– “ Vaxt etibarilə bu hərbi təlimin müəyyən məqamlarla üst-üstə düşməsində pərdəarxası oyunların olmasına inanmıram. Çünki belə hərbi təlimlərin vaxtı qabaqcadan müəyyən olunur. İkinci bir tərəfdən mən Putinin mətbuat konfransında Azərbaycan jurnalistlərinə etinasız davrandığını deməzdim. Əslində Putin cavab verməməklə özünü uğursuz cavabdan sığortalayıb. Fikrimcə sualı bu cür qoymaq daha doğru olardı: “Qarşıdakı bir neçə il ərzində münaqişənin həlli ilə hansı proqnozu verə bilərsiniz?” Putinin standart cavab verməkdən imtina edib. Təxminən 1-2 həftə bundan qabaq Rusiya və Azərbaycan arasında Qəbələ RLS-lə bağlı razılaşma pozuldu. Mən inanmıram ki, Rusiya bu bazadakı hərbi təlimlərlə “əzələ nümayişi” göstərir. Təlimin miqyasının o qədər geniş olmadığına da əminəm. Rəsmi İrəvan, Ermənistan mətbuatı bunu “əzələ nümayişi” kimi qələmə verməyə çalışacaq. Mən Rusiyanın siyasi rəhbərliyinin Azərbaycanın apardığı çox incə xarici siyasətin qarşılığında nəyəsə görə “əzələ nümayişi” edəcəyinə inanmıram. Bunun üçün Rusiyanın hansı hüquqi əsası var? Məsələ burasındadır ki, Qəbələ RLS-dən Rusiya imtina edib. Azərbaycan Rusiyanı bu qərarı verməyə məcbur etməyib. Azərbaycan sadəcə öz şərtlərini qoyub. Yadınızdadırsa Rusiya iqtisadi maraqları üçün ölkələrə satılan qazın qiymətini qaldırılmışdı və Vladimir Putin rəsmi şəkildə bundan he bir dövlətin inciməməli olduğunu bildirmişdi. Azərbaycan da bu məsələyə həmin müstəvidən yanaşır. 20 ildir ki, Azərbaycan Qəbələ RLS-i “su qiyməti”nə icarəyə verib və bundan öz gözləntiləri var idi. Lakin gözləntilər özünü doğrultmadı. Lakin Azərbaycan yeni tələblər irəli sürmədi, sadəcə real qiymət təklif etdi, Rusiya bundan imtina etdi. Əgər Qəbələ RLS Rusiya üçün əhəmiyyətli olsaydı Rusiya həmin icarə haqqını çox asanlıqla verə bilərdi. Rusiya üçün 300 milyon dollar elə də böyük məbləğ deyil. Gəlin Ukrayna ilə müqayisə edək. 2 il bundan qabaq Qaradənizdə donanmanı saxlamaq üçün ildə 4,5 milyard dollar Ukraynaya güzəştə getdi. Artıq məlum olduğu kimi Armavir işə salınıb, Varonej də bu yaxınlarda işə salınacaq. Sözsüz ki, Azərbaycan prezidenti daima dövlətlərimizin maraqlarından çıxış edir, eyni zamanda strateji qonşularımızın da maraqları nəzərə alınır, mümkün qədər qorunur. Azərbaycan da qonşularından eyni cür qarşılıq gözləyir. Sözsüz ki, Ermənistan bu cür rəy formalaşdırmağa çalışacaq. Amma Rusiyanın siyasi rəhbərliyinin Azərbaycana “əzələ nümayişi” göstərməsi haqqında düşünmək üçün heç bir əsas yoxdur.”
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Idarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun əməkdaşı Ərəstun Baxşəliyevin isə verilən suala cavabında müharibənin başlanma ehtimalının artıdığını bildirdi:
– “ Rəsmi Bakının danışıqlar prosesinə ümidləri getdikcə bitmək üzrədir. Daha doğrusu bu ümidlər artıq bitibdir. Və müharibənin başlanması hər an ola bilər. Bunu Qarabağ münaqişəsinin tənzimlənməsində yer alan bütün tərəflər bilir. Təsadüfi deyildi ki, bu gün Azərbaycana qarşı artan bütün təzyiqlərin arxa fonunda dayanan məsələ Azərbaycanı bu fikirlərindən çəkindirməyə hesablanmışdır. Son günlər ərzində isə bu kimi təzyiqləri daha çox Rusiyanın timsalında hiss edirik. Azərbaycala sərhəd bölgələrə müxtəlif tip hərbi təyinatlı qoşun növlərinin yığılması, Xəzər akvatoriasına yeni hərbi gəmilərin gətirilməsi, media vasitəsilə Azərbaycana yönələn təzyiqlərin həcminin görünməmiş dərəcədə artması, Avrasiya İttifaqı ideyası altında artan siyasi təzyiqlər, Qafqazda bu günə kimi görünməmiş “Qafqaz 2012” kod adı altında genişmiqyaslı hərbi təlimlərin keçirilməsi, Ermənistana yeni silah sursatların ötürülməsi, bəzi yüksək rütbəli rus hərbiçiləri tərəfindən təhdid dolu bəyanatların səsləndirilməsi, qondarma Dağlıq Qarabağ Respublikasının tanına biləcəyi ilə bağlı açıqlamaların gündəmə gətirilməsi və ən nəhayət son dövrlərdə Rusiya prezidenti V.Putin tərəfindən sətiraltı ifadələrin səsləndirilməsi və s. Belə bir informasiyanın ötürülməsi də təbii olaraq təhdid xarekteri daşıyır və hədəf Azərbaycanın başlada biləcəyi müharibədən çəkindirməyə hesablanıb. Ancaq qeyd edim ki, Azərbaycan bu kimi təhdidlərlə çox rastlaşıb və bu təhdidlərə baxmayaraq ölkə rəhbərliyi lazımi bildiyi anda müharibənin başlanması əmrini verəcəkdir. O zaman bu müharibənin qarşısını nə Rusiya, nə ABŞ, nə Avropa, nə də ki, digər beynəlxalq qurumlar durdura biləcək. Çünki, Azərbaycan 20 ildən artıq bir vaxtdır ki, bu məsələnin sülh yolu ilə tənzimlənməsi üçün lazımi addımları atıbdır. Əgər bu addımlara bu günə qədər də hər hansı bir müsbət addımla cavab verilməyibsə bu artıq ərazisi işğal olunmuş bir dövlətin günahı deyil və onun haqqı çatır ki, o öz torpaqlarını hərb yolu ilə işğaldan azad etsin. Doğrudur ki, bu zaman Azərbaycana qarşı artıq artmaqda olan təhdidlərin sayı daha çox olacaqdır. Fikrimcə məhz bu anda bizim diaspor qurumlarımızın fəallığı daha çox önəm kəsb etməyə başlayacaqdır.”
Söhrab İsmayıl