Əslən Neftçaladan olan Eluca Atalı ( Hüseynova Mədinə İxtiyar qızı ) hazırda İsveçdəki milli diasporumuzun ən fəal üzvlərindən biridir. Azərbaycanın heç bir təşkilat, partiya, cəmiyyətinin üzvi deyil, amma Azərbaycan yolunda kim təmmənnasız, mütərəqqi iş görürsə, ona yardım etməyi özünün milli borcu hesab edir. Eluca xanım İsveç Qızıl Aypara Cəmiyyətində ideoloq kimi fəaliyyət göstərir. Bundan əlavə İsveç məktəbində müəllim işləyir və ədəbi-bədii yaradıcılıqla məşğul olur.
-Azərbaycan həqiqətlərinin təbliği üçün İsveçin rəsmi nümayəndələri ilə görüşlər keçirirsinizmi?
-Öz adımdan danışanda deməliyəm ki, mənim ən çox təbliğat sahəm Qızıl Ayparada olur. Burada Azərbaycan həqiqətlərindən lazımı qədər danışmışam və dekabrın 12-də AzərTac Xəbər Agentliyinin əməkdaşları ilə birgə Stokholmda Azərbaycanı tanıtım tədbiri keçirtdik. Bu haqda mətbuat orqanları da müxtəlif dillərdə məlumat yaydı. Amma, ümumiyyətlə, İsveçdəki Azərbaycan Konqresi, Azərbaycan İsveç Federasiyası daha çox parlamet nümayəndələri, rəsmi dövlət orqanları ilə görüşüb Azərbaycan həqiqətlərini yayırlar. Bildiyim qədər onların dəfələrlə belə bir görüşü olub.
-İsveç hökuməti bu gün Daglıq Qarabağ məsələsində hansı mövqədən çıxış edir?
-İsveç hökümətinin Dağlıq Qarabağla bağlı hələ ki heç bir mövqeyi kütləvi informasiya orqanlarından yayımlanmayıb. Təəssüf ki, bu belədir. İsveç telekanalları nə yazıqlar ki, bir dəfə olsa da, Qarabağ, Xocalı haqda heç nə dilə gətirməyiblər. Bu vaxta qədər keçirtdiyimiz aksiyalara İsveçin bütün telekanallarından, dövlət qəzetlərindən jurnalistləri dəvət edib, aksiya haqda məlumat versək də, vaxtımız yoxdu deyib, gəlməkdən imtina ediblər. Qarabağ məsələsinə onlarda olan ikili münasibət təkcə ermənilərin 100 ildir apardıqları “erməni soyqırımı” deyil, həm də Qərbdə olan türkə hələ də birmənalı şəkildə “vəhşi” kimi yanaşmalarıdır. Avropa türk qılıncının zəhmini görüb, unuda bilmir. Sözdə erməni soyqırımı bu gün Qərb ölkələrinə türkü əymək və onu gözü kölgəli saxlamaq üçün lazımdır. Bu səbəbdən də İsveç hakim dairələrinin üzdə olmayan siyasətlərində gizli şəkildə bu xətt gedir.
-Bütün İsveçdə yaşayan azərbaycanlıları birləşdirmək baxımından hansı addımlar atırsınız?
-“Birlik” qədər sevdiyim söz yoxdu, bu söz bütövlük, sədaqət, inam, fikir, hal və əməl həmahəngliyindən xəbər verir. Çox təəssüf doğurucu haldı ki, bilərəkdən, məqsədli şəkildə xaricdə olan təşkilatların demək olar hamısının klonu yaradıblar. Sayıb qan qaraltmaq istəmirəm. Amma indi ki, dərdləşirik, gərək problemimizi deyib, birgə çıxış yolu axtaraq. Həm də, axı, söhbət birlikdən gedir. Belə bir fikir yaradıblar ki, Güneyin dərdi güneylilər üçün, quzeyin dərdi quzeylilər üçün. Murdarcasına bunu təbliğ ediblər, iyrənc haldı, amma bu hal olduğu üçün deməliyik. Nəticədə, təşkilatlar arasında əməl birliyi yaranmır, çünki hal birliyi yoxdur. Birliyin yaranmasından ötəri maariflənmə işi gedir, təbliğat edirik. Bizim bir Azərbaycanımız var, ikiyə bölünmüş, iki Azərbaycanımız yoxdur. İkiləşən təşkilatların qarşısında şəxsən mən bir azərbaycanlı ziyalısı kimi fikrimi irəli sürürəm. Bir hadisə deyəcəm: 20 Yanvar ərəfəsində təşkilat rəhbərlərimizdən biri mənə yazdı ki, 20 Yanvarı qeyd etmək məqsədi ilə tədbir keçirək. Bildirdim ki,biz bu günü ayrı-ayrılıqda qeyd etməməliyik. 20 yanvarda qələbə çalmağımız xalqın birlikdə rus tankına qarşı durması oldu. Əslində 20 yanvar bizim üçün təkcə qara gün deyil, həm də müstəqilliyə, azadlığa gedən yolumuzu tam müəyyənləşdirən bir gündür bu gün. Əgər hamımız Azərbaycan yolunda iş görürüksə, məqsədimiz dövlətçiliyimizi qorumaqdırsa, demək, yolumuz bir olmalıdır. Bunun üçün mənim ətrafımda olanlar hər hansı bir tədbir təşkil edəndə onu heç bir təşkilat adından yox, sadəcə İsveçdə yaşayan azərbaycanlılar adından işçi qrupu yaradıb, təşkilati işlərimizi həyata keçiririk. İşçi qrupunun vəzifələrini əvvəlcədən kütləvi informasiya orqanlarında yayıb, qapılarımızın hamı üçün açıq olduğunu elan edirik. Əlbəttə, bunun üçün ilk növbədə ürəyinin qapısını gərək kilidləməyəsən.
