Tətil təəssüratı
Universitetdə oxuduğum illərdə II kursun yay tətilində (2010-cu ildə) istehsalat təcrübəsi keçmək üçün müxtəlif təşkilatlara göndərilən tələbə həmkarlarım kimi mən də eyni məqsədlə Bakı Biznes Tədris Mərkəzinə göndərildim. İstehsalat təcrübəsi vaxtından 2 həftə gec başladığı üçün təcrübə müddəti avqustun əvvəlinədək uzandı. Bu vaxtdan daha səmərəli istifadə etmək məqsədilə paytaxtla daha yaxından tanış olmaq istədim. Əlimdə olan imkandan bacardığım qədər yararlandım və diqqətimi çəkən məqamlarla rastlaşdım. “Vaxtı keçmiş yazıdır” deyə düşünə bilərsiniz. Bəlkə də haqlısınız. Lakin həmin məqamlarla yenə də demək olar ki, hər gün rastlaşdığım üçün sizin də diqqətinizi çəkəcəyini bilərək onları nəzərinizə çatdırmaq istəyirəm.
Yay fəslində və payızın əvvəlində insanlar istilərə tab gətirə bilmir və havaya uyğun paltarlar geyinirlər. Həmişə yolla gedərkən yanımdan ötən insanların, xüsusən də həmyaşıdlarımın bir çoxunun geyindikləri paltarların üzərindəki yazılara fikir verirəm. Əksəriyyəti Qərbdə meydana gələn və hər şeyə laqeyd olmağı , əxlaqsızlığı, pozğun həyat tərzini təlqin edən bir çox cərəyanların təzahür forması olan belə yazıları oxuyuram. Bunların içində ən çox rast gəldiklərimdən, eşitdiklərimdən yaddımda qalanların bir neçəsini sizə bildirirəm : “ Yes girlfriend, no problem”, “ No girlfriend, no problem” , “ Sex teacher. First lesson is free”, “ Love sexy girls”, “ Wanted a man”, “ Sweet girl” və s.
Ən acınacaqlısı isə odur ki, belə paltarları geyinənlərin böyük qismi bunu bilərəkdən edirlər və hərəkətlərindən, başqalarının diqqətini özlərinə cəlb etməkdən əxlaqsız insanlara xas olan zövqü alırlar.
Boş vaxtlarımda bulvara dənizin səsinə qulaq asmağa gedirəm. Gah dənizin üstünə salınmış yolda (dəqiq adını bilmədiyim üçün “yol” adlandırıram) gəzir, gah da bir kənara çəkilib dənizə baxıram. Yan-yörəmdə olan həmyaşıdlarıma – “gənc aşiqlərə” də diqqət yetirməyi unutmuram. Məhəbbətin nə olduğunu bilməyən, amma dəqiqəbaşı “ sevirəm” kəlməsini işlədən, onun mənəvi tərəflərindən daha çox fiziki tərəflərinə meyl edən, hər fürsətdə özlərini ehtiraslarının ağuşuna atmaq üçün bir künc axtaran, bunu edərkən qoca, cavan, uşaq, qadın saymayan belələrinə baxdıqca bir az aralıda- Dağüstü parkda uyuyan şəhidlərlə nümayəndəsi olduğum gəncliyimizin bu hissəsi arasında olan uçurumu görürəm. Uçurum getdikcə dərinləşir, daha təhlükəli bir vəziyyət alır. Yaşı 20-25-i ötməyən və əli yaşından çox oğlanın əlinə dəyən qızlarda gələcəkdə Azərbaycan üçün əsgər böyüdəcək ana simasını, nə də ki, o qızların əlini tutan oğlanlarda Qarabağ qazisi, şəhidi simasını görə bilirəm. Belələrini yalnız Hollandiyada öz istəklərilə alınıb-satılanlarla müqayisə edirəm.Dəfələrlə bəzi oğlanlarımızın erməni qızlarının havasına uçduğunu onların öz dillərindən eşitdiyimi və bir dostumun mənə bəzi « Azərbaycan “ qızları” nın çatda erməni “dığa” ları ilə yazışdığını»- dediyini xatırlayıram. “Görəsən həmin qızların valideynlərinin, bacı-qardaşlarının, yaxınlarının başına gözləri görə-görə ermənilər tərəfindən başqalarına
