəsadlar nədən ibarətdir?
-Məlumdur ki, 1976-cı ildə Sərsəng su anbarı tikilərkən Azərbaycanın 7 rayonunun ərazilərinin suvarılması üçün nəzərdə tutulmuşdu. Sərsəng su anbarı bu rayonlardan hündürlükdə yerləşdiyindən orada baş verən hər hansı qəza dərhal ətraf rayonların su altında qalmasına gətirib çıxaracaq. Burada tək kənd təsərrüfatı ərazilərinin yox, həm də yaşayış massivlərinin su altında qalmaq təhlükəsi var. Bütün bioloji müxtəliflik hamısı məhv olacaq və sözsüz ki, bunun yerini heç bir şeylə əvəz etmək olmaz. Beləliklə, bölgədə humanitar böhran vəziyyəti yaranacaq.
Hümanitar böhran vəziyyətindən danışarkən, biz bilməliyik ki, Dağlıq Qarabağ və ətraf 7 rayon Ermənistan tərəfindən işğal edilərkən, burada etnik təmizləmə siyasəti həyata keçirilib. Həmin ərazilərdən Azərbaycanın 760 mindən artıq əhalisi deportasiya edilib və məcburi köçkünə çevriliblər. Onlar Azərbaycanın bütün rayonlarında müvəqqəti yerləşdirilib. Eləcə də Sərsəng su anbarının ətrafındakı rayonlarda da məcburi köçkünlərmiz məskunlaşıblar. Hazırda həmin ərazilərdə ümumi 400 mindən artıq əhali məskunlaşıb. Bu əhalinin bir qismi artıq bir dəfə humanitar böhran vəziyyətini yaşayıblar. Artıq iki dəfə humanitar böhran vəziyyətini yaşamaq insan həyatında çox böyük faciədir. Bunların arasında çoxsaylı insan fəlakətinin qarşısını alamaq qeyri-mümkün olacaq.
-Ermənistanın bu su anbarından Azərbaycana qarşı təhdid kimi istifadə etməsi nə dərəcədə doğrudur?
-Qeyd etməliyik ki, tarix boyu su həmişə həyat sayılıb. Əfsuslar olsun ki, işğalçı dövlət sudan öz rəqiblərinə qarşı kütləvi qırğın silahı kimi istifadə etməyə çalışır. Bundan şantaj kimi Azərbaycan əhalisinə qarşı istifadə edirlər. Belə ki, ermənilər Sərsəng su anbarından yay vaxtı Azərbaycan ərazilərinə su buraxılmasının qarşısını alırlar. Yayda əhalinin suya daha çox ehtiyacı olanda ermənilər bir damcı da olsun su vermirlər. Qışda isə əksinə suyu buraxırlar. Bunun da fəsadı odur ki, məhsul olmur. İkincisi də torpağın strukturunda ciddi dəyişikliklər baş verir. Bu çox ciddi və ağır məqmadır.
– Bu məsələnin beynəlxalq gündəmə gəlməsi üçün hansı addımlar atılıb?
– Hazırda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) hazırladığı “Sərsəng – humanitar faciənin qarşısının alınması” layihəsi həyata keçirilir. Bu layihə çərçivəsində sentyabrın 7-də Tərtərdə “SOS Sərsəng” adlı beynəlxalq konfrans keçirildi. Həmçinin Avropa Şurası Parlament Assambleyasının Rəyasət Komitəsində Sərsəng su anbarı ilə bağlı qətnamə təklifi təsdiqlənib. Amma təəssüflər olsun ki, istənilən nəticə əldə olunmayıb. Amma ən azı AVCİYA-nın layihəsi çərçivəsində məsələnin beynəlxalq KİV-də işıqlandırılması özü-özlüyündə böyük bir işdir. Dünya ictimaiyyətinin xəbəri oldu ki, məhz belə bir ciddi məsələ var. Bu, ermənilərin də bir az əl-ayaqlarını yığdı. Çünki dərhal qondarma rejimin qondarma baş nazirinin müavini təklif etdi ki, Sərsəng su anbarını Azərbaycanla birgə istifadə etməyə hazırdırlar. Məsələ burasındadır ki, birincisi, qondarma rejimin qondarma baş nazirinin müavininin belə bəyanat vermək səlahiyyəti yoxdur. Çünki ərazi Ermənistan dövləti tərəfindən işğal olunub. İkincisi, beynəlxalq hüquqa əsasən işğalçı dövlət tərəfindən işğala məruz qalmış dövlətə məxsus strateji obyektlərin işlədilməsi, onların istifadə edilməsi yolverilməzdir. İstənilən halda bu qeyri-qanunidir. Üçüncüsü, belə bir təklifin səsləndirilməsi işğalçılığa don geyindirməkdir. Ermənilər bununla guya özələrini sülhsevər kimi göstərib yenə dünya ictimaiyyətini çaşdırmaq istəyirlər. Bunlar hamısı ermənilərin növbəti fırıldağı, qeyri-səmimi sözlərdir.
Fuad Hüseynzadə
“KarabakhİNFO.com”