Erməni KİV-lərinin yaxınlarda yaydıqları məlumata görə, Ermənistanın müdafiə naziri Seyran Ohanyanla ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Andjey Kaspşik arasında görüş baş tutmuşdur. Həmin görüşün gedişi zamanı cənab “S.Ohanyan səfiri öz səlahiyyətləri çərçivəsində təmas xəttində gərginliyin qarşısının alınması üçün addımlar atmağa çağırmışdır”. Öz növbəsində A.Kaspşik öz narahatlığını bildirmiş və təmas xəttində gərginliyin qarşısının alınması üçün tədbirlər görəcəyini vəd etmişdir.
İlk baxışda burada qəribə və ya hardasa qıcıqlandırıcı bir şey yoxdur: müdafiə naziri “gərginliyin qarşısının alınmasını arzulayır”, “narahat olan” şəxsi nümayəndə isə “gərginliyin qarşısının alınması üçün tədbirlər görəcəyini vəd edir”. Amma yox, bu, belə deyil.
Axı həmin o gərginliyin əsasını kim qoymuşdur və kim bu gün də əslində onun saxlanması üçün dəridən-qabıqdan çıxır? Seyran Ohanyan və ona bənzər başqa faşistyönlü -yanlar – Balayanlar, Kaputikyanlar, Koçaryanlar, Sarkisyanlar! Şübhə edirsiniz? Nahaq yerə. Azərbaycanın Şuşasında anadan olmuş və boya-başa çatmış, Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirmiş, bir sözlə, Azərbaycanın çörəyi-duzu ilə böyümüş, sonra isə alçaqcasına Vətəninə xəyanət edərək onun barışmaz düşməninə çevrilmiş S.Ohanyanın tərcümeyi-halına nəzər yetirin: keçmiş sovet ordusu sıralarında 5 il qulluq etdikdən sonra o, Xankəndində (Stepanakertdə) yerləşmiş və ümumilikdə Ermənistan-Azərbaycan müharibəsində, o cümlədən də Xocalı və Qarabağın başqa yaşayış məntəqələri uğrunda gedən döyüşlərdə məlum mənfi rola malik olan 366-cı qvardiya motoatıcı alayı motoatıcı rotasının rəhbərliyinə gəlib çıxmışdır (əlbəttə ki, təsadüfi deyil), sonralar 2-ci batalyonun komandiri, ““DQR” Müdafiə Ordusu” komandirinin müavini, komandiri olmuşdur (yəni günahsız azərbaycanlıların məhv edilməsində bilavasitə iştirak etmişdir). Ermənistan Silahlı Qüvvələri baş qərərgahının rəisi, işğalçı ölkənin müdafiə nazirinin müavini olmuş, nəhayət, 2008-ci ilin aprelində müdafiə naziri təyin edilmişdir. Və elə həmin dövrdən başlayaraq o, erməni tərəfindən bütün atəşkəs rejimi pozulmalarının, Azərbaycan mövqelərinə hücum cəhdlərinin sadəcə iştirakçılarından biri yox, onların bilavasitə təşkilatçısı olmuşdur. Və bu qatı qaniçən, bir baxın, birdən-birə “təmas xəttində gərginliyin qarşısının alınmasını” arzulayır. Soruşan yoxdur ki, Ohanyan, sənin tabeliyindəki Ermənistan Silahlı Qüvvələri hərbiçilərinin Azərbaycan torpaqlarında nə işi var ki, təmas xəttində də gərginliyi artırsın? Özü də ki, o təmas xətti adlandırılan yer heç də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) sərhədi yox, DQMV ətrafında olan və heç zaman onun inzibati tərkibinə daxil olmayan, Ermənistanın işğal etdiyi Azərbaycan rayonlarının ərazisidir. Və heç kim də ona demir: əgər sən həqiqətən də təmas xəttində gərginliyin qarşısının alınmasını istəyirsənsə, niyə ilk növbədə öz silahlılarını Azərbaycanın ərazilərindən yığışdırmırsan?
Onsuz da aydındır ki, təmas xəttində gərginliyin qarşısının alınmasına dair ohanyansayağı “arzu” gözə kül üfürməkdən başqa bir şey deyil, çünki, gərginliyi özü yaratmış adam onun qarşısının alınmasını, ya aradan qaldırılmasını necə arzu edə bilər?
