Elə abidələr, sənətkarlar var, ki varlığı gələcəklə keçmişi qovuşdurur. Hesab edirəm ki, hər birimiz bu mənbələrə həm informasiya, həm də mənəvi mənbə olduğu üçün borcluyuq. Bir abidədə bizdən öncəki babaların yaddaşı, kimlərinsə həsrəti, əl izi, bəlkə də son baxışı ola bilər…
Dünyada qədim insanların yaşadığı ilkin ərazilərdən biri də məhz Naxçıvandır. Bunu istər qədim dövrə aid arxeoloji qazıntılardan əldə olunmuş nümunələr, isətərsə də, orta əsrlərin mükəmməl abidələri sübut edir.Naxçıvan memarlıq məktəbindən danışarkən Memar Əcəminin fəaliyyətini xüsusi ilə vurğulamaq lazımdı. O, istər Naxçıvan, istərsə də dünya memarlıq məktəbi ənənələrinə bir sıra yeniliklər gətirib. Sənətşünaslıq nöqteyi-nəzərindən yanaşsaq qərb memarlığında qotika üslubuna xas olan cəhətlərin XVəsrdə kəşf edildiyini, Memar Əcəminin isə bu üslubu öz abidələrində 100 illər öncə tətbiq etdiyini görə bilərik.
XII əsrin əvvəllərində Azərbaycanda digər şəhərlər kimi Naxçıvanın da əhəmiyyətinin artması ilə əlaqədar olaraq burada sənətkarlıq və inşaat xeyli genişlənərək əhəmiyyətli yer tutur. Yerli ənənələr burada Azərbaycan memarlığı ilə birləşərək özünə xas cəhət olan memarlıq məktəbini formalaşdırır. Naxçıvan memarlıq məktəbi üçün kərpic hörgüsü, kərpicdən quraşdırılmış müxtəlif inşaat formaları, müxtəlif həcmli kərpicin məharətlə tətbiqi və kərpicin birrəngli yeknəsəqliyindən uzaqlaşmaq üçün rəngli kaşı və gəc ünsürlərinin memarlıq bəzəyinə daxil edilməsi səciyyəvi olan cəhətlərdəndir. Naxçıvan memarlığında monumentallıqla zəriflik vəhdətdə verilir. Bu vəhdət bənzərsiz nümunələr yaratmağa imkan verir.
Naxçıvanda anadan olan Əcəmi Əbubəkr oğlu Naxçıvani burada yaşayaraq fəaliyyət göstərmişdi. Naxçıvan memarlıq məktəbinin banisi olan Əcəminin Azərbaycan memarlığının inkişafında yeni üslubun yaranması baxımından da memarın rolu danılmazdı. Orta əsrlər Naxçıvan memarlığı ilə bağlı məlumatları daha ətraflı “Əcaib-ül-bəladan” adlı əlyazmadan əldə edə bilərik. Bu mənada diqqəti cəlb edən məqamlardan biri budur ki, həmin dövrdə Naxçıvanda çoxmərtəbəli saray binaları inşa edilmişdi. Şəhərsalmanın düzgün, planlı şəkildə tərtibinin şahidi oluruq.
Yusif Küseyr oğlu türbəsi. Kitabələrdən məlumdur ki, türbə 1162-ci ildə inşa olunub. Türbə həm xaricdən, həm də daxildən səkkizguşəli formadadır. Əcəminin yaradıcılığına xas olan türbə iki hissədən ibarətdi. El arasında bu türbə “Atababa günbəzi” adı ilə məşhurdu. Abidə yeraltı sərdabə və yerüstü bürcvari hissədən ibarətdi. Burada ikiqat günbəz formasına rast gəlirik. Quruluşundan bəhs edərkən bildirməliyik ki, türbənin təkcə qərb tərəfə baxan səthi fərqli şəkildə tikilib. Həmin hissədə türbənin giriş qapısı görünür. Yusif Küseyir oğlu türbəsi ölçü baxımından elə də böyük olmasa da, mütənasiblik, profisonal dəqiqliyi ilə diqqəti cəlb edir.
