-Mən Fransada yaşayan azərbaycanlı, qarabağlı müğənni-sənətçiyəm. Özüm Laçında anadan olmuşam, Şuşada böyümüşəm. On ildən artıqdır ki, Fransadayam. Parisdə Sorbon universitetini jurnalistika, media və kommunikasiya üzrə bitirmişəm. Hal-hazırda öz sənətimlə Azərbaycan və Fransa arasında mədəni körpü kimi fəaliyyət göstərirəm.
-Fransa ermənilərin nisbətən çox və aktiv olduğu ölkələrdən biridir. Belə bir yerdə yaşamaq və ermənilərlə mübarzə aparmaq sizə çətin deyil ki?
-Fransada çox güclü erməni lobbisi var. Nə qədər çətin olsa da , məncə, elə məhz burada Azərbaycanı tanıtmalıyıq, məhz burada Qarabağ həqiqətini çatdırmalıyıq. Mən sənətçiyəm, mənim silahım sənətimdir. Bu çox mənalı və dəyərli mübarizədir. Çünki, musiqi universal dildir və hamıya təsir edə bilir.
-Olubmu ki, ermənilər sizə təhlükəli vəziyyət yaratsın və ya hər hansı təxribatlar törətsinlər?
-Yox, şükür, belə hallar olmayıb.
-Ermənilərin gücü ilə bizimkiləri necə müqayisə etmək olar?
-Onu demək istəyirəm ki, son illərdə Azərbaycan Fransada özünü tanıtmağa başlayır. Bu işdə millət vəkili Mehriban Əliyeva və Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çox böyük xidmət göstərirlər.
-Azərbaycan kifayət qədər lobbiçilik apara bilirmi?
-Bu çətin sualdır. Məncə, kifayətlənmək lazım deyil. Qarabağ hələ də işğal altındadır. Azərbaycan barədə hələ də məlumat azlığı var, görüləsi iş çoxdur…
– Qarabağ məsələsində Türk diasporu ilə birgə hansı işlər görülür?
-Onu bilirəm ki, hər zaman Qarabağla əlaqədar aksiya keçirildikdə, türk diasporu fəal iştirak edib.
– Erməni yalanlarının ifşa olunması istiqamətində bir qarabağılı olaraq hansı addımlar atırsınız?
-Mənim iki balam var. Onların pasportda iki adı var : Ulduza Şuşa və Leyli Şuşa. Məncə, bu bir növ Qarabağı yaşatmaqdır, Qarabağı unutmamaqdır və unutdurmamaqdır. Bilirsiniz, Fransada olan situasiya mürəkkəbdir. Burada erməni mənşəli fransızlar çoxdur. Onlar heç zaman Ermənistanda olmayıblar. Qarabağ barədə heç bir doğru məlumatları yoxdur,bildikləri də yalan məlumatlardır. Bir qrup erməni çox fəal işlər görür və yalan məlumatlar yayır. Mən Qarabağ müharibəsi barədə kimdənsə eşitməmişəm, müharibənin şahidi olmuşam. Mən sadəcə olaraq həqiqəti çatdırıram və üstəlik sənətçi olmağım, məncə, hər hansı həqiqəti çatdırmaq üçün ən diplomatik yoldur.
-Sonuncu dəfə Şuşada nə vaxt olmusunuz?
-Bir çox şuşalı kimi 21 il bundan öncə. Bu çox uzun müddətdir…
-Vətəndən, xüsusən Qarabağdan ötrü qəribsəyən vaxtlarda nə edirsiniz?
-Musiqiyə dalıram, şer yazıram. Şuşadan qalan xatirələr və şəkillərdir…
Fuad Hüseynzadə
“ KarbakhİNFO.com”