Seyidlər müsəlman cəmiyyətinin sosial strukturlarında möhtəşəm təbəqələrdən birini təşkil etməklə, dindarlar arasında böyük nüfuza malik olmuşlar və indi də belə nüfuz sahibidirlər. Seyid Lazım Ağa Azərbaycanda və yaxın müsəlman ölkələrində tanınan, böyük hörmət və inam sahibi, insanlar üçün gərəkli möcüzələrə qadir kəramətə malik olan Seyiddir. Onun Ocağının hörməti və ona olan inanc gündən-günə artır. Seyid Lazım Ağanın Ağdamdan yerləşən məqbərəsini hər gün minlərlə insan ziyarət edir.
Qarabağ camaatının səcdəgahı, sağlığında minlərlə insana şəfa vermiş seyidin adı belədir. Ağsaqqal kimi böyük hörmət və ehtirama sahib olub.
Laçın rayonunda anadan olsa da, Ağdamda yaşayıb. Deyilənlərə görə keçən əsrin əvvəllərində Ağdamın Çəmənli kəndində çox xeyirxah insan, qubernatorun yüzbaşısı işləyən Alı bəy yaşayıb. Alı yüzbaşı Seyid Lazım Ağanın ata-babası ilə çox yaxın dost olub. Ona görə də ailəni Çəmənli kəndinə dəvət edib və burada yaşaması üçün hər cür şərait yaradıb. Onların nəsli 4-cü şiə imamı Zeynalabdinin nəslinə mənsubdur.
Seyid Lazım Ağa 1880-ci ildə Laçın rayonunun Böyük Seyidlər kəndində anadan olub. Lakin bütün ömrünü Ağdam rayonunda yaşayıb. Əvvəlcə Çəmənli, sonra isə Şıxbabalı kəndlərində. 1914-18-ci illərdə Soltan bəyin dəstəsində erməni Daşnakı Andronikə qarşı vuruşub. Üç həyat prinsipi olub: ədalət, səxavət, ibadət. Tamahsız bir insan olub. Sağlam vücudlu, uca boylu, üzündən nur tökülən bu peyğəmbər övladının 114 illik həyatı möcüzələrlə dolu olub. Onun cəddinə pənah gətirən heç kim ümidsiz qayıtmayıb. Heç kəsdən çoxlu nəzir qəbul etməzdi. Verilən nəzirlərin çox hissəsini kasıblara paylayardı.
Dini məktəb oxumasa da, Seyid Lazım Ağa Quranı əzbərdən bilir, çox mükəmməl Quran oxuyurdu. Torpağa çox bağlı olan Seyid Lazım Ağa təsərrüfatla, heyvandarlıqla məşğul idi. Başına qara gül dərisindən papaq qoyarmış.
Mərhum prezident Heydər Əliyev 1970-ci ildə Ağdam rayonuna səfər edərkən şəxsən onu ziyarət edib.
Ağdam camaatı üçün Seyid Lazım Ağanın sözü “Quran” ayəsi kimiydi, heç kim keçə bilməzdi. Camaat Ağanın şəkillərini ciblərində gəzdirir, maşınlarının ön şüşəsinə yapışdırır, evlərinin ən görkəmli yerlərindən asırdı. Üzündən nur yağan Ağa adətən çox vaxt bazarda onun üçün qoz ağacından xüsusi hazırlanmış taxtda otururdu.
Bazara gələnlərin çoxu onun əlindən öpməmiş, xeyir-duasını almamış bazardan çıxmazdı. Nəzir-niyazı olanlar da onu elə burda tapardı. Dükanın ağzında bir qutu vardı, bu qutu axşamadək nəzir-niyazla dolardı. Amma Ağa əlini o nəzir-niyaza vurmazdı, bu nəzir-niyaz kasıb-kusuba paylanırdı. Təzə işə başlayanlar, ya bir vəzifəyə gedənlər Ağadan bir-iki manat pul alardı – bərəkət olsun deyə.
Hələ Ağdam işğal olunmamışdan əvvəl ermənilər rayonu top, qrad atəşinə tuturlar. Bazarda əhalinin çox olduğu bir gün erməni işğalçıları tərəfindən atılan qradlardan biri Seyidin ayaqları altına düşür və möcüzə baş verir. Mərmi asfaltı yararaq torpağa girir və partlamır. Ağdam işğal olunan günə qədər də mərmi həmin yerdə qalır. İkinci atılan mərmi isə digər bir ərazini yerlə-yeksan edir.
Ağa ilə bağlı rəvayətlər çoxdur. Bunlardan birin Rusiyada yaşayan ağdamlılardan biri belə danışır:
“Bir dəfə Rusiyada ermənilər sürdüyüm avtombilə hücum edir. Güllə baran altında maşını “Ya Seyid Lazım Ağanın” cəddi kömək ol deyəndən sonra sürdüm və Allahın izni ilə ermənilərin tələsindən sağ-salamat qurtuldum.”
Seyid Lazım Ağa həddən artıq vətənpərvər insan idi. 1988-ci ilin fevral ayında Qarabağda şəhid olan Bəxtiyar və Əlinin qana boyanmış qönçə nəşini qucaqlayaraq hönkürüb ağlamış: “Yerinizə minlər doğulacaq” demişdir.
1993-cü ildə Ağdam uğrunda gedən qanlı vuruşmalarda bir türk jurnalisti əsgərlərlə birlikdə mühasirəyə düşür. Aramsız yağan qrad atəşlərindən xilas olmaq üçün əsgərlər “Ya Allah” deyib Seyid Lazım Ağanın cəddini köməyə çağırırlar. Atılan qradlar elə göydəcə istiqamətini dəyişir, başqa səmtə düşürdülər. Bu hadisənin şahidi olan həmin türk jurnalist Seyid Lazım Ağanın sorağı ilə onun Mingəçevirdəki evinə gəlib çıxır.
1994-cü ildə qaçqınlıqda Mİngəçevir şəhərində vəfat edib. Öz vəsiyyətinə əsasən Ağdam rayonunun Çəmənli kəndində dəfn edilib.
Aynur Tağıyeva
AMEA-nın əməkdaşı
“KarabakhİNFO.com”