Öncə görək nədir axı bu kosmopolitlik?
Kosmopolitlər, insanlığı, humanistliyi vətən, milliyyət, dindən üstün tuturlar. Gəlin elə ondan başlayaq ki, biz Azərbaycanlılar (türklər) öz-özlüyümüzdə kosmopolit bir millətik. Digər millətlərə qarşı çox tolerant və səbrliyik. Buna görə də tarix boyu əziyyət çəkmişik. Müasir qloballaşan dünyada ümumilikdə kosmopolitizm yaxşı xüsusiyyətdir, amma baxır nə ilə müqayisədə. Əgər bizə münasibətdə digərləri şovinistlik göstərir və konkret olaraq düşmən mövqeyi nümayiş etdirirsə, onda biz kosmopolitliklə yalnız uduzmuş oluruq. Biz bundan yalnız ziyan çəkirik — ya kosmopolitliyin banisi sayılan Dioqen kimi pofiqist olmalıyıq, ya vətənə tüpürüb buradan getməliyik, ya da ki mübarizə aparmalıyıq.
Milliyyətçi kosmopolitdən fərqli olaraq öz millətini, milli dəyərlərini hər şeydən üstün tutur. Azərbaycanda hər cür milliyyətçiyə rast gəlmək olar. Amma bizə təbii ki, sağlam düşüncəli, savadlı, əsl milliyyətçi gənclər lazımdır. Və biz belə bir nəsil yetişdiririkmi? Ya da biz kosmopolitliyi niyə daha üstün tuturuq? Sualı cəmiyyətdə aydın, ziyalı kimi tanınan insanlara ünvanladıq və aşağıdakı fikirlər səsləndi:
Əli Həsənov – Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri
Fikirlərinizi paylaşıram! Amma dünyada nə qədər insan varsa, bir o qədər də fikir var. Biz insanları zorla başqa cür düşünməyə məcbur edə bilərik?…
Elçin Mirzəbəyli – politoloq
Kosmopolitlik bəzən Azərbaycan kimi yeni formalaşan cəmiyyətlərə müasirlik, yenilik, modernləşmə adı altında kənardan gətirilən, yaxud sırınan kosmopolit dəyərlər daha cazibədar olduqları üçün daha çox tərəfdar qazanırlar. Amma bir millətin qan yaddaşının, milli özünəməxsusluğunun qorunmasına xidmət edən mühafizəkar milliyyətçilik adətən geniş auditoriya qazana bilmir. Bu təbii bir prosesdir. Milli dünyagörüşünün daşıyıcısı olan insanlar dünyanın heç bir ölkəsində yüksək populyarlıq qazana bilmirlər. Amma onlar cəmiyyəti mənəvi cəhətdən qidalandırmaqla bir millətin var olması, assimilyasiyaya uğramaması, başqa millətlərin içərisində əriməməsi üçün çox mühüm bir missiyanı həyata keçirirlər.
Firidun Cəlilov – müstəqil ekspert
Aydını kosmopolit olan millət elə bizim günə düşməli idi, necə ki düşdü. İçində gerçək kimliyini bilməyən bir “ziyalı” sürüsü olan xalq belə olmalıdır…
Qabil Hüseynli – politoloq
Müstəmləkə sistemindən azad olmuş, dövlət quruculuğu yoluna qədəm qoymuş ölkələr üçün millətçilik ideyası belə deyək, liberal düşüncə daha sərfəlidi. Çünki milli dövlət quruculuğunda milli idealogiyanın vacibliyi müstəqillik dövrünə qədəm qoymuş bütün dövlətlər tərəfindən isbatlanıb. Əgər dövlət milli dəyərlər yaratmaq, milli mədəniyyətin özünəməxsusluğunu təbliğ etmək yoluyla ən yaxşı nailiyyətləri öz milli dövlət quruculuğunun praktikasına təbliğ etmək yolu ilə inkişaf etmək istəyirsə, bu yaxşı nəticələr verir. Yox əgər millət kosmopolitizmə yuvarlanırsa bu çox ciddi fəsadlara gətirir. Yəni milli qürur hissi, vətənpərvərlik, milli şüur, fərdin özünün milli dünya görüşü ciddi eroziyaya uğrayan azı pofigizmə gətirib çıxarır. Milli insan fikrini ayrıca yaratmaq mümkün olmur, milli dövlət qurmaq mümkün olmur. Cəmiyyətdə isə yayqın və şəxsiyyəti deqrodasiya edən, onun dünya görüşünü deformasiyaya uğradan mühit hökm sürür. Bunun nəticəsində də milli dövlət quruculuğunun hədəflərinə çatmaq olmur. Yaranan dövlətsə köhnə metropoliyanın təsiri altında qalır, vətəndaşlar da belə bir təsirin altından yəni total şüurun təsiri altından çıxa bilmir. Nəticədə müstəqil dövlət azad düşüncəli insan fikri yetişdirmək mümkün olmur. Ona görə kosmopalitzm istənilən variantda istər dövlət quruculuğunda istər milli mədəniyyət yaradıcılığında, istərsə də milli şüurun inkişafında çox təhlükəlidir. Bu xüsusən mədəniyyətdə özünü göstərir. Televiziyadan tutmuş toylara gədər müxtəlif sahələrdə, mədəniyyətin kosmopol təbliği milli aşınmaya gətirib çıxarır. Bununla mübarizə aparılmaması mənə elə gəlir ki, milli dövlət quruculuğu yolunda buraxılan ciddi səhvlərdən biridir.
Beləcə demək olar ki, fikrini aldığımız hər kəs əslində kosmopol təbliğata qarşıdır. Bəs bunun üçün bizlər nələr edirik, hansı işlər görülür? Bax bu sual elə hamımızı, xüsusən də aydınlar dediyimiz milləti aydınlada bilən, vətəndaşların təfəkkürünə təsir edə bilən şəxsləri – ziyalıları daha çox düşündürməlidir…
Ülviyyə Bəylərqızı
KarabakhİNFO.com