Möminəxatın türbəsi. Memar Əcəminin Naxçıvanda yaratmış olduğu digər abidələrdən biri də Möminə xatın türbəsidi. Məlumdur ki, abidə 1186-cı ildə Atabəy Şəmsəddin Eldəgəzin oğlu Məhəmməd Cahan Pəhləvanın anası Möminəxatının şərəfinə tikilib. XIX əsrin əvvəllərində Naxçıvanda olan Dübua-de Monpere abidəni olduqca yüksək qiymətləndirmişdir. Möminəxatın türbəsi bürcvari və memarlıq quruluşunun peşəkar səviyyədə olması baxımından bir sıra sənətşünas və memarların diqqətini cəlb edir. Hündürlüyü 26 m olan Möminə xatın türbəsinin xarici örtüyü hazırda dövrümüzə çatmayıb. Digər abidələr kimi bu tikili də yeraltı və yerüstü hissədən ibarətdir. Yeraltı hissəsi formasına görə onbucaqlı şəklindədir. Quruluş baxımından Möminəxatın və Yusif Küseyir oğlu türbəsi oxşardır. Bu türbədə də künclər çıxıntı şəklindədi. Möminəxatın türbəsinin səthi üzərindəki ornamentlər zənginliyi ilə seçilir. Sözügedən ornamentlərdə kufi xətlə yazılmış epiqraflara rast gəlinir. Kitabələrin ümumi uzunluğu 500 m-ə qədərdi. Həndəsi ornamentlər əsasən ulduz və ondan şaxələnən süvari xətlərdən ibarətdi. Elementlərdə 5, 6, 8 uclu ulduzlara və 6,8 bucaqlı formalara rast gəlinir. Türbənin təkcə qərb səthində fərqlilik özünü biruzə verir. Həmin səth iki yerə bölünərək, aşağıda giriş qapısı baştağ tipli tərtib olunmuş, digər hissədə isə, ornamental bəzək verilmişdir. Memar Əcəminin adı və abidənin inşaat tarixi türbənin qərb tərəfində göstərilib. Möminə xatın türbəsində günbəzinin iç tərəfində yerləşdirilən dörd böyük qönçə daxildə olan yeganə bəzək ünsürü kimi diqqətəlayiqdir. Qönçələrin içərisində nəbati naxışlı rəsmlər, yazılar ornament şəklində təqdim olunur. Yazılarda Allah, Ömər, Osman, Əli sözlərinin olduğunu ehtimal edilir. Alman şərqşünası Ernist Ditsin “Türk sənəti tarixi” əsərində deyilir ki, məşhur türk memarı Sinan yaradıcılığında Naxçıvan türbələrinin üslubundan təsirlənib. Həmin əsərə istinadən deyə bilərik ki, Sinan ordu mühəndisi kimi XVI əsrdə yeniçərilərin səfərlərində iştirak edərək Naxçıvana gəlmişdi. Məhz bu zaman o Əcəminin yaratdığı sənət nümunələrilə tanış olaraq gələcəkdə də ondan bəhrələnmişdi.
Gülüstan türbəsi. Naxçıvan ərazisində , Culfa yaxınlığında yerləşən türbə üslub və forma baxımından diqqəti cəlb edir. Abidə yerləşdiyi yerin adı ilə tanınır. Gülüstan türbəsi aşağı sərdabə hissəsindən və yuxarı tikilidən ibarətdir. Hissələr planda dairəvi formadadır. Türbənin hər iki tərəfi yerin səthindən hündürdə yerləşir. Quruluşunda memar həcmliyi qorumaq məqsədilə türbənin içərisini boşluq şəklində tikmişdir. Memar türbənin gövdəsinin oturacaqla birləşən hissəsini, səthləri və eləcə də gövdənin günbəzə keçən səthlərini plastik oymalarla bəzəmişdir. Abidə müəyyən mənada heykəltəraşlıq xarakterlidir. Türbənin xarici səthləri həndəsi ornamentlə örtülüb. Gülüstan türbəsində 3 ornament kompozisiyasından istifadə olunub. Bu kompozisiyalar türbənin 12 səthində tərtib edilib. Orta əsrərdə Naxçıvan memarlıq üslubunda Marağada Qırmızı günbəz, Göy günbəz, Urmiyada isə Dairəvi türbə tikilmişdi. Bu abidələrin hər birində Memar Əcəminin dəsti-xətti hiss olumaqdadı.
Hazırda Respublikamızda memar Əcəminin xatirəsi əbədiləşdirilib. Bakı metrostansiyalarından biri sənətkarın adını daşıyır. Həmçinin, H.İbrahimovun “Əsrin onda biri”, Kəmalənin “O bizim dağların oğlu idi”pyesi məhz Əcəmi Naxçıvaninin əziz xatirəsinə ithaf olunub.
Belə bir fikir var ki, qalalar və abidələr izləri daşıyır. O izlər ki, onu təkcə toxunmaqla deyil, hiss etməklə, duymaqla anmaq lazımdır. Həyatda özümüzdən sonra nişanəni yalnız incənət, yaradıcıq, elm, sənətlə qoya bilərik. Məşhur bayatıda deyildiyi kimi…
Bu qala bizim qala ,
Həmişə bizim qala.
Tikmədim özüm qala
Tikdim ki , izim qala…
Fəxri Məmməli
Sənətşünas- ekspert
Azərbaycan Rəssamlar İttifaqının üzvü
“KarabakhİNFO.com”
İstifadə olunmuş ədəbiyyat.
Azərbaycan incəsənəti- Salamzadə, Rzayev, Kərimov, Əfəndiyev, Həbibov-1977 .Bakı