Elman Nəsirli: “Ermənistan öz ləyaqətini itirmiş dövlət vəziyyətindədir”
Ermənistandakı sosial-iqtisadi durumun ağır olması haqqında indiyədək Azərbaycan mətbuatında çox yazılıb. Lakin düşmən ölkənin acınacaqlı durumuna dair hər dəfə yeni-yeni məlumatlar açıqlandığından bu tipli yazılar da oxucuları yormayıb, əksinə maraqla qarşılanıb. Əsas fəaliyyət istiqamətlərindən biri Ermənistanı öyrənmək olan Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru Mübariz Əhmədoğlu da “Gündəlik Teleqraf”a bu ölkənin hazırkı durumuna dair yeni məlumatlar açıqlayıb. O qeyd edib ki, hazırda Ermənistanda yaşanan miqrasiyanı problem adlandırmaq sadəcə, düzgün deyil: “Bu, Ermənistanı kəsən qılıncıdır. Təsəvvür edin ki, bu ilin 8 ayında Ermənistanı 90 min nəfər insan tərk edib. Suriyadan gələn ermənilər bu rəqəmin kəskinliyini azaldır. Hesab etmək olar ki, ilin sonunadək 150-160 min insan Ermənistanı tərk edəcək. Ona görə də, mütəmadi olaraq ölkəni bu qədər insanın tərk etməsinə problem demək, onu başqa cür adlandırmaq mümkün deyil”.
M.Əhmədoğlu deyib ki, Ermənistanın hazırda dövlət və qeyri-dövlət borcu 7,5 milyard dollardır: “Dövlət büdcəsi 2,2 milyard dollar olan bir ölkə üçün dövlət və qeyri-dövlət borcunun 7,5 milyard dollar olması faciədir. Ən əsası odur ki, sadə vətəndaşlarda Ermənistanın gələcəyinə ümid yoxdur. Hazırda Ermənistanı tərk edənlərin yarısı kasıblıq həddində yaşayan insanlardır. Ancaq miqrasiya edənlərin yarısı ümidini itirən adamlardır. Yəni, əlində müəyyən qədər vəsaiti var, amma ümidini itirib. Fikirləşir ki, onun övladı Ermənistan kimi dövlətdə yaşaya bilməz, onun övladı Ermənistan cəmiyyətində heç bir gələcəyə malik deyil. Ona görə də ölkəni tərk edirlər”. Mərkəz rəhbəri qeyd edib ki, Ermənistanın sosial-iqtisadi vəziyyəti ilə bağlı hazırda digər vacib göstəricilərdən biri dövlət borcunun faizinin ödənilməsinə ayrılan vəsaitin həcmidir:
“Gələn ildən 500 milyon dollar məbləğində vəsait təkcə dövlət borcunun faizlərinin ödənilməsinə ayrılacaq. Halbuki, bu vəsait əhalinin sosial rifahının yaxşılaşmasına yönəldilə bilərdi. Hətta görün nə qədər faciəvi vəziyyətdir ki, Ermənistan rəhbərliyi ordu və xüsusi xidmət orqanlarının maliyyələşməsi üçün ayrılan vəsaiti azaltmağı nəzərdə tutub. Ölkənin sosial-iqtisadi vəziyyəti bu dərəcədə ağırdır. Müəllimlər də daxil olmaqla dövlət orqanlarında çalışanların böyük əksəriyyətinin maaşı vaxtlı-vaxtında verilmir”.
Politoloq qeyd edib ki, Ermənistanın düşdüyü vəziyyətdən çıxış yolu Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaqdan keçir. Bunun üçün isə rəsmi İrəvan Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktivlik nümayiş etdirməlidir: “Qarabağ problemi həll olunmadıqca, Ermənistanın vəziyyəti düzəlməyəcək. Əgər Ermənistan Türkiyə ilə münasibətlərini də normallaşdırmaq istəyirsə, Qarabağ problemini həll etməlidir. Digər tərəfdən münaqişənin həll olunmamış qalması Ermənistan əhalisinin özünü normal hiss etməməsi ilə nəticələnir, yəni əhali özünü normal psixoloji mühitdə hiss edə bilmir, daim qorxu içində yaşayır. Həmin qorxu da ermənilərin öz vətənlərini tərk etməsinə səbəb olur, qorxudan necə deyərlər, əlləri işə getmir. Ermənistanın əsas problemləri Qarabağ məsələsi, Türkiyə ilə münasibətlərin pis olması, korrupsiya, iqtisadi islahatların aparılmaması və sairdir. Amma bunların hamısının önündə Qarabağ münaqişəsinin həll edilməməsi dayanır. Əgər Ermənistan Qarabağ problemini həll etməsə, onun ümumiyyətlə, dövlətçiliyinin mövcudluğu ciddi şübhə altına düşəcək”.
