Müsahibimiz Türkiyənin Milliyətçi Hərəkat Partiyası İdarə Heyətinin üzvü, Rumeli Balkan Strateji Araşdırmalar Mərkəzinin (RUBASAM) başqanı, hüquqşünas Özcan Pəhlivanoğludur. Onunla müsahibəmizdə qardaş Türkiyədə Dağlıq Qarabağ probleminin təqdimatı, problemin həllində Türkiyənin rolu və digər mövzularda söhbətləşdik.
-Türkiyədə Dağlıq Qarabağ problemi ətrafında təbliğat işləri necə gedir?
-Türkiyədə Dağlıq Qarabağla bağlı təbliğat işləri yaxşı gedir. Çünki Türkiyədə türk milləti çoxluq təşkil edir. Kimsə Dağlıq Qarabağ probleminin Azərbaycan qədər Türkiyə üçün də önəmli olduğunun fərqində deyil. Ancaq mənim kimi türk milliyətçiləri həm Türkiyə, həm də Türk Dünyası ilə bağlı problemləri bildiyi və həlli yollarını axtardığı üçün, Dağlıq Qarabağ məsələsi Türkiyə gündəmində öz yerini qoruyub saxlayır. Əks halda adı belə, anılmayacaqdır. Buna görə, Azərbaycanın və Azərbaycan türklərinin Türkiyədə doğru adamlarla təmas etməsi və həm Azərbaycan, həm Türkiyə, həm də Türk Dünyası üçün birlik yaratması mühümdür.
– Sizcə Türkiyə problemlə bağlı lazımlı mövqeyi ortaya qoya bilirmi?
– Mənə görə, Türkiyə problemlə bağlı lazım olan iradəni ortaya qoymur. Bunun birinci səbəbi Türkiyənin daha çox siyasi və iqtisadi olaraq xaricdən aslı vəziyyətdə olmasıdır. Hazırkı şərtlər daxilində Türkiyənin müstəqillik məsələsi müzakirə olunmaqdadır. Türkiyənin xaricində yaşayan qardaşlarımız bunu yaxşı bilməlidirlər. Türkiyənin Azərbaycan və ya Türk Dünyasının hər hansı bir hissəsi üçün ortaya iradə qoyması xarici güclər tərəfindən əngəllənməkdədir. Türkiyə və Türkiyə türkləri müxtəlif təhdidlər altındadır. Misal olaraq, bir futbol matçında Azərbaycan bayraqlarının stadiona buraxılmamasını göstərə bilərik. Amma bunu da Türkiyədə heç bir türk qəbul etməmişdir. Çox təəssüf ki, vəziyyət belədir.
– Azərbaycan müharibə qərarı versə, Türkiyənin proseslərə müdaxiləsi hansı halda doğru hesab oluna bilər?
– Azərbaycan müharibə qərarı versə, biz Türkiyə türkləri olaraq Azərbaycan türklərinin yanında olacağıq. Türkiyə dövlətinə təsir edərik ki, o da Azərbaycanın yanında olmaq məcburiyyətində qalar. Ölərik, Azərbaycanı dəstəksiz və tək buraxmarıq. Amma siyasət çətin məsələdir və incəlikləri çoxdur. İnşallah siyasətin də ən yaxşısını birlikdə müəyyənləşdirəcəyik.
– Türk Dünyasının ortaq ordu yaradılması istiqamətində hazırlığa başlamağın zamanı çatmayıbmı?
– Türk Dünyası üçün bəzi şeylər tez gerçəkləşə bilər. Ortaq bir ordu üçün tam müstəqilliyin lazım olduğu qənaətindəyəm. Ən əsası bu tam müstəqilliyin Türk Dünyasında var olduğunu demək çətindir. Amma yaxşılığa doğru bir irəliləyiş var. Türk dövlətləri arasında hərbi əlaqələr ən yüksək səviyyəyə qaldırılmalıdır. Bu, digər əlaqələrin də yüksəlməsinə səbəb olacaqdır. Ancaq qarşıda NATO kimi bir hərbi sistem Türk Dünyası üçün də gerçəkləşməlidir. İndilik lazım olan əlaqələri gücləndirməkdir.
Seymur Həsənli
“KarabakhİNFO.com”