Bugünkü Azərbaycan ordusu Azərbaycan Xalq Cümhuriyyəti ordusunun varisidir. 1918-ci ildə yaranmış Azərbaycan ordusunun tarixi təcrübəsi bugünkü Silahlı Qüvvələrimiz üçün əsil örnəkdir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqillik tarixidir. Bu tarixə nəzər salsaq görərik ki, Milli Ordumuzun yaradılması hələ Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir.
Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Silahlı Qüvvələr sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verib, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaradıb.
2011-ci ildə Silahlı Qüvvələr Gününə həsr olunmuş təntənəli mərasimdə Prezident İlham Əliyev müstəqil Azərbaycan dövlətinin ona layiq, onun müstəqilliyini qorumağa və möhkəmləndirməyə qadir olan güclü ordusu olmasından iftixar hissi keçirdiyini söyləyib: “Bu gün Azərbaycanda nizami ordu vardır. Mən hərbi hissələrə tez-tez gedir, vəziyyətlə tanış oluram. Tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Azərbaycan Ordusu çox yüksək səviyyədədir. Ordumuzda peşəkarlıq, döyüş qabiliyyəti artır, Silahlı Qüvvələrdə ruh yüksəkliyi vardır. Bütün bu məsələlər bizi çox sevindirir. Azərbaycanda Ordu quruculuğu prosesi bundan sonra da uğurla gedəcəkdir. Ordumuz ölkə qarşısında duran vəzifələri icra etmək üçün bütün imkanlara malikdir. Azərbaycanda ordunun maddi-texniki bazasının gücləndirilməsi işində böyük məsələlər öz həllini tapmışdır. Hərbçilərin sosial müdafiəsi məsələləri öz həllini tapır. Sosial məsələlərə gəldikdə, Azərbaycan dövləti bu məsələni daim diqqət mərkəzində saxlayır, hərbçilərin sosial-məişət problemləri öz həllini tapır, əməkhaqları qaldırılır”.
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. “Heç kəs bizi bundan imtina etməyə məcbur edə bilməz. Bu, bizim suveren hüququmuzdur” deyən Prezident İlham Əliyev bu istiqamətlərdə işləri davam etdirir. Bu gün ölkəmizdə hərbi sənaye sahələrinin formalaşdırılması və hərbi sursatların istehsalı üçün tam şərait yaradılıb.
“Ordumuzun güclənməsi Ermənistanı blokadada saxlamağa imkan verir”
Millət vəkili, Milli Məclisin (MM) Təhlükəsizlik və Müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə Azərbaycan Respublikası Silahlı Qüvvələri günü ilə bağlı sevincini “Karabakhinfo.com” beynəlxalq elektron jurnalı ilə bölüşdü. Onunun fikrincə, 26 iyun Azərbaycan xalqı üçün çox şərəfli və tarixi bir gündür: “Hər bir ölkənin gücü ordusunun vəziyyəti ilə ölçülür. Azərbaycan müstəqillik qazanan ərəfədə qonşu Ermənistan keçmiş SSRİ-nin resurslarına söykənərək, eyni zamanda xaricdən dəstək alaraq torpaqlarımızın 20 faizini işğal edə bildi. Amma bu çətin vəziyyətdə belə, Azərbaycan xalqı düşmənə qarşı mübarizə apararaq on minlərlə itki verdi. Amma hazırkı Silahlı Qüvvələrimiz 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndən sonra aparılan böyük fəaliyyətin nəticəsidir. Ordu quruculuğuna çox ciddi və məsuliyyətlə yanaşıldı. Ordu peşəkarlardan formalaşdırıldı, hərbi kadrların hazırlığı üçün hərbi məktəblər sistemi yaradıldı. NATO təcrübəsindən maksimum istifadə edildi”.
A.Mirzəzadənin sözlərinə görə, Azərbaycan ordusu bu gün dünyanın ən güclü ordularından biridir: “Məhz ordumuzun güclənməsi Ermənistana hərtərəfli təzyiq etməyə, Ermənistanı blokadada saxlamağa imkan verir. Təsadüfi deyil ki, Ermənistan rəhbərləri, eləcə də generalları vaxtaşırı Azərbaycan ordusunun yüksələn qüdrətindən danışırlar. Ordumuz ara-sıra cəbhə xəttindən baş verən lokal toqquşmalarda öz gücünü kifayət qədər göstərər bilir. Bugünkü Silahlı Qüvvələrimiz Azərbaycan müstəqilliyinin qarantı olaraq qalır”.
