Yazıçı Meyxoş Abdulla çoxlarına tanışdı. O, 1962-ci ildə Cəlilabad rayon Xəlilabad kəndində anadan olub. “Doktor Qəzənfər”, “Didərgin ruhlar”, “Alagöz”, “Şeytan gülüşü”, “Anakonda ovu” kitablarının müəllifidir. Onun Qarabağ mövzusunda qələmə aldığı “Əsir qadın” romanı isə, oxucular tərəfindən böyük rəğbətlə qarşılanıb. Əsəri mən də oxudum və onunla bu mövzuda söhbət etmək üçün, yazıçının yaşadığı Cəlilabad rayonuna yollandım. Onunla görüşdüm və əsərlə bağlı ən qaranlıq məqamları mənə açıqladı.
– Bildiyimiz qədəriylə siz iqtisadçısınız. Bəs sizin ədəbiyyata gəlişiniz necə oldu?
– Çox maraqlı sualdı. Ədəbiyyata gəliş məqsədli və ya planlı şəkildə olmur. Mən elə bilirəm ki, mənim ruhum məndən öncə ədəbiyyatın içində olub. Yaxşı xatirimdədi, altıncı sinifdə oxuyurdum. Evimizdə “Azərbaycan nağılları” kitabı var idi. Kitab həmişə bizim pəncərənin önündə olardı və mən o, kitabı həmişə oxuyardım. 1974-cü ildə “1 May” günündə “Qələbə” şeiri yazmışdım. Şeiri müəllimimə oxuyanda inanmadı ki, bu şeiri mən yazmışam. Ümumilikdə yaradıcılığımda üç şeirim var. Sonra başladım məqalələr və hekayələr yazmağa.
– Yazıçıların bir çoxu nəsrə belə keçid edir. Əvvəl şeir yazır sonra isə şeirdən uzaqlaşaraq ancaq nəsr yazmağa başlayır. Siz nəsrə keçməyinizi necə izah edərdiniz?
– Şeir lakonikdi, qısadı, konkretliyi sevir. Şeir yazmaq həqiqətən də çətindi. Çünki, böyk bir hadisəni gətirib şeirdə yığcam şəkildə ifadə etməyi çoxu bacarmır. Nəzmdən fərqli olaraq, nəsr meydandı, genişdi. Amma yazıçının da öz problemləri var.
– “Əsir qadın” romanının yaranma tarixi?
– “Əsir qadın” romanından əvvəl mənim bu mövzuda çoxlu hekayələrim və povestlərim var. Mən onu demək istəyirəm ki, Qarabağ mövzusu bizim mənəvi məsələmizdi. Hər bir vətənpərvər insan içində vətən sevgisi var, vətən həsrəti var. Bu əsərləri yazmağı da məndə o, hisslər ruhlandırıb. Mənim qələmə aldığım “Alagöz” povestimdə Kəlbəcər rayonunu təsvir etmişəm. Demək istəyirəm ki, “Əsir qadın” romanını yazana qədər mən o, əzablı yolları keçmişəm. Bu mövzuda “Mininci qadın” , “Nəğmə müəllimi”, “Sonuncu qumbara” əsərlərimin hamısı Qarabağ mövzusunda yazılmış əsərlərimdi. “Əsir qadın” romanını yazmağım isə “Alagöz” povestimin təqdimat mərasimində yaxın dostlarımdan olan Cahangir müəllimin çıxış edərək: “Mən istərdim Meyxoş müəllim bir “Qaragöz” romanı da yazsın və orada bizim əsir düşmüş qadınlarımızın taleyindən bəhs etsin” deməsi oldu. Cahangir müəllimin çıxışı mənə “Əsir qadın” romanını yazmağa stimul verdi. Mən Qarabağ tərəflərdə olmuşam və bu hadisəni mənə bir hərbiçimiz danışmışdı.
– Əsəri oxuyanda yazıçı qadını tapmaq üçün Rusiyanın Stavropol vilayətinin Nadejda kəndinə yollanır.