Misal üçün, 23 fevralda Stokholmda İsveç parlamentinin qarşısında keçirdiyimiz Xocalı aksiyasını, konkret olaraq deməliyəm. Stokholmda yaşayan soydaşlarımızın fərd olaraq orda fəaliyyət göstərməsi yaxşı nəticə verdi. Keçən il 15 martda Stokholmda Azərbaycan mədəniyyət gecəsini də bu prinsiplə keçirtdik, Stokholmda yaşayan azərbaycanlılar adından.
Azərbaycan sevgisi ilə mənfəətpərəstlik bir araya gələndə Kentavr yaranır. Belə olanda nəticə də əməl də istənilən bəhrəni vermir.
-İsveçdəki milli dərnəklərimiz arasında vahid koordinasiya əlaqələri varmı, yoxsa hər biri ayrı-ayrılıqda fəaliyyət göstərməyə üstünlük verirlər?
-Bəzi tədbirlərdə bir neçə dərnək birgə işləyə bilir. Əslində İsveçdəki federasiyanın məqsəd-məramı dərnəkləri birləşdirməkdir, yəni, onun quruluşu bunu tələb edir. Müstəqil fəaliyyət göstərən dərnəklərimiz də var, misal üçün “Durna dərnəyi”. Siyasi məsələlərə qoşulmur. Məramı ana dilini yaşatmaq, təbliğ etmək, mədəni fəaliyyət göstərməkdir.
-Azərbaycan diasporu yaşadıqları ölkələrin siyasi-ictimai mərkəzlərinə təsir imkanları olsun deyə hansı tədbirlər görülməlidir?
-Birinci növbədə diaspor nümayəndələri yaşadığı ölkəyə inteqrasiya olunmalı, onun ictimai həyatında fəal olmalı, həmin ölkənin dövlət dilində Azərbaycan həqiqətlərindən bəhs edən və ədəbiyaytımızın dəyərli nümunələri, eyni zamanda müasir ədəbiyaytımızı tərcume edib, nəşrinə, təbliğinə nail olmaq lazımdır. Bu, xüsusi proqram əsasında nizamlı olmalıdır. Onda bizi bir millət kimi ciddi qəbul edərlər. Biz hələ ki, buna nail olmamışıq. İsveçdə elə diaspor nümayəndələri var ki, 20 ildir burda yaşayırlar, amma hələ də isveç dilin bilmirlər. Lakin Azərbaycan telekanallarında teleulduz kimi parlayıb, “Azərbaycan həqiqətlərini isveçlilərə çatdırıram” deyir. Soruşmaq lazımdır,sən isveçlilərə hansı dildə çatdırmısan bunu? Belələrinə baxanda xəcalət çəkirəm. Bəzi diaspor təşkilatları Azərbaycan adından alver edirlər. Bu biyabırçılığa son qoymaq lazımdır.
Digər tərəfdən, başqa millətlər kimi, bizimkilər də yaşadıqları ölkənin siyasi partiyalarına daxil olmağa səy edib, orda nüfuz qazanaraq Azərbaycan üçün iş görməlidirlər. Ermənilərin nailiyyəti bu səbəbdən davamlıdır.
Xaricdə təhsil alan tələbələri bir araya gətirib, onların vasitəsi ilə vətənimizn hərtərəfli təbliğatı getməlidi. Gənclər həm enerjili olurlar, həm də onların problemləri işləyən, ailə sahib olanlardan daha azdır. Yəni, onlar yaşlı nəsil kimi bir o qədər də məişətləşməyiblər.
-Eluca xanım, biz sizi həm də yazıçı, publisisit kimi tanıyrıq. Mümkünsə bədi yaradıcılığınız haqda məlumat verərdiniz.
-Son aylar əsasən əsərlərimin müxtəlif dillərə tərcümə olunması ilə bağlı bir neçə tərcüməçi ilə birgə işləməli olmuşam. Budan savayı yaxın zamanda “Bir udum azadlıq” bədii və “Kərküklülər – təklənmiş türklər” əsasən siyasi məqalələrimdən ibarət kitablarımı oxucu ixtiyarına verəcəm. Hal-hazırda “Ağ gəmi kapitanı” uşaq macəra romanını bitirmək üzrəyəm. Bu dəqiqə isə “Ay mənimlə yatmadı” uşaq hekayəmi isveç dilinə tərcümə edirəm. Qarşıda isə İsveç və Finlandıyada ədəbi görüşlərim gözlənilir.
Fuad Hüseynzadə
KarabakhİNFO.com