Millət vəkili bildirdi ki, ordumuz Ermənistan ordusu üzərində qalib olmağa tam qadirdir: “Ordumuz hər an döyüşlərə hazırdır. Ordumuz yüksək vətənpərvərlik ruhundadır və Dağlıq Qarabağ probleminin həlli məsələsi həmişə gündəmdə qalır”.
“Azərbaycan ordusu hətta qədim torpaqlarını belə, azad edə bilər”
Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyinin sədri, polkovnik Mehdi Mehdiyev saytımıza bildirdi ki, Azərbaycan ordusu istər şəxsi heyətin döyüş hazırlığı, istərsə də maddi-texniki təchizata görə bu gün regionun ən güclü ordusudur: “Yəni Azərbaycan ordusuna regionda müqayisə olunası ikinci ordu yoxdur. Təbii ki, ordunun inkişafı gözümüzün qarşısında olub. 90-cı illərdə formalaşmamış ordu müharibəyə atılmalı oldu. O dövrdə bir çox problemlərlə üzləşirdik. Vahid komandanın olmaması ilə yanaşı, komandir və döyüş sursatı çatışmazlığı da var idi. İlbəil bu sahədə dönüş yarandı. Xalqın tələbi ilə ulu öndərin təkrarən hakimiyyətə qayıdışından sonra atəşkəs sazişi imzalandı. Həmin dövrdən sonra ordunun əsas inkişaf mərhələsi başladı. Mən hər il bir neçə hərbi hissədə oluram. Hər gedəndə əvvəlki dövrdən fərqli olaraq irəliləyiş hiss edirəm. Bir azərbaycanlı olaraq bu məni çox sevindirir və torpaqlarımızın yaxın zamanda azad olunmasına ümdi daha da artırır. Yəni sülh danışıqları nəticə verməsə, Azərbaycan ordusu son sözü öz üzərində saxlayır və ordusunun gücü ilə dövlət sərhədlərinə qədər torpaqlarını azad etməyə qadirdir”.
Onun sözlərinə görə, Ermənistan ordusu Azərbaycan ordusu ilə heç zaman ayaqlaşa bilməz: “ Bu, Azərbaycanın hazırkı reallığıdır. Bu gün Ermənistan ordusu şəxsi heyətini tam formalaşdıra bilməyib. Hər il yüzlərlə erməni aliləsi Ermənistanı tərk edir ki, övladları orduda xidmət etməsin. Görünür, əhali dərk edir ki, bu müharibə onların xeyrinə deyil. Hesab edirəm ki, yer üzündən elə bir xalq yoxdur ki, müharibə istəsin. Təbii ki, bu, Ermənistan dövlətinin apardığı işğalçılıq siyasətinin nəticəsidir. Onlar da gözəl bilirlər ki, bugünkü Ermənistan dövlətinin çox hissəsi Azərbaycan torpaqlarıdır”.
M.Mehdiyev dedi ki, bu ərazilərdə ikinci dövlətin yaradılmasına Azərbaycan imkan verməyəcək: “Əgər kənar müdaxilələr olmasa, bu məsələ Azərbaycanla Ermənistanın öhdəsinə qalsa, problem çoxdan həll olunardı. Ya sülh, ya da müharibə yolu ilə Azərbaycan ordusu özü hətta qədim torpaqlarını belə azad edə bilər”.
Azərbaycanın dövlətçilik tarixində ordu qurulması, yaranması, dövləti, ölkəni qorumaq üçün qüdrətli olması həmişə diqqət mərkəzində dayanıb. Azərbaycan xalqı çoxəsrlik tarixində çox döyüşlərdən çıxmış, yadelli basqınlara cavab verərək, torpaqlarını qoruyaraq, qonşu xalqların, ölkələrin təcavüzünün qarşısını alaraq, yaxud da öz ərazisinin bərpasını təmin edərək çox döyüşlər edib, döyüşlərdən çıxıb. Azərbaycan xalqı tarix boyu görkəmli qəhrəmanlıq nümunələri göstərib. Azərbaycan xalqının igid oğulları öz qəhrəmanlıqları ilə dastana çevriliblər, nəsillərdən-nəsillərə, dillərdən-dillərə keçiblər. Artıq Azərbaycanın müasir tələblərə cavab verə biləcək nizami ordusu vardır. Orduda lazımi nizam-intizam, qanun-qayda var və Azərbaycanın bugünkü ordusu, Silahlı Qüvvələri Azərbaycan torpaqlarını etibarlı müdafiə etməyə qadirdir.
Fuad Hüseynzadə
“KarabakhİNFO.com”