Siyasi elmlər doktoru, politoloq Elman Nəsirli isə bildirib ki, Ermənistanda sistemli böhran olduğu heç kimə sirr deyil. Onun sözlərinə görə, bu böhran cəmiyyətin və ölkə həyatının bütün sferalarını əhatə edir: “İlk növbədə iqtisadi böhrandan bəhs etmək istəyirəm. Ermənistanın öz ekspertləri, xüsusən bu ölkənin keçmiş baş naziri Qrant Baqratyan son günlər dəfələrlə bəyan edib ki, 2013-cü ildə Ermənistanı çox ciddi maliyyə-iqtisadi böhran gözləyir. Yəni indikindən də ağır vəziyyət olacaq. O qeyd edir ki, Ermənistan artıq Yunanıstan yolu ilə gedir. Ölkənin milli valyutası sürətlə dəyərdən düşməkdədir və 2013-cü ildə Ermənistan dövləti daha 500 milyon dollar xarici borc qaytarmalıdır. Ermənistanın büdcə kəsiri ümumi daxili məhsulun 3 faizini çoxdan ötüb. Bilirsiniz ki, Maastrixt müqaviləsinə görə hər bir ölkənin büdcə kəsiri onun ümumi daxili məhsulunun 3 faizini keçirsə bu, artıq çox ciddi iqtisadi böhranın əlaməti kimi qeyd olunur. 2008-ci ildə dünya maliyyə böhranı baş verərkən Ermənistanın xarici borcu ümumi daxili məhsulun 13 faizə qədərinə bərabər idi. İndi isə ölkənin xarici borcu ümumi daxili məhsulun 45-50 faizini təşkil edir”.
Politoloq qeyd edib ki, Ermənistanın iqtisadi durumunun bu cür ağır olmasının bir neçə səbəbi var: “Bunlardan biri ondadır ki, ölkədə çox ciddi şəkildə monopoliya mövcuddur. Bu monopoliya kiçik və orta biznesi tamamilə dağıdır. İkincisi, ölkədən kəskin şəkildə kapital axını başlayıb və ən son məlumata görə artıq Ermənistandan 1 milyard dollara yaxın kapital xarici ölkələrə çıxarılıb. Yəni, ölkədə kapitalı saxlamaq özü artıq çox təhlükəli sayılır. Ermənistan MDB məkanında işsizliyin səviyyəsinə görə ön yerlərdən birini tutur və əhalinin 40 faizindən çoxu işsizdir. Bütün bu faktlar hamısı ölkənin həqiqətən də, nə cür ağır vəziyyətdə olduğunu göstərir. Bu isə ilk növbədə Ermənistanın yürütdüyü aqressiv siyasətin nəticəsidir. Ermənistan aqressiv siyasəti nəticəsində özü-özünü blokada vəziyyətinə salıb və bu proses getdikcə dərinləşməkdədir. Artıq ermənilərin sabaha inamı qalmayıb. Təsadüfi deyil ki, 2012-ci ilin birinci yarısında 47 nəfərin özünə qəsd halı qeydə alınıb. 2011-ci ilin birinci yarısı ilə müqayisədə bu 1,5 dəfə çoxdur. Yeri gəlmişkən qeyd edim ki, 2011-ci ildə Ermənistanda ümumilikdə 650 intihara cəhd halı qeyd alınıb, onlardan 200 nəfərə yaxınını xilas etmək mümkün olmayıb. Bütün bunlar bir daha təsdiq edir ki, Ermənistan rəhbərliyinin yürütdüyü siyasət getdikcə ölkəni daha çox fəlakətə sürükləməkdədir. Ermənistan artıq öz ləyaqətini itirmiş bir dövlət vəziyyətindədir”.
Guntelegraf.az