Hər bir xalq yaşadığı ərazinin ona məxsusluğunu təkcə özünün oradakı varlığı ilə təsdiqləmir. Həm də əyani nişanələri – yaşayış tikililəri, inzibati binaları, habelə abidələri, qeyri-maddi mədəni nümunələri ilə bunu isbatlayır. Qarabağın əzəli Azərbaycan ərazisi olmasını təsdiqləyən qeyri-maddi nəsnələrsə yetərincə çoxdur. Onların bəzisi milli düşüncəmizdə müəyyən assosiasiyalar doğurur. Məsələn, muğam kimi. Milli musiqinin bu qədim, həm də mühüm, demək olar ki, məhək daşı olan hissəsindən danışarkən göz önünə konkret ərazi gəlir – Qarabağ. Qarabağ deyəndə ilk olaraq hər kəs xalq artisti Xan Şuşinskinin ecazkar səsində ifa etdiyi “Qarabağ şikəstəsi”ni xatırlayır.
Məlumat üçün bildirək ki, Qarabağ şikəstəsi XIX əsrdə zərbi muğam kökündə yazılıb. Bu musiqi xüsusiyyətinə və öz həzinliyinə görə digər muğamlardan seçilib.
Qarabağ xanı İbrahim xanın qızı şairə Ağabəyim ağanın yaratdığı bayatıdır. “Qarabağ şikəstəsi” də Ağabacı Ağa tərəfindən yazılıb. “Qarabağ şikəstəsi”ni dinləyərkən bu mahnıda qüssə, kədər, vətən həsrəti, qürbətin mahiyyəti başa düşülür. Bu mahnıda çox böyük bir yanğı və vətən həsrəti öz əksini tapır. Musiqişünasların sözlərinə görə, hər zaman onlar belə bir sual düşündürüb: “Niyə Şuşanın çiçəklənən zamanında belə yanğılı mahnı oxunur?”
Cavabı isə belə olub: “Şuşanın hər zaman düşmənlə üz-üzə durması, namərdlərin gətirilib, Şuşanın qoynunda yerləşdirilməsi sanki onun taleyi idi. “Qarabağ şikəstəsi”ndə Şuşa, sanki öz taleyini görürdü”. Məlumata görə, bayatının müəllifi üçün Fətəli şah Tehranda möhtəşəm bir bağ saldırmışdı. Gülüstana “Vətən bağı” adı verirlər. Fətəli şah Şuşada bitən bütün ağac, gül-çiçəyi burada əkdirir ki, Ağabəyim doğma yerlərin havasını bu bağdan ala bilsin. Ağabəyim ağa “Vətən bağı”na tamaşa edib üzüntüsünü belə ifadə edir:
Mən aşiqəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.
Elə bil “Qarabağ şikəstəsi”nin müəllifi əvvəldən Qarabağın başına nələrin gələcəyini hesablamışdı. Sanki gələcəkdə nə baş verəcəksə bu mahnını oxuyanda hiss edib. Əslində Qarabağın gələcəkdə başına nə gələcəyi elə keçmişindən məlum idi.
“Qarabağ şikəstəsi” kosmik musiqidir”
“Qarabağ şikəstəsi”ni dinləyən əcnəbi ölkənin vətəndaşları da bu musiqiyə heyran olduqlarını bildirirlər.
Elə bu günlərdə Latviyanın paytaxtı Riqada yerləşən Musiqi Akademiyasında da “Qarabağ şikəstəsi” səslənib. Adıçəkilən muğama qulaq asan Latviyanın prezidenti Andris Berzinş “Qarabağ şikəstəsi”nin musiqisinə heyran olub və onu da xüsusi olaraq vurğulayıb: “Muğamın sözlərini mən başa düşməsəm də mən bir şeyi anladım ki, bu kosmik musiqidir”.
“Qarabağ şikəstəsi”ni kimlər oxuyub?
“Qarabağ şikəstəsi”ni ilk səsləndirən ustadlardan biri də Xan Şuşinski olub. Xan Şuşinski “Qarabağ şikəstəsi”ni oxumağı çox sevərmiş. Şikəstə ondan əvvəl məclisdə 3-4 xanəndənin ifasında səslənsəydi də, Xan bütün çıxışlarında həmişə birinci “Qarabağ şikəstəsi”ni oxuyarmış. Xan Şuşinskidən sonra bu mahnını bir sıra ifaçılar səsləndirib. Onlar arasında Yaqub Mahmudov, Fatma Mehrəliyeva, Şövkət Ələkbərova, Sara Qədimova, Arif Babayev və digər muğam ustadları tərəfindən səsləndirilib.
Ən məşhur ifa isə Xan Şuşinski, Şövkət Ələkbərova və Sara Qədimovaya aiddir. Onlar bu muğamı 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə oxuyublar. Bu üçlüyün birlikdə ifa etdiyi “Qarabağ şikəstəsi” Moskvada təşkil olunan tədbirdə iştirak edən hər bir şəxs tərəfindən ayaq üstə alqışla qarşılanıb.
Müasir dövrün ifaçıları da “Qarabağ şikəstəsi”ni ifa edib. Onlar arasında tanınmış muğam ustadı Mənsum İbrahimov, Elnarə Abdullayeva və digər muğam ifaçıları adıçəkilən musiqi əsərini dünyanın bir sıra ölkələrində səsləndirib. Hansı ölkədə səslənməsində asılı olmayaq zalda əyləşən tamaşaçıların hər biri “Qarabağ şikəstəsi”ni ayaq üstə alqışla qarşılayıb.
Tanınmış muğam ustası Elnarə Abdullayeva “KarabakhİNFO.com” beynalxalq elektron jurnalına açıqlamasında bildirib ki, Azərbaycan xalqının və musiqiçilərinin çox sevdiyi və dönə-dönə ifa etdiyi zərb muğamlarından biri də “Qarabağ şikəstəsi”dir: “Şikəstənin Azərbaycanda bir neçə növü var. Maraqlı məqam ondan ibarətdir ki, şikəstələrin bir neçəsi yer adları ilə bağlıdır. Yəni “Şirvan şikəstəsi”, “Sarıtorpaq şikəstəsi” və “Qarabağ şikəstəsi”. Bu şikəstələr arasında “Qarabağ şikəstəsi” əsrarəngizliyi ilə digərlərindən seçilir”.
E.Abdullayevanın sözlərinə görə, “Qarabağ şikəstəsi” bir cəngi kimi oxunur. Muğam ifaçısının fikrincə, “Qarabağ şikəstəsi” insanları intiqama, mübarizəyə səsləyir: “Məmləkətimizin ən ağır dərdi olan Qarabağın işğalına son qoyulsun. Yenidən o yerlərdə şən musiqi sədaları eşidilsin. İnsanlar öz doğma yurd -yuvalarına qayıtsınlar”
.
Əzizinəm, oyan, gül
Oyan bülbül, oyan gül
Könlüm fəğan eyləyir
Nə yatmısan, oyan gül.
E.Abdullayeva ümid edir ki, o yaxın müddət ərzində “Qarabağ şikəstəsi”ni Cıdır düzündə oxuyacaq: “ Özü də elə oxuyacağam ki, Qarabağsız yaşadığımız illərdə çəkdiyimiz bütün ağrı-acılar yox olsun”.
Günel Cəlil
“KarabakhİNFO.com”