edildiyi kimi min bir oyun açılsaydı, bundan sonra onlar heç nə olmamış kimi minlərlə şəhidin qanı üstündən yenə eyni hərəkəti təkrarlaya bilərdilərmi?”; “Görəsən həmin qızlar fikirləşmirlər ki, müharibə gedən zaman əsir düşən yüzlərlə Azərbaycan qadınlarına təcavüz edən və adlarını, soyadlarını təcavüz edəndən sonra xatirə kimi onların bədənlərinə döydürən erməni zabitləri, əsgərləri onların yazışdığı kimsələrin əmisi, dayısı, qardaşı və ya atası ola bilər?”; ( Gördüyünüz rəsm Şuşada bir Azərbaycan əsgərinin şahidi olduğu hadisə əsasında çəkilib. Şəkildə ermənilərə əsir düşən azərbaycanlı qadın təsvir olunub. Rəsmin müəllifi rəssam Vaqif Ucataydır) “Görəsən erməni qızlarının havasına uçan oğlanlarımız düşünmürlər ki, əgər biz də onların etdiyi kimi etsək, onda bizim erməni ilə nə fərqimiz var?” – deyə özümə suallar verirəm. Elə bu an dalğaların üstündə Çingizlə Salatın peyda olur. Çingiz bir tərəfimdə, Salatın da bir tərəfimdə oturur. İkisi də ağlayır. Ağladıqca düşmən tərəfindən açılan, hələ də qaysaq bağlamayan yaralarından gələn qan şiddətlənir , axıb dənizə tökülür. Soruşuram Çingizdən, Salatından gəlişlərinin səbəbini. Heç nə demirlər, sualıma barmaqları ilə qarşımızda canlanan acı mənzərəni göstərməklə cavab verirlər. Bir az gözləyirlər, səbr edirlər “ bəlkə düzələr” deyə. Amma “bəlkə” lər onları yeyib bitirir. Axırda səbr kasaları dolur. İkisi də bağırır, qışqırır, millətinin gənclərinin göz görə-görə uçuruma düşməsini istəmirlər. Onlar uçurumun qarşısında sədd kimi qol-qola dayanıb gənclərə səslənirlər. “Oyan , oyan” deyirlər. “Bəsdir bu qədər unutqan olduğun, kimliyini unutduğun. Sən Braziliya, Meksika seriallarında təsvir edilən, paltar dəyişən kimi həftədə, ayda bir dəfə həyat yoldaşı dəyişən hansısa aktyor, aktrisa deyilsən. Sən “kalqotka” geyinən hansısa bir Avropa generalının yox, Cavad xanın, vətənin dar günündə ərinin qılıncına qurşanan, ərinə yas tutmaq yerinə xalqının düşməni alçaq Sisianova qılınc zərbəsi endirən Bəyim xanımın nəvəsisən ! Sənin neçə qız-gəlinin hələ düşmən əlindədir. Sən torpağının 20 %-i düşmən əlində olan, əhalisinin bir milyonu qaçqın vəziyyətinə düşən, minlərlə vətəndaşı əsir həyatı yaşayan Azərbaycanın oğlu, qızısan !”
Çingizlə, Salatın bunları dedikcə, onlardan axan qan şiddətlənməkdə davam edir, dənizin suyuna qarışır. Şəhidlərimizin qanı dənizə axdıqca dalğalar gözümdə getdikcə böyüyür, səmanı qara buludlar tamam örtür, məni bu dəhşətli mənzərədən vahimə bürüyür, bədənimin qorxudan titrədiyini hiss edirəm . Dalğalar gözümdə qarşısında nə varsa hamısını udmağa hazırlaşan bədheybətə çevrilir. Allahın əzabına düçar olan, Vezuvi vulkanın lavaları altında qalan Pompeya şəhəri, həmin dəhşətli hadisə baş verən zaman sözügedən vulkanın püskürməsini öyrənmək üçün ona həddindən artıq yaxınlaşan bədbəxt Plini yadıma düşür və oradan tez uzaqlaşıram.
Söhrab İsmayılov