Zaur Qəriboğlu: “Təbliğati məsələlərin reallaşdırılmasında hər şeyi dövlətdən gözləməməliyik”
“KarabakhINFO.com” elektron jurnalının baş redaktoru Zaur Qəriboğlu Gürcüstanda səfərdə olub. Səfər çərçivəsində Gürcüstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzində görüş keçirilib, eləcə də “Qaradağlı Soyqırımı” kitabının təqdimatı və “Azərbaycan Həqiqətləri” adlı video-albomun təqdimatı olub. Digər tədbirlər barədə Z.Qəriboğlu özü məlumat verib.
– Fevralın 15-də Marneulidə Azərbaycanlıların Mədəniyyət Mərkəzində qurumun rəhbəri Fazil Həsənovla görüş keçirilib və Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyəti müzakirə olunub. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiyasiyası (AVCiYA) ilə qarşılıqlı layihələrin həyata keçirilməsi üçün ilkin razılıq əldə edilib. Sonra Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli “Qarapapaqlar”, “Meydan”, “Regionpress” nəşrlərinin baş redaktorları ilə görüş keçirildi və Gürcüstanda fəaliyyət göstərən mətbuat oqranlarının durumu barədə müzakirələr oldu. O cümlədən adını çəkdiyim qəzetlərlə “KarabakhİNFO.com” e-jurnalının qarşılıqlı əməkdaşlığı haqda razılıq əldə olundu.Elə həmin gün ziyalıların, gənclərin və KİV nümayəndələrinin iştirakı ilə “Qaradağlı Soyqırımı” kitabının təqdimatı və “Azərbaycan Həqiqətləri” adlı video-albomun da təqdimatı keçirildi.Təqdimat mərasimində Azərbaycan – Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun sədri Qənirə Paşayeva, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İdarə Şurasının sədri Ümid Mirzəyev, Gürcüstan parlamentinin deputatı Azər Suleymanov da iştirak edirdi.
Bu arada qeyd edim ki, Gürcüstanda ilk dəfə olaraq 2010-cu ildə Azərbaycanlı Gənclər İttifaqı yaradılıb və bu qurum Gürcüstanda çox əhəmiyyətli işlər həyata keçirir. Səfər zamanı İttifaqın sədri Leyla Məmmədova ilə də görüşümüz oldu. Çox güman ki, “KarabakhİNFO.com”e-jurnalı qeyd etdiyiniz qurumla da əməkdaşlıq edəcək. Görüşdə ümumilikdə AVCİYA-nın fəaliyyəti, o cümlədən “KarabakhİNFO.com”jurnalının əhəmiyyəti də müzakirə olundu. Razılığa gəlindi ki, AVCİYA və “Karabakhinfo.com” e-jurnalı ilə Gürcüstan Azərbaycanlı Gənclər İttifaqı arasında yalnız sözdə deyil, işdə əməkdaşlığa başlayaq. Müştərək layihələr həyata keçirməyi planlaşdırırıq və artıq ilkin razılıq əldə olunub. Düşünürəm ki, bu layihə nəinki Qafqazda, eləcə də dünyada rezonans yarada biləcək layihə olacaq. Məlumdur ki, AVCİYA-nın çap etdirdiyi kitablar, dərgilər dünyada bir çox dillərdə paylanır. Hazırda isə planlaşdırırıq ki, AVCIYA-nın “Azərbaycan həqiqətləri ” filmlər toplusundan heç olmasa bir filmi gürcü dilində tərcümə edib, Gürcüstan ictimaiyyətinə təqdim edək. Nəzərə alsaq ki, Gürcüstanda azərbaycanlılarla yanaşı ermənilər də yaşayır və onlar təbliğat işində çox fəaldılar bu addımın çox vacib olduğunu görmüş olarıq. Qeyd edim ki, ermənilərinGürcüstanda iki radiosu fəaliyyət göstərdiyi, televiziyada çıxış etmək imkanları olduğu halda, orada azərbaycan dilində qəzet və jurnal çıxarmaq çox çətindir. Odur ki, düşünürük qeyri-hökumət təşkilatı olaraq hər hansı təbliğati məsələnin reallaşdırılması üçün hər şeyi dövlətdən gözləməyək və özümüz müəyyən addımlar ataq. Yaxın zamanlarda bu yöndə müəyyən işlər görüləcək. Bu dəfəki səfərimizdə biz AVCİYA-nın nəşr etdirdiyi “Khojaly Genocide (in documents, facts and foreign press)”, “Khojaly Genocide: million signatures-one demand”, “Historical Facts vs.The Armenian myths”, Elxan Süleymanov və Vurğun Süleymanovun həmmüəllifi olduqları “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitablarını aparmışdıq və orada bu kitabları çox maraqla qarşıladılar, yenidən nəşrlərin göndərilməsini bizdən xahiş etdilər.
– Gürcüstanda Azərbaycan həqiqətləri barədə vəziyyət necədir? Yəni orada bu barədə məlumatlılıq hansı səviyyədədir?
– Çox aşağı səviyyədədir. Çünki təbliğati vəsaitlər azdır. Dövlət gücü çatan qədər vəsait göndərir və bu fakt Gürcüstanda da qeyd olundu, lakin bu kifayət etmir. Qeyd etməliyəm ki, oradakı azərbaycanllılar milli-mənəvi dəyərlərin qorunması baxımından çox aktivdirllər, azərbaycançılıq ideyalarının təbliğatı ilə təmənnasız olaraq məşğul olurlar. Bizdən tələb olunan yeganə istəkləri vəsaitlərdi. Biz də öz növbəmizdə çalışacağıq ki, bu sahədə soydaşlarımıza yardım edək.
Naibə Qurbanova
KarabakhİNFO.com