Xudu Məmmədov, “Ədəbiyyat və incəsənət” qəzeti, 15 noyabr 1975.
Azərbaycanda bir neçə tanınmış muğam ifaçılıq məktəbi var. Muğam bütün ölkədə yayılsa da, onun əsas ocaqları özlərinin müstəqil məktəblərini yaratmış muğam yaradıcılığı mərkəzləri kimi Bakı, Şamaxı, Gəncə, Naxçıvan və Şuşa sayılır. Xüsusi maraq doğuran Qarabağ muğam məktəbidir.
İfaçıların məhz Qarabağ torpağında dünyaya göz açması onların taleyini əvvəlcədən müəyyən etmişdir. Yaxşı səsi olan hər kəsin doğulması üçün Qarabağ – fərqi yoxdur, istər dağlıq olsun, istər aran – doğrudan da ideal bir yer idi. Çünki, bu yerlərin sakinləri imkan düşən kimi nəinki istənilən xalq mahnısını oxuyan, həm də musiqini qiymətləndirməyi bacaran, muğam ustalarını şərəflə yüksəldən insanlar idi.
Deyirlər, muğam insan qəlbinə zənginlik verir, onu ən saf, ən səmimi duyğular üstündə kökləyir. Qarabağda bu, insanla təbiət arasında qarşılıqlı şəkildə baş verir: qəlblərə gərək olan zənginliyi isə ilk öncə təbiət verir. Ona görə bu yerlərdə qəlblər bütünlüklə gözəlliyə, o cümlədən də musiqiyə son dərəcə həssasdır.
Qarabağ muğam məktəbinin nümayəndələri Azərbaycan xalqının musiqi mədəniyyətini inkişaf etdirməklə, öz həmvətənlərinin ağıllarına, hiss və duyğular aləminə nəcib təsir göstərmişlər. Bu yerlərin təbiətindən keçib gələn, ruhu oxşayan həmin gözəllikdir ki, nadir musiqi mədəniyyətində öz əksini tapmışdır. Qarabağ muğam məktəbinin rəmzinə çevrilən məşhur “Qarabağ şikəstəsi” buna bariz nümunədir.
Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndələrindən biri olan Qədir Rüstəmov yüksək tessituralı səsə malikdir və bütün registrlərdə səs keyfiyyətləri nümayiş etdirməyi bacarır.
Rüstəmov Qədir Çərgəz oğlu 1935 ci ildə Ağdam rayonunda anadan olmuşdur. Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndələrindən biridir. Qədir Rüstəmov Ağdam rayonunda xanəndə kimi yetişmişdir. Əvvəlcə Azərbaycan Dövlət Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba-Hüseynovdan muğam dərsləri almış, sonradan Ağdamda təhsilini davam etdirmişdir. Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmov xanəndə kimi çox məhşurlaşmışdır. Qədir Rüstəmov özünün böyük vətəndaşlığını sözlərində ifadə edə bilməsə də, oxuduğu mahnı və muğamlarda hərarətlə ifadə edə bilirdi. Qarabağ həsrəti, Qarabağ yanğısı, doğma yurd itkisinin ağrısı onun səsinin ecazında hər kəsin sinəsini dağlayırdı. Bir sözlə, Qədir Rüstəmov yaralı könüllərin həmdəmi idi. Qədir Rüstəmov haqqında gözəl sənədli filmlər də çəkilib. “Üzeyir ömrü” (film, 1981) “Qədir Rüstəmov” (film, 2001), “Memar” (film, 2006), “Bu səs Qədirin səsidir” (film, 2007) və “Muğamat var olan yerdə…” (film, 2009) filmləri mədəniyyət xəzinəmizin inciləri sırasındadır.
Üzeyir Hacıbəyovun yaradıcılığına həsr edilmiş filmdə Cabbar Qaryağdı oğlu roluna çəkilən Qədir Rüstəmov klassik muğamları son dərəcə böyük məharətlə ifa etmişdir.
Səsində türkün uca xarakteri vardı — haraylı, ehtizazlı, zərif, ötkəm: Sarsıldıqca sarsıdırdı. Sarsıtdığı dərəcədə sarsılırdı. Səsinin kədəri ürəkləri ovsunlayırdı. O, insanları gerçək aləmdən ayırıb tanımadıqları, bilmədikləri xəyali yerlərə, duyğulara aparırdı.
Qədirin xoşbəxtliyi ondaydı ki, qəribəliyini bildiyi dərəcədə aqibətinə bağlanırdı. Bu halının başqalarında hansı duyğular yaradacağı, necə qarşılanacağı onu düşündürmürdü. Onun xoşbəxtliyi öz fitrətinə sonacan yiyəlik eləməsindəydi.
“Şur” ansamblının yetirmələrindən biri də Qədir Rüstəmovdur. Qədir Rüstəmov son dərəcə həzin səsi, cəhcəhəli zənguləsi olan xanəndə idi. Onun qədim el mahnısı “Sona bülbülləri” lirik tonda oxuması buna misaldır. Bu mahnı demək olar ki, uzun illər yaddan çıxmışdı. Lakin Qədir Rüstəmov öz şirin, oynaq, rəvan səsi və məharətli ifaçılıq qabiliyyəti ilə bu nəğməyə melodik bəzəklər vurub onu bizə qaytarmışdır. Qədirin ifa etdiyi hər bir mahnı arasında bir-iki ağız “Segah” üzərində gəzişməsi, vurduğu şaqraq zəngulələr istər-istəməz böyük müğənnimiz Cabbar Qaryağdıoğlunun guşə və xallarını yada salırdı. Qədirin guşəxanlığının isə misli-bərabəri yox idi. O, həm də mahir improvizator idi.
Qarabağın toy məclislərində, el şənliklərində Qədir Rüstəmov muğam dəstgahları böyük məharətlə ifa etmişdir. Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahlar – “Rast”, “Çahargah” lentə alınaraq radionun fondunda saxlanılır.
Cahargah, Segah, Bayatı-şiraz, Humayun, Rast, Qatar, Hisar, Mirzəhüseyn, Zabul və neçə-neçə muğamlar, xalq mahnıları Qədirin ifasında ürəkləri fəth edib, gözləri yaşardıb, qürrədən sinələri qabardıb. Otuz-qırx il bundan əvvəl toyunda Qədir oxuyub deyə nəvəli-nəticəli kişilərin bu gün qürurla danışdığının şahidi oluruq. «Dili-dili», «Neyçün gəlməz», «Olmaz-olmaz», «Uca dağlar» və neçə-neçə mahnılar Qədirin ifasında ölməzliyə vəsiqə qazandı. Qədir Rüstəmov 1992-ci ildə Azərbaycan Respublikasının xalq artisti (1992) adına, 2002-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdü. Milli musiqi mədəniyyəti sahəsində nailiyyətlərinə görə Qədir Rüstəmov Azərbaycan Respublikasının ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Qədir Rüstəmovun milli musiqimizə hədsiz vurğunluğu və sədaqəti gənc xanəndələr nəsli üçün əsl sənət məktəbidir.
2011-ci il dekabrın 14-də 77 yaşında dünyasını dəyişib…
A. Tağıyeva
AMEA-nın əməkdaşı
“KarabakhİNFO.com”