– Bəli, mən o, əsəri yazmaq üçün həmin şəhərə yollandım. Qadınla görüşdüm və onunla danışmağa başladım. Bu da çox çətin idi, elə olurdu ki, qadın iki-üç saat fasilə verirdi danışmaq və bu vaxt ərzində ondan nəyisə soruşmaq mümkün olmurdu. Bu isə böyük səbr tələb edirdi. Üç dəfə Bakıdan o, şəhərə getdim.
– O əsəri oxuyarkən özümü bir anlıq orada, Səidə xanımın yanında hiss edirdim və əsəri sona çatdırmağa çalışırdım. Bununla elə bilirdim ki, o qadın kömək etmiş olacam. Siz necə? Bu əsəri yazarkən, hansı hissləri keçirirdiniz?
– O, əsəri yazana qədər mənim müəyyən hazırlıqlarım var idi. Əsəri bir ilə yazdım. Bu vaxt ərzində bir vətəndaş kimi ağrılarım olub. Amma mənim ən böyük ağrım Cəlilabad Müəllimlər İnstitutunda “Əsir qadın” romanının təqdimat mərasimi keçiriləndə olub. Tələbələr əsərdən bir parçanı səhnələşdirmişdilər. Səidə rolunu gənc bir tələbə qız oynayırdı. Səhv etmirəmsə, o qız da Ağdam köçkünlərindən idi. Qız rolu oynayarkən onu ağlamaq tutdu, o elə hönkür-hönkür ağladı ki, zaldakılar onun səsindən dəhşətə gəldilər. Qız roldan çıxdı, yıxılıb huşunu itirdi. Həmin vaxtı mənim də ürəyimə elə bil “Xəncər” saplandı. Məni oradan xəstəxanaya apardılar və həkimlər müəyyən etdilər ki, infakt keçirmisən. Mənim məlumatıma görə 700-dən çox Azərbaycam qadını erməni əsirliyinə düşüb. Romandakı Səidə xanım da həmin o qadınlardan biridi.
– Meyxoş müəllim, əsər dərc olunduqdan sonra, reaksiyalar necə oldu? Sizə bununla bağlı məktublar, telefon zəngləri oldumu?
– Mətbuatda əsərdən parçalar dərc olunmuşdu. Kitab oxucular arasında həddindən artıq müsbət qarşılandı. Kitabın birinci tirajı 800 nüsxə, bir ay sonra yenidən 1000 nüsxə də dərc olundu. Bu da oxucuların sayəsində oldu. Bu onların istəyi idi. Əsərlə bağlı mənə minlərlə məktublar gəldi, minlərlə telefon zəngləri oldu. Kitab hərbi hissələrə də paylanıb.
– Əsər belə bitir ki, o xanım vəfat etdikdən sonra onu vətənə gətirirsiniz və burada dəfn edirsiniz?
– Əsəri oxuyanların çoxu bu sualı verib mənə, həmçinin siz də. Bəzən mən oxucuları təcübləndirmişəm. Bir dəfə məni rayonun “Şəhidlər Xiyabanı”na çağırdılar. Getdim gördüm ki, bir yaşlı kişi, bir qadın və bir cavan oğlandı. Biz tanış olandan sonra dedilər:
– “Biz Bakı şəhərindən Səidənin məzarını ziyarət etmək üçün gəlmişik”
Əslində Səidənin meyidi vətənə gətirilməyib. Mən bir yazıçı olaraq bunu Səidənin bir arzusu kimi qələmə almışam.
– Əsər hansı dillərə tərcümə olunub?
– Əsər artıq türk dilinə tərcümə olunub. Bu yaxınlarda dərc olunacaq. Çox istəyərdim ki, “Əsir qadın” romanı rus və ingilis dillərinə də tərcümə olunsun.
– “Əsir qadın” romanından sonra Qarabağ mövzusundan bəhs edən bir roman üzərində işləyirsinizmi?
– “Əsir qadın” romanından sonra mənim bir neçə qələmə aldığım romanlar var. Amma bunların hamısı bu əsərdən sonra mənə zəif görünür. Əslində onlar da sanballı əsərlərdi. Sadəcə mövzu başqadı. Hal-hazırda isə, Aidə xanımın döyüş yolundan və onu döyüşçü yoldaşlarından bəhs edən “Komutan” əsərini yazmışam və bu yaxınlarda işıq üzü görəcək.
Vasif Əlihüseyn
“KarabakhINFO.com”