Bəs Kaspşik, məgər o guya özü də gərginliyin artmasından “bərk qorxduğunu” deyəndə və təmas xəttində gərginliyin qarşısının alınması üçün tədbirlər görəcəyini vəd edəndə səmimidir? Heç də yox! Gəlin qarşımıza bir sual qoyaq: 1997-ci ildən bəri öz səlahiyyətləri çərçivəsində 17 dəfə özünün indiki vəzifəsinə təyin olunmuş cənab Kaspşik neyləyib? Əslinə qalsa, heç nə. Hər halda, doğma torpaqlarından qovulmuş milyonlardan biri olan və bu səbəbdən Ermənistan-Azərbaycan qarşıdurması ətrafında gedən proseslərin gedişini diqqətlə izləyən mən, bu az olmayan vaxt ərzində heç bir müsbət şey hiss etməmişəm. Ötən həmin vaxt ərzində bu cənab təmas xəttində neçə-neçə monitorinqlər keçirib, bəs kimsə heç olmasa bircə dəfə onun faktik atəşkəs pozucusunun adını çəkdiyini eşidibmi? Şübhəsizdir ki, neçə ki bu olmayıb, təmas xəttində sakitçilik olmayacaq. Eyni ilə neçə ki, münaqişənin əsl səbəbkarının (yəni Ermənistanın) adı çəkilməyib, onun ədalətli həlli mümkünsüzdür. Bu arada isə həmin pozulmalar artıq gündəliyə çevrilmişdir. Təkcə bunu demək kifayətdir ki, 2007-ci ildən 2013-cü ilədək atəşkəs rejimi 7673 dəfə pozulmuşdur, yəni bir ildə min dəfədən artıq. Bax, misal üçün, Ohanyanla Kaspşikin görüşdükləri gün, yəni məhz iyunun 6-da rejim ermənilər tərəfindən 39 dəfə, iyunun 7-də – 31 dəfə, iyunun 9-da – 19 dəfə pozulmuşdur, biz hələ erməni tərəfinin işğal edilmiş Azərbaycanın ərazilərində təşkil etdiyi daimi genişmiqyaslı yanğınlardan, bu torpaqlardakı yerüstü və yeraltı sərvətlərin talan edilməsindən və Ermənistanın digər qanunsuz hərəkətlərindən danışmırıq.
Maraqlıdır, bəs nədən Kaspşik “təmas xəttində gərginliyin qarşısının alınmasını” arzulayan işğalçı nazirlə görüşü zamanı ondan soruşmayıb ki, niyə o, Ermənistanın SQ-ni qoşunların təmas xəttindən geri çəkmir? Soruşmazlar, nə o, nə də ATƏT MQ həmsədrləri, çünki onlar qarşılarına Ermənistan-Azərbaycan qarşıdurmasının ədalətli həlli məqsədini qoymamışlar, hər şeyi isə özlərinin guya “fəaliyyətləri” görüntüsünü yaratmaq üçün edirlər. Hələ təmas xəttində gərginliyin qarşısının alınması o yana qalsın, hərbi mənbələrdən alınmış məlumatlara görə, artıq bir neçə gündür ki, Ermənistan təmas xəttinin cənub-şərq hissəsində – Füzuli rayonunun Qazaxlar və Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri istiqamətində mövqelərinin möhkəmləndirilməsi ilə bağlı iş aparır, ərazilər minalanır, açıq sahələrdə maneələr qurulur və s. Həmsədrlər və cənab A.Kaspşik isə susurlar. Həmişəki kimi.
Bir sözlə, görüşün hər iki iştirakçısı – həm “təmas xəttində gərginliyin qarşısının alınmasını” arzulayan S.Ohanyan, həm də “öz narahatlığını bildirən və təmas xəttində gərginliyin qarşısının alınması üçün tədbirlər görəcəyini vəd edən” A.Kaspşik riyakarlıq edirlər və onların orada çərənlədiklərinin hamısı sadəcə olaraq söz illuziyası, duman, fiksiyadır. Ohanyansayağı “arzunun” saxta olması və onun riyakarlığı bir də onunla sübut olunur ki, elə həmin o görüşdəcə “gərginliyin aradan qaldırılmasını arzulayan” Ohanyan Azərbaycanı hədələməyə də fürsət tapıb: “Situasiyanın gərginləşməsi Azərbacan üçün ağır nəticələrin yəqinliyinə səbəb ola bilər”. İndi bu yaramaz işğalçıya nə deyəsən?
“KarabakhİNFO.com”